Adil Qeybulla: "İnsanlar fiziki aktivliyə diqqət yetirmirlər"

Son zamanlar insanlar halsızlıq, hərarət qalxması problemindən şikayət edirlər. Bu azyaşlılarla birlikdə böyüklərdə də müşahidə olunur.

Mövzu ilə bağlı AzNews.az-a danışan həkim Adil Qeybulla bildirib ki, fəsil dəyişməsində insanlarda müəyyən yorğunluq, halsızlıq, bəzi xəstəliklərin kəskinləşməsi, xüsusilə də mədə-bağırsaq, qastrit, allergik, nevroloji statusun ortaya çıxması problemləri yaşanır. Bu təbii haldır .

A.Qeybulla vurğulayıb ki, bu, orqanizmdə maddələr mübadiləsinin tezləşməsi, bəzi funksiyaların sürətlənməsi, hormonal aktivliyin artması ilə bağlıdır: “Bununla yanaşı son zamanlar müşahidə olunan tendensiyalardan biri də epidemiya formasında insanlarda D vitaminin çatışmazlığıdır. Buna diqqət etmək lazımdır. Çalışmalıyıq ki, hər meyvəni öz mövsümündə yeyək. Qida təhlükəsizlikləri ilə bağlı müəyyən problemlər var. Bəzi süni yetişdirilən qidalara da bazarlarda rast gəlinir. Mümkün qədər bu qidalardan uzaq durmaq lazımdır. Digər tərəfdən də fiziki aktivliyi artırmaq lazımdır”.

Həkim sonda xəstəliklərin qarşısını almaq üçün insanların fiziki aktivliyə diqqət etmələrini vurğulayıb: “İnsanlar tənbəllik problemi olduğuna görə fiziki aktivliyə diqqət yetirmirlər. Az qida qəbul edib, daha çox hərəkət etmək məqsədəuyğundur”.

Ayan Rzayeva