"Prezident İlham Əliyev məmurlara son xəbərdarlığını etdi"

Hər zaman şahidik ki, ciddi şəkildə iradlar bildirən Prezident təmizləmə prosesini aparır, məmurlar cəzalandırılır

"Ali Baş komandan İlham Əliyev xalqa müraciətlərində xüsusi olaraq bu il Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında bərpa ili olacağını qeyd edib"

Bunu AzNews.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, bütün məmurlar Prezidentin atdığı addımlardan ciddi şəkildə nəticə çıxartmalıdırlar: "Cənab Prezident İlham Əliyevin bu günə qədər dəfələrlə məmurlara yönəlik çıxışları olub və iki gün əvvəl Sumqayıt səfəri zamanı bir daha məmurlara xəbərdarlıq etdi. Prezident məmurların törətdikləri nöqsanları qabardaraq onlara bütün bunlardan nəticə çıxarmağı, baş vermiş qüsurların qısa müddət ərzində aradan qaldırmağı və təmizlik işlərinin aparmasını tövsiyyə etdi. Hər zaman şahidik ki, ciddi şəkildə iradlar bildirən Prezident təmizləmə prosesini aparır, məmurlar cəzalandırılır, işdən çıxarılır, cinayət işi açılır və yaxud da həbsə alınırlar. Bütün bunlar üçün də çox ciddi əsaslar olur. Buna səbəb həm özlərinin fəaliyyətlərindəki nöqsanlar, həm də külli miqdarda korrupsiya hallarının baş verməsi faktları olur. Hər kəs bütün bunların şahidi olur".

N.Orduxanlı deyib ki, bəzi məmurlar öz fəaliyyətlərində dönüş etməlidirlər: "Bu gün bütün məmurlar Prezidentin atdığı addımlardan ciddi şəkildə nəticə çıxarmalıdırlar. Əks halda sələflərinin aqibəti ilə qarşılaşacaqlar. Prezdent bəyan etdi ki, heç bir məmur özünü toxunulmaz hiss etməsin və xalqın xidmətçisi olsunlar. Özlərini xüsusi bir imtiyazlı kimi görməsinlər. Düşünürəm ki, Ali Baş Komandan bəzi məmurlara xəbərdalıq etdi və onlar öz fəaliyyətlərində dönüş etməlidirlər. Əks halda daha sərt addımların atılacağının şahidi olacaqlar".

Politoloqun sözlərinə görə, Ali Baş komandan İlham Əliyev xalqa müraciətlərində xüsusi olaraq bu il Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında bərpa ili olacağını qeyd edib. Məlumdur ki, 30 il ərzində bu ərazilərdə erməni vandalları, işğalçıları daşı daş üstündə qoymayıb. İlkin olaraq, bu ərazilərdə Prezidentin fərmanı ilə Minatəmizləmə Agentliyi yaradıldı. Məqsəd həmin ərazilərin qısa müddətdə bərpa olunmasıdır. Kommunikasiya xətlərinin çəkilməsi, enerji təchizatı, yol infrastrukturunun, evlərin bərpası və nəhayət 1 milyondan artıq qaçqının öz ata-baba yurduna qaytarılması bu prosesin davamıdır”.

BAXCP sədrinin Niyaməddin Orduxanlı onu da qeyd edib ki, bütün bu proseslər cənab Prezidentin apardığı siyasətin tərkib hissəsidir: “İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında imzaladığı fərman da məhz bu amala xidmət edir. Məqsəd qısa müddət ərzində bütün dünyaya Qarabağın bərpa olunmasını göstərməkdir."

Daha sonra o, Prezidentin həm dövlət büdcəsindən ayırdığı vəsait ilə, həm də beynəlxalq təşkilatların Qarabağın bərpasına cəlb olunması istiqamətində gördüyü işlərdən də danışıb: "Azərbaycan bütün dünyaya ermənilərin vandalizmi haqqında videomateriallar təqdim edir. İlham Əliyev bu prosesi həm xaricdə, həm də daxildə yüksək səviyyədə aparır. O, hətta özünün ad gününü belə sərhəddə, Azərbaycan əsgəri ilə bir yerdə qeyd etdi. Prezidentlə paralel olaraq, ölkənin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın da bu işlərin həyata keçirilməsində böyük əziyyəti var. Hər iki şəxs öz fəaliyyətini Azərbaycanın işğaldan azad olunmuş ərazilərini bərpası istiqamətində qurub. Əlavə olaraq, qeyd edim ki, Prezident həm dövlət büdcəsindən, həm də beynəlxalq təşkilatların Qarabağın bərpasında bu ərazilərə cəlb olunması istiqamətində böyük işlər görüb. Artıq bir çox beynəlxalq şrikətlərlə müqavilələr imzalanıb. Buna misal olaraq İtaliyanın enerji şirkəti ilə imzalanan sənədin adını çəkə bilərik. Bu istiqamətdə görülən bütün işlər Qarabağı bərpa edib, öz ata-baba yurdundan didərgin düşmüş insanları yenidən yurdlarına qayıtmağı təmin edəcək”.