Abşeron Milli Parkının ekoturizm potensialı yüksəkdir - EKSPERT

Turizm üzrə ekspert Əziz Şiriyev: "İlk növbədə yol infrastrukturunun yaxşılaşdırılması vacibdir"

- Əziz bəy, Abşeron Milli Parkının ekoturizm potensialını necə qiymətləndirirsiniz?

- Abşeron Milli Parkının ekoturizm potensialını yüksək qiymətləndirirəm. Milli parklar bizim böyük sərvətimizdir və onları qorumaq, gələcək nəsillərə çatdırmaq lazımdır. Turizmin inkişafı üçün isə ilk növbədə yol infrastrukturunun yaxşılaşdırılması vacibdir. Hazırda parka gedən yolun müəyyən hissəsi yaxşı vəziyyətdə deyil. Yolun təkmilləşdirilməsi və asfalt örtüyünün yenilənməsi ziyarətçilərin, o cümlədən böyük avtobusların əraziyə rahat çatmasına imkan verər.

- Ziyarətçi sayının artması təbiətə zərər vermədən necə idarə oluna bilər?

- Ziyarətçi sayının artması ilə yanaşı, təbiətin qorunması da diqqətdə saxlanılmalıdır. Bunun üçün ərazidə nəzarətçilərin sayını artırmaq, təhlükəsizlik və davranış qaydalarını ziyarətçilərə əvvəlcədən izah etmək lazımdır. Həmçinin park ərazisində zibil qutularının düzgün və mütəmadi şəkildə yerləşdirilməsi çox mühümdür. İnsanlar istirahət zamanı təbiətə zərər verməməli və ərazini təmiz saxlamalıdırlar.

- Dünyanın hansı milli park modeli Abşeron üçün nümunə ola bilər?

- Dünyanın müxtəlif milli parklarında tətbiq olunan ekoturizm modellərindən Abşeron üçün də nümunə götürmək olar. Əsas məqsəd turizmi inkişaf etdirərkən təbiətin qorunmasını təmin etməkdir. İnsanların rahat və mədəni şəkildə istirahət etməsi, eyni zamanda təbiətə zərər vurmaması üçün beynəlxalq təcrübədən yararlanmaq məqsədəuyğundur.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.