- Üçüncü sektor
- 9 İyul 2025 09:59
- 2 131
Qazax-Türk ədəbiyyatında Anuar Əlimcanovun nəsr yaradıcılığı
XX əsrin 60-cı illərindən başlayaraq qazax ədəbiyyatının böyük uğurlar qazanmasında iki sənətkarın adı daim ön planda çəkilmişdir. Maraqlıdır ki, onların hər ikisi təpədən dırnağa qədər qazax türkü olub, əsərlərini rus dilində qələmə alan Anuar Əlimcanov və Oljas Süleymenovdur. XX əsrin 60-cı illərinin əvvəllərindən Anuar Əlimcanov ədəbiyyata nasir və publisist kimi qədəm qoymuşdursa, Oljas Süleymenov şair, tədqiqatçı və publisist kimi şöhrət tapmışdır. Onlardan hər birinin yaradıcılığı haqqında qalaq-qalaq kitablar, tədqiqat işləri yazılmışdır. Əgər Oljas Süleymenov Yuri Qaqarinin kosmosa uçuşu ilə əlaqədar informasiyanı bütün dünyaya car çəkib Azərbaycanda da geniş tanınmışdırsa, Anuar Əlimcanov nəinki Qazaxıstan, Orta Asiya, Asiya və Afrika qitələrində, Amerikada yaxşı məlum olsa da, A.Əlimcanovun nə adı, nə də yaradıcılığı ilə bağlı Azərbaycan oxucusuna və ədəbi ictimaiyyətə heç nə məlum olmamışdır. Bununla belə, Anuar Əlimcanovun həyatı, publisistikası, jurnalistlik fəaliyyəti ilə mahiyyəti üzrə tanış olduqda görürük ki, bəlkə də dünyanın elə bir ölkəsi olmamışdır ki, Anuarın o yerlərə ayaqları dəyməsin.
Anuar Əlimcanov elə bir yazıçı idi ki, onun yol qeydlərində, bloknotunda və fotoalbomunda dərin və maraqlı fikirlərini, rəngarəng müşahidə materiallarını əks etdirən çoxsaylı nümunələr yer almışdır. Elə buradaca qeyd edək ki, onun belə çeşidli, mürəkkəb tipli operativ material və faktlar toplayıb bir yazıçı və oçerkçi kimi dəyərli nümunələri seçib, müqayisəyə cəlb edib, sintezetmə sənətinə yiyələnməsində V.V.Mayakovskinin “Mənim Amerikanı kəşfim” oçerklər kitabının, ustad oçerkçi Mixail Koltsovun, İlya Erenburq və Yuxan Smuulun.., A.S.Puşkinin “Ərzuruma səyahət” və M.Qorkinin “Sovet İttifaqına səyahət” kimi əsərlərin təsiri qeyd edilməlidir.
A.Əlimcanovun əsərlərinin məzmununa nəzər saldıqda aydın görmək olur ki, ö, özündən əvvəlki sənətkarlardan öyrəndikcə yalnız şəyird kimi qalmamış, ustadlarına müraciət edib, öz yaradıcılıq yolu ilə getməyə üstünlük vermişdir. Anuar Əlimcanovun bir yazıçı-oçerkçi kimi istedadından bəhs edərkən məşhur qazax ədəbiyyatşünası Mühəmmədcan Karatayev onun ürəyinin dərinliyindən, hadisə və proseslərdə başlıca məqamı görmə bacarığından, ikinci dərəcəliləri kənara qoyub, təsadüflərdən yaxa qurtarıb, mühümləri diqqət mərkəzinə çəkməyi zəruri hesab etdiyindən bəhs etmişdir. Başqa bir yandan Anuarın ən mühüm cəhəti dünyanı qazax kimi qəbul edib, qazax kimi düşünüb, daim dinamikada olmaqla, eksperimentlər aparıb, rus dilində yazmağa üstünlük verməsi ilə bağlı idi.
Anuar Əlimcanovun canlı və diqqəti özünə cəlb edən əsərləri, oçerkləri hər hansı adi bir mətn nüsxəsi, boz siyahı, zəif ifadəli söz nüsxəsi yox, həm də həmin əsərlərin müasiri olan müəllifin ürəyinin, qəlbinin döyüntüsüdür. Onun fikir və duyğuları, onun həyat fəlsəfəsi, həyatın çeşidli sahələrində iştirakı, planetdə gedən proseslərə öz rakursundan baxmasını və s. nümayiş etdirməsidir.
A.Əlimcanovun əsərləri digər danılmaz keyfiyyətləri ilə yanaşı, iri həcmli materialları özündə lakonik əks etdirən nümunələr olmaqla, idraki, tərbiyəvi və eyni zamanda bədii əhəmiyyətə malikdir. Oçerklərinin bazasında ortaya çıxıb, onların davamı kimi yaranan povestləri idrakiliyi və tərbiyəviliyi ilə yanaşı, həm də digər mühüm xassələrə malik olub, problematikliyi ilə, diskussiya və mübahisələrə yol açması ilə fərqlənir.
Məsələn, “Karvan günəş səmtə gedir” povestinin özü oçerklərdən yaranmış mükəmməl bədii nümunədir. Bu povestdə qəhrəmanların taleyinin təsviri, onların fikir, duyğu, emosiya, qarşılıqlı münasibətləri, həyatdakı əmək mənzərələri, çoban məişəti şəraitində mənəvi inkişafın orqanik panoram yaratma bacarığını ortaya qoyma imkanıdır. Povestin baş qəhrəmanı Əskərin həyatı son dərəcə ağır və dözülməz olmuşdur. Kolxozun hesabdarı Əmirbəy 30-cu illərdə Əskərin atasına böhtan atdığından onu, sürgünə göndərmişlər. Böyük bəlalara düçar olmuş bu insan oradan geri kor olub qayıdır və az keçmirki ölür. Əmirbəy bundan sonra da ondan əl çəkmir, Əskəri və hətta bu yetimə ikinci atalıq edən Səfər ağanı da o, qarabaqara izləyir. Lakin bütün kolxoz əhlinin birgə səyi nəticəsində Əskər böyüyür, universitet təhsili alıb, doğma aulda məktəb direktoru kimi işləməyə başlayır. “Oçerk məktəbi” keçmiş Əlimcanovun povest yaradıcılığına onun son dərəcə müsbət təsir göstərdiyini biz əsərin kompakt, sözçülükdən uzaq, ciddi süjet xəttinə malik olub özündə müasirliyi əks etdirdiyində görə bilirik. Elə buna görə də əsər bir nəfəsə oxunur.
Ali təhsil görmüş Əskər çoban həyatına dərindən nüfuz etdikdə orada gedən dəyişiklikləri müəyyənləşdirir.
Eyni zamanda Nurkən adlı çobanın faciəvi ölümü də povestdə çobanların məişət həyatının dəyişilməsi ilə bağlı Əskərin haqlı olduğunu sübut edir.
Təsadüfi deyildir ki, povestin müqəddiməsinə görkəmli qazax yazıçısı Muxtar Auezovun fikirlərində oxuyuruq: “Oxucunu povestdə yer almış ciddi problematika xüsusi olaraq cəlb edir. Müəllif bu povesti ilə sözün əsil mənasında həyatın lap içinə nüfuz edir və dövlət əhəmiyyətli dərin, vacib və zəruri problemləri qaldırmaqla, həyatın mühüm müsbət məsələlərini təsvir edir, on minlərcə çoban ailələrinin, yaxud az əhalisi olan aulların sovet quruluşu şəraitində heyvandarlıq rayonlarının nəinki Qazaxıstanda, həm Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda, eyni zamanda Qafqazın və Sibirin ayrı-ayrı vilayətlərində vəziyyətin gərgin olmasını diqqət mərkəzinə çəkir”.
Anuar Əlimcanovun oçerkləri həqiqi, gerçək faktlar, hadisələr və simalardan danışır. Onlardan hər biri son dərəcə cəlbedici olmaqla çoxsaylı ölkələri, təbiət mənzərələri, xalqların həyat və məişətini, tarixi və müasir hadisələri çevrələyib, insan xarakterləri yaratmaqla, həm də dərin sətiraltı izahlarla təchiz olunmuşdur.
Məsələn, “Alov saçan nizə” oçerk-povestində müəllif Afrikanın əsrarəngiz təbiətini mahiyyəti üzrə təqdim etməklə, həm də onun çaylarını və göllərini, meşələrini və sahillərini təsvir edir. Eyni zamanda müəllif böyük ustalıqla Çovğunun alleqorik obrazında Afrika xalqlarının azadlıq mübarizəsini, şahın obrazında isə Keniyadan olan xeyirxah və müdrik başçı Ağ yayla qəbiləsindən olan Comonun yaddaqalan obrazını yaradır. Burada Como ilə bağlı novella, onun portreti, onun qəhrəmanlıq bioqrafiyasının bir parçası maraqlı ştrixlərlə oxuculara təqdim olunur. Əsərdə Como ilə yanaşı, Dinqonun, köhnə ovçu Cimininsə digərlərinin diqqətçəkən obrazları təsvir edilir. Bir əlinə güllə dəymiş Qiçuru Mboyanın – Qara kontinentin azadlığı uğrunda döyüşən cəngavərin – sadə obrazı, digər oçerklərində rastlaşdığımız Afrika ölkələrindən olan Cəsur əl-Kərim və Müdrik Mühəmməd, Mərakeş, Seneqal, Qvineya, Fil Dişi sahilləri, Əlcəzair, Konqo, Mali və digər ölkə və regionlarda insanlığın düşməni kimi ifşası, ingilis, fransız, belçikalı və portuqaliyalı imperialistlərin antibəşəri simaları ifşa edilir.
Müəllifin bu povestlərdə ən başlıca ideyası insanlar, xalqlar, ölkələr arasında azadlığın və bərabərliyin, qardaşlığın və azadlığın alternativinin olmadığı ideyası ön plana çıxarılır. Yəqin Anuar Əlimcanov bu gün həyatda olsaydı imperialist düşüncəsi dovdunda olan Rusiya faşizminin obrazını da oxuculara daha relyefli təqdim edərdi.
“Mavi dağlar” kitabının başqa bir yerində Əlimcanov müəllimlə arxeoloq arasında gedən mübahisəni davam etdirir və povest aşağıdakı fikirlərlə yekunlaşdırılır. Xalq arasında deyim var: “Bir dəvə karvan deyil”, lakin bir axsaq dəvə bütün karvanın hərəkətini ləngidə bilər. Karvan isə yalnız günəş səmtə getməlidir”.
O.M.Skibina adlı bir rus müəllifi “XIX əsrin sonunda yazıb-yaratmış belletristlərin yaradıcılığında yol oçerklərinin tipologiyası və poetikası” adlı məqaləsində doğru olaraq qeyd edir ki, yol oçerki, hər şeydən əvvəl, ədəbi əsər olduğundan onunla bağlı bədii mətn qanunlarına uyğun kimi bəhs etməliyik. Eyni zamanda onun müxtəlif janr birləşmələrinin elementlərini özündə əks etdirən birləşmiş ədəbi forma olduğunu qəbul edib, onun elmiliyi və bədiiliyi arasında sərhədlər qoyulmadığını da bilməliyik. Belə olduqda müəyyən metodoloji ustanovkalardan istifadə etməklə konkret mətnlərin təhlilini aparıb, onun janr sərbəstliyini dəqiqləşdirmək vacibdir.
Anuar Əlimcanov elə qazax nasirlərindən olmuşdur ki, onun əsərlərində müəllif mövqeyinin aydınlığı, iki dünyanın ayrı-ayrı idealları daha aydın nəzərə çarpmaqdadır. Müəllifin “Mavi dağlar” və “Otrardan hədiyyə” kitabları bir daha təsdiqləyir ki, yalnız öz xalqını gərəyincə sevib digər xalqlara, onların mədəniyyətinə, mənəviyyatına, həyatına dəyər verdiyin halda sən bəşəriyyətə olan böyük sevginlə elə onun bir hissəsinə çevrilə bilərsən.
Beləliklə, istedadlı qazax yazıçısı Anuar Əlimcanovun yaradıcılığı üçün səciyyəvi olan nəsr nümunələri təhlil edərkən görmək olur ki, müəllif buradakı insanları, hadisələri, hətta təbiət mənzərələrini və peyzajın çeşidli hərarət və ziyaya boyamışdır. Eyni zamanda Əlimcanov nəsrinin ən mühüm keyfiyyəti milli insanın problemlərinə dərindən zond salma bacarığını nümayiş etdirməkdədir.
Hazırladı Pərvanə Dadaşzadə
Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb