“Tərbiyə adı ilə zorakılıq hələ də kütləvi davranış modelidir” – Sona Əliyeva

"Milli Məclisdə qəbul edilən yeni dəyişiklik, dediyiniz kimi, uşağa qarşı cismani cəza və psixoloji zorakılığa görə cərimənin tətbiqi özlüyündə çox mühüm addımdır. Bu qərar ilk dəfə olaraq cəmiyyətə açıq mesaj verir: “tərbiyə adı ilə zorakılıq” qəbul edilmir. Amma dərindən düşündükdə belə bir sual ortaya çıxır: biz problemi həll edirikmi? Xeyr, biz sadəcə nəticəni cəzalandırırıq. Etiraf edək ki, Azərbaycanda uşağa qarşı zorakılıq tək-tük hadisə deyil, demək olar ki, kütləvi davranış modelidir. Yəni valideynlərin əhəmiyyətli hissəsi fiziki cəzanı hələ də tərbiyə vasitəsi kimi qəbul edir. Eyni yanaşma müəyyən hallarda məktəb mühitində də müşahidə olunur, açıq formada olmasa da, psixoloji təzyiq, alçaltma və damğalama şəklində bu hallar mütəmadi baş verir. Yeni qanunun müsbət tərəfi ondadır ki, dövlət artıq bu davranışları hüquqi müstəviyə çıxarır və psixoloji zorakılığı da rəsmi şəkildə tanıyır. Bu, həm daxili siyasət, həm də beynəlxalq öhdəliklər baxımından vacib addımdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.

Qeyd edək ki, Milli Məclisin son qərarına əsasən, uşaqlara qarşı tərbiyə adı ilə fiziki və ya psixoloji təzyiq göstərən şəxslər inzibati qaydada cəzalandırılacaq. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 525-1-ci maddə valideynləri, eləcə də uşaqlarla işləyən müxtəlif sahələrin əməkdaşlarını əhatə edir və bu kimi hallara görə 200 manat cərimə nəzərdə tutur. Əgər bu əməllər cinayət tərkibi yaratmırsa, məsuliyyət məhz bu maddə üzrə tətbiq ediləcək. Yeni qərar cəmiyyətdə geniş rezonans doğurub və illərdir mövcud olan, ciddi nəticələrə səbəb olan bir problemin rəsmi şəkildə gündəmə çıxarıldığını göstərir.

S. Əliyeva qeyd edib ki, məsələnin görünən tərəfi budur, lakin görünməyən tərəfi ondan ibarətdir ki, bu problemlərin həlli istiqamətində hələ real irəliləyiş yoxdur.

"Birincisi, 200 manatlıq cərimə daha çox simvolik xarakter daşıyır. Bu məbləğin davranışı dəyişdirəcək qədər təsirli olub-olmayacağı bəlli deyil. İkincisi, tətbiq mexanizmi qeyri-müəyyəndir: kim müəyyən edəcək ki, bu zorakılıqdır, kim müdaxilə edəcək, şikayət mexanizmi necə işləyəcək? Bu sualların cavabı aydın deyilsə, deməli, qanun kağız üzərində qalmaq riski daşıyır. Üçüncüsü və ən vacibi — cəmiyyət buna hazırdırmı? Valideynlərin əhəmiyyətli hissəsi hələ də uşağa fiziki təsiri tərbiyə haqqı kimi görür. Bu düşüncə dəyişmədən heç bir cəza real nəticə verməyəcək. Məsələ ondadır ki, bizim cəmiyyətimizdə zorakılıq çox vaxt qəsdən edilmir. Valideyn də, müəllim də alternativ davranış modellərini bilmir. Stress, sosial təzyiq və yüksək nəticə gözləntiləri bu davranışları daha da gücləndirir. Ona görə də həll yolu təkcə cəza ola bilməz. Valideynlər üçün real və praktik maarifləndirmə proqramları hazırlanmalıdır. Müəllim hazırlığında davranış idarəetməsi və uşaq psixologiyası əsas komponentə çevrilməlidir. Məktəblərdə psixoloqların rolu formallıqdan çıxarılıb real müdaxilə səviyyəsinə qaldırılmalıdır. Uşağın emosional təhlükəsizliyi təhsil siyasətinin mərkəzinə gətirilməlidir. Bu qanun gündəmə gətirilən problemi həll etmir, amma onu etiraf edir. Əgər bu etiraf sistemli dəyişikliklərlə davam etməzsə, nəticə dəyişməyəcək, sadəcə zorakılıq azalmaq əvəzinə gizlənəcək. Əgər biz uşaqları müxtəlif zorakılıq formalarından həqiqətən qorumaq istəyiriksə, bunu yalnız cərimələrlə deyil, yeni təhsil və yeni mədəni davranış yanaşması ilə həyata keçirməliyik. Dövlət bu istiqamətdə ilk addımı atıb. İndi isə növbə sistemin və cəmiyyətin dəyişməsindədir".

Rəfiqə Namazəliyeva,

AzNews.az