Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğ ayrılıb və bu işlər davam etdiriləcəkdir Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğ ayrılıb və bu işlər davam etdiriləcəkdir

Böyük Qayıdışla bağlı yeni qanunun qəbul edilməsinə hazırıq - Mahir Abbaszadə

Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğ ayrılıb və bu işlər davam etdiriləcəkdir

Milli Məclisin Laçın rayonundan deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə “Həftə içi”nə müsahibəsində işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış proqramı, həmin proqramın həyata keçirilməsi qarşısındakı çətinliklər, parlamentdə bu istiqamətdə görülmüş və gözlənilən işlər, konkret olaraq Laçın rayonuna qayıdışla bağlı problemlərdən və s. bəhs edib.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Mahir müəllim, müzəffər Vətən savaşından sonrakı ilk görüşümüzdə öncə sizi torpaqlarımızın, o cümlədən doğma Laçın rayonunuz və Güləbird kəndinizin də işğaldan azad olunması münasibətilə təbrik edirik...

-Çox sağ olun. Mən də siz qələm sahibləri də daxil olmaqla bütün Azərbaycan xalqını cənab Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun 30 illik torpaq, Qarabağ həsrətinə son qoyulması münasibətilə təbrik edirəm.

- Doğma kəndinizi ziyarət etmək qismətiniz olubmu?

- Qeyd etdiyiniz kimi, Laçın rayonu və mənim doğulub boya-başa çatdığım Güləbird kəndi də işğaldan azad olunub. Onu da xatırladım ki, Güləbird kəndi Laçın rayonunun bir neçə digər kəndləri ilə bərabər məlum 10 Noyabr razılaşmasından öncə şanlı ordumuz tərəfindən azad edilib. Və o gün möhtərəm cənab Prezident, Ali Baş Komandan öz “tvitter” səhifəsində həmin kəndlərin azad olunmasını elan edib...

Hələlik, təəssüflər olsun ki, bizə öz doğma kəndimizi ziyarət etmək nəsib olmayıb. Mövcud durumla bağlı hərbçilər və bir neçə digər dövlət qurumu əməkdaşları istisna olmaqla mülki şəxslərlə bərabər rəsmi, vəzifəli şəxslərin də işğaldan azad olunmuş torpaqlara getməsinə icazə verilmir. Bu da həmin ərazilərin minalardan tam təmizlənməməsi və s. məsələlərlə bağlı olduğundan kifayət qədər anlaşılandır. Hesab edirəm ki, inşallah, yaxın vaxtlarda bu məsələlər öz müsbət həllini tapacaq və bizlər də digər Qarabağ, Laçın sakinləri kimi öz doğma yurdlarımıza qayıda biləcəyik...

- Ali Baş Komandanın da son çıxışlarında, xüsusən ilin yekunlarıyla bağlı 6 yanvar müşavirəsində barəsində çağırışlar etdiyi Böyük Qayıdış proqramının həyata keçirilməsinə başlanması haqda hansı məlumatlarınız var?

- Bildiyiniz kimi, erməni vandalları 30 ilə yaxın müddətdə işğal etdikləri bütün bölgələrdə mənfi mənada nəyi bacarıblarsa, həyata keçiriblər. Yəni bütün yaşayış məntəqələri, şəhərlər, kəndlər viranəliyə çevrilib. Bütün ən zəruri infrastruktur, sosial və mədəni obyektlər, kommunikasiya, yollar tamamilə yerlə-yeksan edilib. Bir sözlə, normal insan yaşayışı üçün zəruri olan hər bir şey məhv olunub. Bütün bunlara rəğmən Vətən müharibəsindəki Zəfərimizdən sonra cənab Prezidentin rəhbərliyi altında xalqımızın tarixi əbədi-əzəli torpaqlarına qayıdaraq orada xoşbəxt bir həyata qovuşması məqsədilə bir neçə komissiyalar yaradılıb və fəaliyyət göstərir. Və belə bir xüsusi bir komissiya işğal nəticəsində Ermənistan tərəfindən bütün sahələr üzrə Azərbaycana vurulmuş ziyanın hesablanmasıyla məşğuldur. Müharibədən sonrakı dönəmdə işğalçı və məğlub tərəf olaraq Ermənistan rəsmən on illərlə torpaqlarını işğala məruz qoyduğu Azərbaycan dövlətinə vurduğu zərərlər müqabilində külli miqdarda təzminat ödəməlidir. Bununla bağlı məhkəmə proseslərində Azərbaycan tərəfi konkret rəqəmlər təqdim etməlidir. Minalanmış sahələr istisna olmaqla, işğaldan azad edilmiş əksər ərazilərimizdə bu istiqamətdə ilkin hesablamalar aparılıbdır. Bu, görüləcək işlərin birinci mərhələsinə aid məsələdir. İkinci mərhələdə digər əsas məsələ bəhs edilən ərazilərdə kommunikasiyaların, yolların bərpa olunmasıdır. Cənab Prezidentin rəhbərliyi altında Türkiyə və İtaliya şirkətləri ilə müvafiq müqavilələr bağlanıb. Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğ ayrılıb və bu işlər davam etdiriləcəkdir. Üçüncü mərhələdə işğaldan azad ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin tikilməsi və eyni zamanda ilkin biznes sahələrinin qurulması, dördüncü mərhələdə isə bütövlükdə həmin regionun Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çevrilməsi vəzifəsi dayanır. Yəni dövlətimiz artıq birinci mərhələni başa çatdırmaq ərəfəsindədir, ikinci mərhələyə isə start verilib...

Onu da diqqətə çatdırım ki, işğaldan azad ərazilərin bərpası üçün dövlət büdcəsində indiyədək görünməmiş bir xərc maddəsi yer alıb. Yəni bu məqsədlə Prezidentin tapşırığıyla ilkin olaraq 2,2 mlrd. manat vəsait ayrılıb...

- Böyük Qayıdışın həyata keçirilməsində əsas çətinliklər hansılardır?

- Birincisi, öncə qeyd etdiyimiz kimi, sözügedən ərazilər işğalçı ermənilər tərəfindən tamamilə darmadağın edilib. Ikincisi, ərazilərin əksər hissələri minalanıb. Müharibə qanunlarına görə, məğlub tərəfin minalanmış sahələrin xəritələrini təqdim etməli olmasına rəğmən, təəssüf ki, Ermənistan həmin xəritələri bu günədək təqdim etməyib. Azərbaycan tərəfi artıq öz gücü və qonşu ölkələrin: Türkiyə və Rusiyanın köməyi ilə minaların təmizlənməsi prosesini başladıb. Düzdür, bir sıra digər işlərə başlansa da, minalanma məsələsi insanların öz doğma yurdlarına qayıtması işini ləngidən əsas problemdir. Burada ilk növbədə insan həyatından söhbət gedir.

Məlum olduğu kimi, 10 Noyabr razılaşmasından bəri işğaldan azad ərazilərimizdə dəfələrlə həm hərbi, həm də mülki vətəndaşlarımızın həlak olmasıyla nəticələnmiş mina partlayışları baş verib. Odur ki, minalı sahələrin təmizlənməsi vacib bir problemdir. Hesab edirəm ki, digər çətinliklər zaman-zaman öz həllini tapacaq. Azərbaycan dövlətinin gücü sayəsində biz tezliklə insanlarımızın Qarabağ torpaqlarınə əsl mənada qayıdışını təmin edə biləcəyik...

- Milli Məclisdə Böyük Qayıdışla bağlı hansısa bir qanununun hazırlanması və qəbulu gözlənilirmi?

- Bildiyiniz kimi, parlamentdə dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deputatların Böyük Qayıdış proqramı üçün ayrılan vəsaitin dəstəklənməsi və bundan sonra da eyni məqsədlə vəsaitlərin ayrılması haqda yetəri qədər təklifləri oldu. Onu da qeyd edim ki, digər rayon deputatları məhz Böyük Qayıdışı nəzərə alaraq öz rayonlarının problemlərini o qədər də ciddi şəkildə qaldırmadılar. Biz deputatlar gələcəkdə işğaldan azad ərazilərin bərpasıyla bağlı istənilən qanun dəyişikliyi və ya yeni qanunun qəbul edilməsinə hazırıq. İstər həmin sahədə fəaliyyət göstərən iş adamlarına vergi güzəştləri, istərsə də onlara güzəştli kreditlərin verilməsi, istərsə də Qarabağ torpaqlarına köçəcək insanların həyat tərzi, onların məşğulluğuyla bağlı hansısa bir qanun layihəsinin qaninverici bazasının dəyişdirilməsi zərurəti ortaya çıxarsa, təbii ki, Milli Məclis bu istiqamətdə öz müsbət mövqeyini bildirəcək...

- Keçmiş məcburi köçkün olan seçicilərinizin konkret olaraq Laçın rayonuna qayıdışıyla bağlı hansı işlərə başlanılıb?

- Bilirsiniz ki, Laçın rayonu bir neçə kənd istsna olmaqla 10 Noyabr razılaşmasına əsasən işğaldan döyüşsüz azad edilmiş bölgələr sırasına daxildir. Laçın şəhərinin özündə də Rusiya sülhməramlıları fəaliyyət göstərir. Razılaşmaya əsasən 3 il müddətində Laçın rayon mərkəzindən keçən yola alternativ olaraq Xankəndi ilə Ermənistanı birləşdirəcək yeni bir yol çəkilməlidir ki, bundan sonra sülhməramlılar konkret olaraq həmin yola nəzarət edəcəklər. Nəticədə Azərbaycan vətəndaşlarının bilavasitə Laçın şəhərinə də qayıdışı təmin olunacaq. Buna rəğmən Böyük Qayıdış proqramında nəzərdə tutulmuş bütün məsələlər işğaldan azad olunmuş digər bölgələr kimi bütövlükdə Laçın rayonuna da şamil edilir. Buraya təbii ki, Laçın rayon mərkəzinin baş planının, kəndlərin planlarının hazırlanması, ardınca rayonun müfəssəl planının hazırlanması və daha sonra quruculuq işlərinin başlanması da daxildir...

- Hazırda Laçın rayonunun icra strukturlarının əməkdaşları müvafiq işlərlə bağlı rayon ərazisinə daxil ola bilirmi?

- Məndə olan məlumata görə, yalnız Laçın rayonu deyil, işğaldan azad digər rayonların da ərazilərinə yerli polis, DTX, prokurorluq, FHN qurumları istisna olmaqla, digər qurumların əməkdaşlarının daxil olmasına icazə verilmir. Bu da onunla bağlıdır ki, məsələn, icra strukturlarının işini qurması üçün bu ərazilərdə heş bir şərait yoxdur. Əksər şəhər və kəndlərdə, demək olar ki, bütün zəruri infrastruktur ermənilər tərəfindən dağıdılıb. Yalnız bərpa işləri artıq başlamış bölgələrdə bir neçə digər qurum əməkdaşları da fəaliyyət göstərir. Bütün bunlara rəğmən rayon rəhbərlikləri və icra strukturlarının bəhs edilən ərazilərdə işə başlaması üçün yaxın vaxtlarda müvafiq addımlar atılacaq...

Qarabağ torpaqlarına qayıdacaq keçmiş məcburi köçkünlər üçün hansı güzəşt və imtiyazların nəzərdə tutulması, onların indiyədək olan güzəşt və imtiyazlarının doğma yurdlarında da saxlanılıb-saxlanılmayacağı və s. barədə parlament üzvü Mahir Abbaszadənin fikir və rəyləri ilə növbəti saylarımızda tanış ola bilərsiniz.