BİR SƏFƏRDƏ İKİ TARİXİ HADİSƏ - ALİ BAŞ KOMANDANLA EYNİ GÜNDƏ QARABAĞIN İNCİSİNƏ DOĞRU... BİR SƏFƏRDƏ İKİ TARİXİ HADİSƏ - ALİ BAŞ KOMANDANLA EYNİ GÜNDƏ QARABAĞIN İNCİSİNƏ DOĞRU...

Ay qız, bu nə qaş-göz, bu nə tel?! - Qarabağ üzüyünün qaşını - Şuşanı qaytardıq!

BİR SƏFƏRDƏ İKİ TARİXİ HADİSƏ - ALİ BAŞ KOMANDANLA EYNİ GÜNDƏ QARABAĞIN İNCİSİNƏ DOĞRU...

Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, ədəbiyyatının, memarlığının sütunu Şuşa... Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, uca dağları, yaşıl çəmənləri, bir sözlə, məftunedici təbiətə malik olan Şuşa... İlahi bir əsər – Şuşa... Artıq ev sahibini qarşılamağa hazır olan Şuşa!

... Bir səfərdə iki tarixi hadisə - Ali Baş Komandan Cənab İlham Əliyevlə eyni gündə Qarabağın incisinə doğru...

... Füzuli-Şuşa yolu... Füzulinin Alıxanlı, Qaraxanbəyli, Merdinli, Mirzəcamallı, Şuşanın Tuğ, Böyük Tağlar, Çanaqçı, Daşaltı kəndlərindən keçərək, mədəniyyət şahına tərəf...

... Qarış-qarış sildırımlı qayalara yaxınlaşdıqca buz kimi havanı ciyərlərimizə çəkməkdən doymurduq.

Hər kənddən, hər obadan keçdikcə avomobildən düşüb, erməni işğalından azad edilmiş torpaqlarımıza ayaq basırdıq. Evləri gəzib, əsgərlərin sanki xatirə dəftəri tək divarlara həkk etdikləri ürək sözlərini oxuyurduq: “Dayı, qanın yerdə qalmadı!”, “Orxan, əziz dostum, balaca balalarını göz bəbəyimiz kimi qoruyacağıq!”, “Təbriz, şəhid dostum, rahat uyu, qisasın alındı, “Şahin, polis”, "Polis Sahman, Şuşa" “Biz burda idik – Sumqayıt uşaqları”, “Yardımlıya salamlar!”, “Beyləqandan gəlmişdim”, “Zəhra”, “Aynur, səni sevirəm”, “Məni gözlə, mütləq qayıdacağam...”, "Şuşaya doğru!"...

FİLM KİMİ...

44 günlük müharibəni canlı yaşayırmış kimi izləyirdik uçuq-sökük, bozlu-qaralı kəndlərimizi... Bununla belə, göy üzündəki səma o qədər aydın, o qədər təmiz idi ki! Sanki bizləri gözləyirmiş kimi gülümsəyirdi...

Biz isə şəhidlərimizin qanını tapdalayacağımızdan ehtiyat edirdik. Ayağımızı torpağa basdıqca həyəcan daha da artır, sevinc göz yaşları kədərə qarışırdı. Çox qəribə bir duyğu baş qaldırmışdı içimizdə...

Şuşaya qalxan burulma yollardan keçdikcə o döyüşü gözlərimiz önündə canlandırırdıq. Qalanı düşməndən geri almaq nə böyük şücaət tələb edirmiş, İlahi! Qəhrəmanlarımız bu ağır işin öhdəsindən necə gəliblərmiş?! Heyrət içində idik! Həqiqi qəhrəmanlıq! Həqiqi igidlik! Alqışlanılası idi!!! Hər irəlilədikcə arxadan gələn komanda yoldaşlarına qırmızı lentlə xüsusi bir işarət vermələrini öyrəndikdə isə, bədəndən ruhumuz qopurdu... Hər saniyənin öz hökmü olub! Hər hökmün öz nəticəsi. Dərhal, ani şəkildə. Düşmənin baş qaldırmasına, göz qırpmasına imkan verilməyib! Sinələrini sipər edib əsgərlərimiz. Ölümü gözə alıblar. Biliblər ki, bu yolda geri dönməmək də var. Əzizlərinin gözü yoldadır, geridə doğmaları qalıb. Amma bununla belə, yenə də irəli, irəli və yalnız irəli! Bax, belə alınıb Qarabağ!

BİR MİLLƏT, İKİ DÖVLƏT!

Ən möhtəşəmi - iki türk qardaşın bayraqlarının eyni yerdə yanaşı olması, eyni anda dalğalanması idi!

Bundan əlavə, qardaş ölkələrin rəhbərlərinin fotoları hər işğaldan alınan torpaqlarda qoşa asılmışdı. Bu, bir millət, iki dövlətin - Azərbaycan-Türkiyə qardaşlıq rəmzinin bariz nümunəsi idi. Yaxınlıqda olan düşmənlərə göz dağı, mənəvi ölüm idi!

Necə deyərlər, xoşluqla yad ərazilərdən çıxmayan işğalçının haqq etdiyi sonluq - zorla qovulmaq idi! İlham Əliyev demişkən, işğalçının başını dəmir yumruqla əzdik!

ŞUŞA XATİRƏLƏRİM...

... Uşaqlıqdan yay tətilimizi bibimgildə - Şuşadakı “Cəfər Cabbarlı küçəsi”ndə keçirmişdim. Dərslər bağlanan kimi valideynlərim məni bibimgilə - Şuşaya aparardılar. Avqustun sonunda isə gəlib götürərdilər. Heç ayrılmaq istəmirdim Şuşadan. Yolboyu maşınımızın arxa şuşəsindən yollara baxa-baxa qalırdım...

O vaxtlar özümə söz vermişdim ki, gec-tez bu şəhərin bir sakini olacağam – özümə burada bir ev tikəcəyəm və heç kim məni buradan qopara bilməyəcək (özü də gözüm qonşuluqdakı erməni Rimanın həyətində qalmışdı, elə gəşəng mənzərəsi var idi ki! Hasardan birbaşa Cıdır düzü görünürdü!)...

Bu, mənim ən böyük arzum olsa da, mənfur üzdəniraqlar istəyimi darmadağın etdilər. 1992-ci il 8 may tarixindən etibarən Şuşaya həsrət qaldıq. Xarıbülbülü, ətirli otları yalnız xatirələrimizdə canlandırmaqla kifayətləndik... Və mən sonuncu dəfə maşının arxa pəncərəsindən baxa-baxa qayıtdım Bakıya. Yolboyu böyüklərdən eşitdiyim - “bitdi, hər şey bununla da bitdi”, “bu, bizim Şuşaya sonuncu gəlişimiz oldu”, “Şuşa əldən getdi”, “Çətin bir də qayıdaq...” kimi sözlər xəncər olub sinəmə saplanırdı...

28 İLDƏN SONRA GERİ DÖNÜŞ...

Amma sən demə, hər şeyin sonu olduğu kimi bir başlanğıcı da olurmuş...

Heç nə bitmədi! Əksinə, hər şey indi başlayır! “Allah qoysa, Şuşa azad edilən gün...” Bax, o gün bu gündür!

Şuşa məscidini, kilsəni ziyarət etdikdən sonra Cıdır düzünü gəzdik. Bir ara ələ düşmüş fürsətdən yararlanmağı düşündüm... Görüntülü zənglə bibimlə əlaqə saxladım. Və... Həmin onların evini gedib tapdım! O an hansı hissləri keçirdiyimi sözlə ifadə etmək qeyri-mümkündür. Mən nələr yaşadım! O dünyaya gedib gəlmədim, cənnətə getdim!

Evə daxil olduqda isə balacalaşdım... Uşaqlarla bağda oynadığımız səsli-küylü oyunları gördüm, iri gövdəli qoz ağacını gördüm, mənim üçün ayrılmış xüsusi otağı gördüm... Yanaqlarımdan süzülən o fəxr hissli yaşları silib, pəncərədən ətrafa boylanmaqla xatirələrimə döndüm, yaşadım o ömrü yenidən. Həqiqətən də geridə qalan ömrümü yaşadım!

Bir növ ömrüm uzandı. Buna əminəm. Qəlbimdəki sınmış tellər bir andaca bərpa olundu. Həyatımın qalan hissəsini də bax beləcə, darmadağın olmuş evdə, qapı-pəncərəsiz otaqda, susuz, təbii qazsız, şəraitsiz bir məkanda keçirməyə hazır idim... Bibimin bu evində iki Azərbaycan əsgəri qalırdı. Onların yorğun simalarına, yuxusuz qalmış gözlərinə baxdım-baxdım, deyəcəklərim tikan kimi ilişib hulqumumda qaldı. “Allah sizi qorusun, qəhrəmanlarımız!” – deyib evdən çıxdım. Amma bu dəfə yenidən və tez bir zamanda qayıtmaq şərtilə...

ŞUŞA İNDİ AZADDIR!

... Qarabağımızın bir çox əraziləri kimi, Şuşanın da işğal gününü təqvimdən sildik. Artıq “Şuşanın dağları”nı zümzümə etməyəcəyik, hayqırtı ilə oxuyacağıq. Və Şuşa mahnılarla yad ediləsi, xatirələrlə ovunulası bir şəhər deyil artıq. Cıdır düzündə at çapıb Şuşanın dağlarında tonqal qalamaq vaxtı yetişdi! Buna görə də şəhidlərimizin ruhuna hörmətlə yanaşıb, qəlblərdə qəhrəmanlarımıza daimi yer ayırmalıyıq. Vətən Müharibəsində iştirak edən qazilərimizin zəhmətini yerə vurmamalıyıq. Bu tarixi anları övladlarımıza, gələcəyimizə aşılamalıyıq! Şəhidlərimizin qanı hesabına, qəhrəmanlarımızın qüvvəsinin və Sərkərdəmizin uzaqgörən siyasəti sayəsində geri aldığımız Qarabağımızın nazlı pərisi Şuşanı daha da işıqlandırmalıyıq!

"Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

İlham ƏLİYEV

Hazırladı: KÖNÜL AYPARA

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description