Ov silahı necə bağışlanır? - HÜQUQİ ŞƏRH

Sual: Ov silahı necə bağışlanır?

Hüquqi Şərh:

Azərbaycan Respublikasında mülki silahın, o cümlədən ov silahının bağışlanması və vərəsəlik yolu ilə əldə edilməsi “Xidməti və mülki silah haqqında” Qanunun 14-cü maddəsində tənzimlənir.

Əgər vətəndaş qanuni yolla mülkiyyətində olan bir ov silahını başqa bir şəxsə bağışlamaq istəyirsə, əvvəlcə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını bu barədə xəbərdar etməlidir. Bağışlanacaq şəxsin mülki silahı əldə etmək üçün xüsusi icazəsi olmalıdır. Əgər həmin şəxs xüsusi icazəyə malik deyilsə, ona silahın bağışlanması mümkün deyil.

Vərəsəlik hallarında, miras almış şəxsin mülki silahı saxlamaq üçün icazəsi yoxdursa, o, üç ay ərzində bu icazəni almaq məcburiyyətindədir. Əgər vərəsə silahı saxlamaq üçün xüsusi icazəni almaq istəmirsə və ya ona bu icazə verilməzsə, bir ay ərzində həmin silahı bağışlamalı, satmalı və ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir.

Bu qaydalar mülkiyyət hüququ olan vətəndaşların mülki silahları qanunvericiliyə uyğun şəkildə ötürməsini və təhlükəsiz istifadəsini təmin etmək məqsədi daşıyır.

Zaman Səmədov, hüquqşünas

Hüquqi şərh Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarının fəaliyyətinə ictimai nəzarət” layihəsi çərçivəsində hazırlanıb.