- Müşahidə məntəqəsi
- 20:55
- 807
“Su itkiləri 50 faizə çatır” – Sadiq Həsənov
"Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik ölkələrdən biridir. Ümumi Cənubi Qafqaz üzrə su ehtiyatlarının payına baxdıqda, təxminən 62% Gürcüstan, 23–28% Ermənistan, yalnız 10–15% isə Azərbaycan ərazisində cəmləşib. Ölkəmizin həm yerüstü, həm də yeraltı su ehtiyatları məhduddur. Ümumi hesablamalara görə, su ehtiyatlarımız təxminən 26–36 milyard kubmetr səviyyəsindədir. Son illərdə tikilmiş bəzi su anbarları vasitəsilə bu suların dövriyyəsini müəyyən qədər saxlamaq mümkündür. Məsələn, yalnız Mingəçevir su anbarı ~15,73 milyard kubmetr, Şəmkir su anbarı ~2,68 milyard kubmetr su tutumu ilə diqqət çəkir. Bu ehtiyatlardan düzgün istifadə etməklə, xüsusən yay aylarında əkinçilik üçün su təminatı mümkündür".
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, hazırda ölkənin su anbarlarında təxminən 16–17 milyard kubmetr su ehtiyatı var. Ölkədə illik su istehlakı isə 11–12 milyard kubmetr səviyyəsindədir.
Ekoloq bildirib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının məhdudluğu müasir texnoloji tədbirlərin tətbiqini zəruri edir.
"Bu tədbirlərdən biri müasir suvarma sistemlərinin tətbiqidir. Hazırda ölkədə suvarma əsasən köhnə torpaq kanalları vasitəsilə həyata keçirilir və bu zaman su itkiləri çox yüksəkdir. Su Ehtiyatları Agentliyinin məlumatına görə, itkilər 50%-ə çatır; yəni, su torpaq tərəfindən udulur və heç bir fayda vermir. Bu isə həm bataqlıq və digər ekoloji problemlərə, həm də içməli su təminatında əhəmiyyətli çətinliklərə səbəb olur. Su nəqli zamanı itkilər 37–38% səviyyəsindədir. Bu vəziyyət, iqlim dəyişmələrinin kəskinləşməsi, yay aylarının isti keçməsi, buxarlanmanın artması, yağışların qısa müddətli və intensiv olması, eləcə də tufan və daşqınların artması fonunda su ehtiyatlarının daha qənaətlə istifadəsini zəruri edir. Əks halda, yaxın dörd-beş il ərzində ciddi fəsadlar müşahidə oluna bilər. Texnoloji tədbirlərin digər yolu istifadə olunmuş suyun emalı və yenidən istifadəsidir. Məsələn, maşın yuma yerlərində və ya yaşıllaşdırma layihələrində bu suyun təkrar istifadəsi müəyyən qədər qənaət təmin edə bilər. Eyni zamanda, suyun nəqli üçün müasir kommunikasiyaların tətbiqi və əhalinin qənaət tədbirlərinə cəlb olunması gələcəkdə su ehtiyatlarımızın stabil istifadəsini təmin edə bilər. Azərbaycanın su ehtiyatları ərəb ölkələri ilə müqayisədə tamamilə məhdud olmasa da, kifayət qədər azdır və ona görə də diqqətli və qənaətli istifadəyə ehtiyac vardır".
Rəfiqə Namazəliyeva,
AzNews.az