Vaxtilə yoldan keçəni gətirib məktəb və bağçalarda dərsə cəlb ediblər - EKSPERT

Elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında iştirak edib.

"Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsi ilə bağlı problem varsa, orada uşaqların da bilik səviyyəsi aşağıdır", - deyə nazir konfransda bildirib.

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bu məsələdə nazirlə eyni fikirdə olduğunu vurğulayıb.

"Biz bu barədə bir neçə il öncə də həyəcan təbili çalırdıq ki, məktəbəqədər təhsil pilləsinin ibtidai təhsil pilləsini mütləq inkişaf etdirməliyik. Çünki uşaqların ilkin təməl bilikləri məhz bu təhsil pilləsində qoyulur. Nəzərə alsaq ki, ümumiyyətlə, ibtidai təhsil pilləsi ən strateji təhsil pilləsidir. Burda bizim yetişdirdiyimiz şagirdlər nə qədər şəxsiyyət yönümlü yetişərlərsə, biz bir o qədər növbəti təhsil pillələrində tədris prosesi ilə bağlı çətinliklə üzləşməyəcəyik".

Ekspert hazırda bağçalarda bu sahənin təhsilini almayan şəxslərin dərs tədris etdiyini vurğulayıb.

"Təəssüflər olsun ki, vaxtilə yoldan keçəni belə tutub gətirib məktəb bağçalarda dərsə cəlb ediblər. Müvafiq ixtisası olan müəllim gəlib bağça müəlliməsi olaraq çalışır. Kimsə Filologiyanı bitirib gəlib bağça müəlliməsi kimi işləyib. Kimisi də Fizikanı bitirib, amma bu gün ibtidai sinif müəllimi kimi dərs tədris edir. Əvvəlki dövrlərin ən bərbad problemi məhz bundan ibarətdir. Ümumiyyətlə, saxta diplomu olanlar da var. Hazırda 607 100 nəfər şəxs var ki, onların diplomu tanınmır. Yəni həmin şəxslərin oxuduğu universitet mövcud deyil, əlində diplom yoxdur, araşdırıb tapmaq da olmur. Yəni belə olduğu halda, əlbəttə ki, biz təhsilin ən strateji pillələrindən başlamalıyıq ki, burada konkret olaraq müvafiq ixtisas sahiblərini və peşəkar ixtisas sahiblərini prosesə cəlb edək. Belə etsək, təhsilin növbəti pillələrində çətinliklə üzləşmərik. Məktəbəqədər təhsil pilləsi bura qədər icra hakimiyyətlərinin tabeliyində idi. Dövlət başçısının sərəncamı əsasında bağçalar 2021-ci ildən Elm və Təhsil Nazirliyinin ixtiyarına verildi. Elm və Təhsil Nazirliyi bu istiqamətdə də işlər görür. Bu istiqamət inkişaf etdirildikdən sonra bura qəbul olunan bağça müdirləri, müəllimlər müvafiq qanunvericiliyin tələbinə uyğun yalnız məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə istər orta ixtisas təhsil müəssisəsini və yaxud ali təhsil müəssisəsini bitirmiş şəxslər olmalıdır".

E. Əfəndi digər şəxslərin sıradan çıxarılmalı olduğunu vurğulayıb.

"Onların əmək müqaviləsinə xitam verilməlidir. Yalnız bu istiqamətdə təhsil alan şəxslər prosesə cəlb olunmalıdır. Onlarda müvafiq müsabiqə əsasında kim daha çox bacarıqlı biridirsə, həmin şəxslər bu istiqamətdə yerləşdirilməlidir. Təbii ki, sertifikasiyanın keçirilməsi vacibdir. Burada biz daha çox bilikli şəxsləri prosesə cəlb edirik. Onlar müvafiq olaraq uğurlu nəticə əldə edirlərsə, bizim övladlarımıza da keyfiyyətli təhsil verir".

Ayan Rzayeva