Bu layihə böyük bir coğrafiyada təhlükəsizliyin artmasına töhfə verəcək

Layihədə iştirak edən dövlətlər regionda sabitliyin güclənməsi üçün səylərini artıracaq.

2015-ci ildə Azərbaycan və Çin dövlətləri arasında “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılmışdı. Ölkəmizin bu layihədə iştirak etməsi üçün potensial imkanlar mövcuddur.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Xəzər hövzəsində yükdaşıma imkanlarımızın artması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında üçüncü fazanın işə düşməsi Azərbaycanın Qərb-Şərq ticarət dəhlizi yaratmasına imkan verir.

A.Hüseynov əlavə edib ki, Azərbaycan Şərqlə Qərb arasındakı yükdaşımanı həyata keçirməsi üçün coğrafi baxımdan mühüm ölkədir. Layihənin birinci hissəsində Azərbaycan 15 milyon, sonrakı mərhələdə 25 milyon ton yükdaşıma potensialına malikdir.

Deputatın sözlərinə görə, bu layihə iqtisadi baxımdan gəlir gətirməklə yanaşı, böyük bir coğrafiyada təhlükəsizliyin də artmasına töhfə verəcək. "Bir kəmər, bir yol" layihəsinin reallaşması Çinin, eləcə də dünyanın nüfuzlu şirkətlərinin investisiyalarının cəlb olunmasına yol açacaq. Layihədə iştirak edən dövlətlər regionda sabitliyin güclənməsi üçün səylərini artıracaq. (Azərtac)