"Peyvəndin bizi qoruyub-qorumayacağı sual altındadır" "Peyvəndin bizi qoruyub-qorumayacağı sual altındadır"

"Bu, ölü peyvənddir" - Həkim vaksindən danışıb

"Peyvəndin bizi qoruyub-qorumayacağı sual altındadır"

Dünyada COVID-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi olub.

Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 "quş qripi" virusu, H1N1 "donuz qripi" və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır. Ölkə ərazisində də artıq 3 gündür ki, peyvəndlənmə başlayıb.

Cebhe.info koronavirusa qarşı peyvənd olunan tanınmış həkim-pediatr Aytən İsmayılzadə ilə həmsöhbət olub. AzNews.az həmin müsahibəni təqdim edir:

- Peyvəndlə bağlı ölkəmizdə fikirlər birmənalı deyil, sizcə, niyə insanların peyvəndə etibarı yoxdur?

- Mən də peyvənd olundum. Peyvəndlə bağlı fikirlər nəinki ölkəmizdə, hətta dünyada da birmənalı deyil. Bu da təbii qarşılana bilər, çünki insanların fikirləri müxtəlifdir. Amma məhz koronavirus infeksiyasına qarşı olan peyvəndlə bağlı fikirlərin müxtəlif olması ondan irəli gəlir ki, bu xəstəliyin özü heç özünü birmənalı şəkildə göstərmədi. Koronavirusla bağlı müxtəlif çaşqınlıq yaradan məqamlar olurdu deyə, insanlar arasında bu virusun peyvəndində də hər hansı bir süni müdaxilələrin və s. olmağı kimi fikirlər yaranıb. Lakin əlbəttə ki, bunlar doğru deyil. Virusdan qorunmağın ən yaxşı yolu peyvənddir. Peyvənd də o zaman effektiv olur ki, o virusa, törədiciyə qarşı immunitet anticism yarada bilsin. Təəssüflər olsun ki, koronavirus infeksiyasına qarşı orqanizmdə davamlı immunitet yaranmır. Peyvəndin də bizi qoruyub-qorumayacağı sual altındadır. Sadəcə, biz bu təcrübənin baş tutması, reallaşması üçün içtirakçılardan biri olmağa məcburuq. Çünki hazırda biz bu təcrübədə iştirak etməsək, baş tutmaz və nəticələr yarımçıq, naməlum olar. Lakin peyvənd olunduqdan sonra nəticə yaxşı olmayacaqsa, yəni xəstəliyə yenidən yoluxa biləcəyiksə, bu, peyvəndin effektivsizliyini göstərəcək. Lakin peyvənd 90%-dən yuxarı effektiv olarsa, insanlar virusa yoluxsa da, yüngül keçirər, ağırlaşmaz, yaxud da heç yoluxmaz.

- Peyvənd vurdurduqdan sonra hər hansı bir narahatlıq hiss edirsizmi?

- Peyvəndin bizə heç bir əks-təsiri olmayacaq. Ola bilər ki, allergik reaksiya göstərə bilər. Bu, ölü peyvənddir, canlı peyvəndlər daha çox hərarət və s. kimi əlavə təsirlərə malik olur. Bizim ölkəmizdə istifadə olunan “Sinovac” şirkətinin "CoronaVac" peyvəndi isə ölü peyvənddir. 0.5 milli dozada vuruldu. Adi şprislə birdəfəlik doza olaraq hər kəsə bir flokon ayrıldı. Mənə də bu qayda ilə peyvənd vuruldu.

- Necə düşünürsüz, peyvəndlənmə yoluxma zəncirini qıra biləcəkmi?

- Peyvənd effektiv olarsa, yoluxma zəncirini qıra biləcək. Yox, əgər effektsiz olarsa, qıra bilməyəcək və təkrar virusun mutasiyaya uğramış versiyası ilə, yeni dalğalarla qarşı-qarşıya qalacağıq.

- Peyvənd vurduran ilk tibb işçilərindən birisiniz, insanlara nə məsləhət görürsüz?

- İnsanlara məsləhətim budur ki, peyvənddən qorxmaq lazım deyil. Peyvənd vurdurmaq lazımdır, xəstəliyi keçirdikdən sonra belə ona qarşı daimi immunitet yaranmır. Peyvəndin az sayda olduğunu nəzərə alaraq, heç olmasa kimlər siyahıdadırsa, onlar bu fürsətdən yararlansınlar. Ola bilər ki, peyvəndin qoruyuculuğu olsun. Tam dəqiq deyə bilmirik ki, nəticə necə olacaq, amma ola bilər ki, peyvəndin qoruyuculuğu olsun. Peyvəndi vurdurmağın heç bir əks-təsiri yoxdur. Əks-təsir peyvəndin bəzi komponentlərinə qarşı ola bilər. Lakin uşaq yaşlarında vaxtı-vaxtında peyvənd olunan insanlar bu peyvəndi də normal keçirəcəklər. Çünki elə peyvəndlərin istehsal texnologiyası eynidir. Antigenlərin üzərinə hopturulub saxlanılırsa, peyvənddə olan maddələr eynidir, dəyişdirilmir. Ona görə də peyvəndin hər hansı bir yan təsirinin görülmə riski demək olar ki, yox dərəcəsindədir.

Semra Ələkbərli
Cebhe.info