- Üçüncü sektor
- 27 İyun 2025 10:00
- 3 411
Oljas Süleymenovun “Az i Ya” əsərinə Azərbaycandan yeni baxış
Oljas Süleymenovun “Az i Ya” (“Аз и Я”) kitabı türk və slavyan mədəniyyətlərinin dərin bağlarını araşdıran önəmli əsərlərdən biridir. 50 il öncə - 1975-ci ildə gün üzü görən bu kitabda Süleymenov, özəlliklə “İqor alayı haqqında dastan” üzərində dayanaraq, qədim türk izlərini və türk-slavyan tarixi münasibətlərini araşdırmışdır. O, rus dilindəki bəzi köhnə sözlərin və ifadələrin türk mənşəli olduğunu sübut etməyə çalışaraq (və buna nail olaraq), bu xalqlar arasında təkcə qarşıdurma deyil, həm də dərin mədəni sintez prosesinin getdiyini göstərmişdir. Lakin bu yanaşma sovet dönəminin rəsmi tarixi konseptinə zidd sayıldığından kitab qadağan edilmişdir.
Əsərin əsas tezislərindən biri budur ki, türk və slavyan xalqları arasında tarixən münaqişədən çox mədəni qarşılıqlı təsir və sintez mövcud olub. Kitabın adındakı “Az” (Аз”) türk komponentini, “Ya” (Я”) isə slavyan komponentini simvolizə etməkdədir; müəllif bu iki mədəniyyətin birgə tarixini vurğulamışdır.
Süleymenovun həyat və yaradıcılığının Sovet dönəmini xronoloji ardıcıllıqla üç bölüm üzrə yorumlayan Prof.Dr. Nizami Tağısoy onun 30-40 yaş aralarını əhatə edən və “Az i Ya”nın da yazıldığı 1966-1975-ci illərini eksperimentçilik dövrü adlandırır: “Süleymenov bu dövrdə yeni formaların axtarışına çıxmaqla daha görümlü epik mənzərələri canlandırmağa, əsərlərinin janr əlvanlığını gücləndirməyə, söz və çeşidli ifadə eksperimentlərini həyata keçirməyə, müasirliyin bəzi məsələlərinə cavab tapmaq üçün öz etnik tarixi köklərinə müraciət etdiyi dövr kimi xarakterizə olunur. Maraqlıdır ki, şairin məhz bu dövr yaradıcılığında müəllif ironiyası xüsusi şəkildə formalaşır. Süleymenovun bu tipli əsərlərini L.Mil "qayersto", L.Anninski "paradoks", V.Qusev "intellektual sirk" kimi səciyyələndirir. Bu, onillik yaradıcılıq baxımından maraqlı olmaqla, həm də məhz bu kəsimdə sənətkarın öz orijinal fərdi üslubunun yaradıcılığı dövrü kimi diqqət mərkəzinə düşür. Şair bu dövrdə səviyyəsini arxiv mənbələrinə müraciət etməklə, V.Turbinin təbirincə desək, "öz savadlı səviyyəsini artırmaq qeydinə qalmaqla" həyata keçirir. Çünki "Az i Ya" və "Gil kitab" kimi maraqlı və birmənalı qarşılanmayan əsərlərin ortaya gəlməsi də məhz bu dövrə təsadüf edir” (“Oljas Süleymenov: nəzəri baxışlar və tədqiqatlar müstəvisində”).
Süleymenovun təqdim etdiyi tezislər, əsasən, qazax çölləri və qədim rus (slavyan) mətnlərinin dil qatmanlarını araşdırır. Lakin Azərbaycanın bu mədəniyyətlərarası sintez prosesində oynadığı önəmli rol hələ də yetərincə araşdırılmamışdır. Azərbaycan təkcə tarixi əlaqələr baxımından deyil, həm də dil, ədəbiyyat, incəsənət və mədəniyyət sahəsində türk-slavyan münasibətlərinin kəsişmə nöqtəsi olmuşdur.
Azərbaycan –
Türk və slavyan dünyasının kəsişmə nöqtəsi
Azərbaycan tarixən həm türk, həm də slavyan dünyasının mədəni sintez məkanlarından biri olmuşdur. Bu sintez təkcə dil və etnik əlaqələrlə məhdudlaşmır, həm də incəsənət, ədəbiyyat və tarixi münasibətlərdə özünü göstərir.
“Az i Ya”nın Sovet dönəmindən fərqli – çağdaş oxunuşu
Sovet dönəmində “Az i Ya” əsəri türk kimliyini təsdiqləyən və dominant slavyan diskursuna qarşı çıxan bir tədqiqat kimi qəbul edilirdi. Lakin bugünkü post-sovet məkanında və Azərbaycanın müstəqil dövlət kimi mövqeyi nəzərə alındıqda, əsəri yeni kontekstdə dəyərləndirmək mümkündür:
-Sovet dönəmində “Az i Ya” tarixi ədalətin bərpası kimi oxunurdu;
-Günümüzdə isə bu əsər Avrasiya modelinin yeni konseptual çərçivəsində qiymətləndirilməlidir.
Bəs Türk dünyasının çağdaş inteqrasiyası üçün Süleymenovun tezislərindən necə yararlanmaq olar?
Bax, bu kontekstdə Azərbaycanın rolu təkcə keçmişin bir hissəsi kimi deyil, həm də gələcək üçün model olaraq incələnməlidir.
Oljas Süleymenovun sözügedən əsəri Azətbaycan türkoloqlarının, dilçilərinin və Turan sevdalılarının masaüstü kitabıdır. Süleymenovun digər əsərlərinin də çoxu azərbaycancaya çevrilib. Qazaxıstanın, Türk dünyasının böyük oğlunu Azərbaycan çox səmimi şəkildə yalnız dostu-qardaşı deyil, öz aydını, öz vətəndaşı, bir sözlə, ÖZÜNÜN sanır deyə bilərik. Bu sevgi-sayğının doğal yönləri ilə birgə, “Az i Ya”nın (el sözü ilə desək) ürəkdən tikan çıxarmağı da danılmazdır…
Bu yeni yanaşma “Az i Ya”nın sırf tarixi diskursdan çıxarılaraq, çağdaş Avrasiya inteqrasiyası və mədəniyyət siyasəti üçün bir təməl kimi qəbul olunmasına imkan verərdi.
Oljas Süleymenovun ünlü əsəri üzərinə Azərbaycan perspektivindən aparılan dəyərləndirmələr Qazaxıstanın, bütün Türk dünyasının böyük oğlunun yaradıcılığına orijinal və yenilənmiş elmi-publisistik yanaşmaya xidmət edir.
Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikirləri əsasında hazırlanıb.
Hazırladı Pərvanə Dadaşzadə
Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb