"Bu vəsaitin artırılması vəkillər üçün stimul olar" - Anar Bağırov

İstənilən halda Vəkillər Kollegiyası üçün əsas məsələ göstərilən hüquqi yardımın yüksək keyfiyyətli, peşəkar olmasıdır

"Hesab edirəm ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması məqsədəmüvafiqdir, iqtisadi duruma uyğundur və bu addım vəkillik üçün stimul olardı".

AzNews.az bildirir ki, bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, mövcud iqtisadi vəziyyətin nəzərə alınaraq, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılmasını təklif edib.

Sədr son illərdə vəkillik sahəsində aparılan islahatlar nəticəsində ciddi uğurlar əldə edildiyini və bunun dövlət hesabına göstərilən hüquqi yardım istiqamətində də özünü göstərdiyini vurğulayıb.

"Məlum olduğu kimi, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq, mərkəzləşdirilmiş uçot və düzgün proqnozlaşdırmanı təmin etmək məqsədilə 2020-ci ildən etibarən dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsait vəkillərə birbaşa Vəkillər Kollegiyası tərəfindən ödənilir. Bununla bağlı Kollegiyada çox işlək bir mexanizm yaratmışıq. Eyni zamanda bizim Hüquqi Yardım və Tədris Mərkəzində maliyyə şöbəsi bu məsələlərlə məşğuldur. Orada bütün qərarlar vaxtında icra olunur. Hesab edirik ki, bununla da illər boyu vəkillərin bu sahədə olan narazılıqlar aradan qaldırılıb. Yəni bəzi xoşagəlməz hallar, bürokratik əngəllər, süründürməçilik və qeyri-qanuni hərəkətlərə son qoyulub. Vəkillər də bu istiqamətdə görülən işləri dəstəkləyirlər. Hesab edirəm ki, vəkil gördüyü işə görə ödənilməli olan vəsaiti başqa qurumdan deyil, üzvü olduğu Vəkillər Kollegiyasından almalıdır".

A. Bağırov xatırladıb ki, ötən illər ərzində dövlət hesabına göstərilən hüquqi yardıma nə qədər vəsait xərcləndiyi, hansı bürolar və neçə qərar üzrə həyata keçirilməsi barədə məlumatlar ümumiləşdirilməmişdi.

"2020-ci il üçün isə artıq bütün məlumatlar möcuddur, bu isə şəffaflığın daha bir önəmli göstəricisidir. Hazırda bu məlumatların təhlili aparılır, bu il bu prosesin daha da şəffaflaşdırılması, təyinatın ədalətli aparılması üçün ciddi tədbirlər görüləcək. İlkin təhlillərimiz onu deməyə əsas verir ki, bəzi dövlət qurumlarından vəkil bürolarına seçkili qaydada təyinat qərarları göndərilir. Bu təcrübəni səhv sayırıq və onu dəyişmək əzmindəyik. Təyinat zamanı ayrı-seçkilik və sui-istifadə halları, subyektiv yanaşma qətiyyən yolverilməzdir. Həmçinin elektron təyinat proqram təminatı üzərində də iş gedir.

Təyinat əsasında göstərilən hüquqi yardımla bağlı məlumat toplamaq çox çətin idi. Amma biz Prezidentin Fərmanına uyğun olaraq apardığımız uçot işləri sayəsində bununla bağlı proqnozu da verə bilmişik. Qeyd edim ki, bu işin əməliyyat xərcləri də kollegiya tərəfindən ödənilir. Yəni, bütün bu işləri aparan əməkdaşların əməkhaqqını, xərcini kollegiya öz vəsaiti hesabına ödəyir, dövlət bu vəsaiti bizə ödəmir. Halbuki bu, çox böyük bir işdir. Beləliklə, əməliyyat xərclərinə qənaət edilib, xeyli vəsait istifadə olunmayıb və dövlət büdcəsində qalıb. Hesab edirəm ki, bu, çox ciddi bir uğurdur. Bu, şəffaflığın, düzgün uçotun aparılmasının, eyni zamanda maliyyə nizam-intizamının yaxşı bir nümunəsidir", - deyə o bildirib.

Kollegiya sədri ötən illərlə müqayisədə dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğində ciddi artım olduğunu diqqətə çatdırıb: "Bilirsiniz ki, "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında Cinayət Prosesual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatına görə 6 manat məbləğində müəyyən olunub. Uzun illər ərzində isə bu məbləğ daha az olub. 2018-ci ilin may ayınadək 2 manata yaxın idi. "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq, bu məbləğin artırılması üzrə də Nazirlər Kabinetinə göstəriş verildi. Beləliklə, 2018-ci ilin may ayından bu məbləğ 3 dəfə artırıldı və 6 manat təşkil etdi. Təbii ki, bu, bizim üçün çox böyük bir uğur idi. Və bəzi qonşu ölkələrlə müqayisədə bizdə bu məbləğ yüksək idi".

A.Bağırov dəyişən iqtisadi vəziyyətə uyğun olaraq, bu məbləğin yenidən artırılmasının vacibliyini bildirib. Onun fikrincə, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin artırılması bütün vəkillərin ürəyincə olar və onlara əlavə stimul verər.

"2018-ci illə müqayisədə ölkəmizdə minimum orta aylıq əməkhaqqı artırılıb. Həmçinin dövlət qulluqçularının da vəzifə maaşlarının artırılması üçün müəyyən dəyişiklik edilib. Lakin iqtisadiyyat daim dəyişir, xərclər artır. Bu müddət ərzində baş verən bəzi qiymət dəyişiklikləri vəkillərin də xərclərinə təsir göstərib. Həm də məhkəmə işlərinin mürəkkəbliyi, vəkillərin sərf etdiyi vaxtı və xərcləri (nəqliyyat, rabitə, kargüzarlıq və s.) da nəzərə alsaq, bu artımın olması yerinə düşər. Məlum olduğu kimi, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində da cinayət işləri üzrə aztəminatlı şəxslərə hüquqi yardımın pulsuz göstərilməsi nəzərə alınıb və Avropa Məhkəməsinin bəzi qərarlarında bu cür hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin iqtisadi baxımdan ağlabatan olmasının vacibliyi qeyd olunub. Yəni, vəsaitin məbləği müəyyən olunan zaman iqtisadi reallıq nəzərə alınmalıdır. Mən ölkəmizdə bu vəsaitin 50 faiz artıla biləcəyini düşünürəm. Fikrimcə, bu məqsədəuyğundur və ağlabatandır", - deyə o əlavə edib.

A.Bağırov sonda qeyd edib ki, istənilən halda Vəkillər Kollegiyası üçün əsas məsələ göstərilən hüquqi yardımın yüksək keyfiyyətli, peşəkar olmasıdır.