- Göz önü
- 28 Mart 12:51
- 6 985
"Dolların kursundan və polyak qızlarından danışırdılar" - Səfir futbolçularımızı tənqid etdi

“Deməli, milli komandamız dünən İsveçə 0:5 hesabı ilə uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Futbol üzrə Azərbaycan milli komandasının İsveç yığmasına 0:5 hesablı məğlubiyyətini qınayan yazısında qeyd edib.
Səfir hətta millimizin Polşa yığmasına 0:8 hesablı məğlubiyyətini də yada salıb.
"Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq.
VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.
Dördüncü qol vurulanda isə:
- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.
Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 0:8 hesabı ilə uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi:
- Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox... - dedi.
Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...
Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”.