Tarixçi Bəhrama fotofaktlarla cavab verdi - FOTOLAR

Mən həmin ziyalılara dərin təşəkkür edirəm!

Əməkdar artist Bəhram Bağırzadənin İrəvan xanlığı haqqında etdiyi paylaşım izləyicilər, xüsusən də, tarixçilər arasında birmənalı qarşılanmayıb.

Modern.az xəbər verir ki, B.Bağırzadə sosial şəbəkədə bunları qeyd edib:

"Hörmətli akademiklər, professorlar, alimlər!

Sizə sualım var - AMEA-da İrəvan xanlığının tarixi ilə məşğul olan mütəxəssislər varmı? Əgər İrəvan xanlığını azərbaycanlılar yaradıbsa (buna isə heç kimin şübhəsi yoxdur) və azərbaycanlılar bu ərazidə torpaq becərmiş, şəhərlər, məscidlər, saraylar, mədrəsələr, karvansaraylar, hamamlar, bazarlar, ilk dram teatrı və s. yaratmışlarsa, bəs nə üçün hələ də bu mövzuda fundamental və elmi-tədris işlər yoxdur? Nə üçün indiyədək İrəvan xanlığına həsr olunmuş heç bir sənədli və ya bədii film çəkməmişik? Niyə bizim ölkə vətəndaşları bilmir ki, AMEA-dan kimlərsə məqalə yazıb, müdafiə olunduqdan sonra elmi dərəcə alıb? Bəlkə buna vaxtımız, həvəsimiz yoxdursa, bu əsərləri xarici alimlərə sifariş verək? Üstəlik, dünyada bu mövzuda tarixi sənədlərin və fotomaterialların saxlanıldığı bir çox arxivlər var!

Biz İrəvan şəhərinə iddia etmirik, xüsusən də ona görə ki, bu şəhər başqa ölkənin paytaxtıdır, sadəcə olaraq tarixi ədaləti bərpa etməli, İrəvan xanlığını kimin, necə və nə vaxt yaratdığını vətəndaşlarımıza və bütün dünyaya çatdırmalıyıq! Sonra isə elmi əsərlər əsasında ilk növbədə övladlarımıza, yeni nəslə lazım olan, öz tarixini bilməli kitabları nəşr etmək lazımdır!"

Tarixçi Nazim Xəlilov isə Əməkdar artistin bu paylaşımına belə reaksiya verib:



"Ziyalılarımız, o cümlədən tarixçilərimiz Əməkdar artist Bəhram Bağırzadənin İrəvan xanlığı ilə bağlı paylaşımına operativ reaksiya verib. Mən həmin ziyalılara dərin təşəkkür edirəm!

Bəhram müəllimə isə fotomateriallarla xatırlatma edəcəyəm. İndiyədək İrəvan xanlığının tarixi ilə bağlı çoxsaylı əsərlər, o cümlədən “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı (həmmüəllif və naşir: akademik Yaqub Mahmudov) çap olunub. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı 9 dildə ‐ Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində işıq üzü görüb. Bu kitab 2010‐cu ildə “Humay” milli mükafatına, 2012‐ci ildə isə Dövlət Mükafatına layiq görülüb.

Son illərdə isə 5 dildə - Azərbaycan, türk, ingilis, rus və fransız dillərində “İrəvan: gizlədilmiş həqiqətlər” sənədli filmi (baş məsləhətçi: akademik Yaqub Mahmudov) ictimaiyyətə təqdim olunub. Bu filmə baxmaq istəyənlər “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yutub kanalına müraciət edə bilərlər.

Yazımı bu sözlərlə bitirmək istəyirəm: Bəhram müəllimdən xahiş edirəm ki, Modern.az İnformasiya Agentliyinə təqdim etdiyim fotomateriallara, o cümlədən Prezident İlham Əliyevin sərəncamına xüsusi diqqət yetirsin".

image description image description image description