Azərbaycan yazıçısı əyyaş deyil, yaltaq deyil, dilənçi deyil! Azərbaycan yazıçısı əyyaş deyil, yaltaq deyil, dilənçi deyil!
  • Tribuna
  • 16 Oktyabr 2018 15:14
  •  3 937

Əcəba, uşaqlar düzmü etmişdir? -Şərif AĞAYAR yazır

Azərbaycan yazıçısı əyyaş deyil, yaltaq deyil, dilənçi deyil!

Gənc yazarların ədəbi mühitdəki durğunluğu görüb virtual aləmdə #heryeredebiyyat trendi ilə xüsusi kampaniya başlaması hələ kənara sirayət etməmiş ədəbi mühitin özündəcə müxtəlif mülahizə və müzakirələr doğurdu.

Sual bir idi, cavablar müxtəlif.

Təqdir edənlərlə işim yoxdur. Təqdir olan yerdə konflikt olmur, konflikt olmayan yerdə isə yazı yazmazlar.
Sözüm kampaniyaya qarşı çıxanlaradır.

Və lap dəqiqi, “Yalan deyirsinz, Azərbaycan yazıçısı məhz yaltaqdır, əyyaşdır və dilənçidir!” söyləyənlərədir.

Əvvəlcə ondan başlayaq ki, ümumi danışmaq yersizdir.

Liberal, demokratik və dünyəvi düşünən adam heç vaxt filankəsLƏR belədir, bəhmənkəsLƏR elədir tövri ilə danışmaz, bütün predmet və hadisələrin çoxrəngli, çoxyönlü, çoxüzlü olduğunu görər.

Bu, o deməkdir ki, misal üçün, “Azərbaycan yazıçısı yaltaqdır” cümləsi söz və ifadə azadlığının sınırlarını zorlayır, heysiyyətə toxunur, ictimai əxlaq normalarını təhdid altına alır.

Yazımın bu məqamında kompüter qarşısında oturan nadinc bir həmkarımın yerində qurcalandığını gözlərimlə görür, ürəyindən keçəni altıncı hissimlə oxuyuram. O, deyir ki, elədirsə, “Azərbaycan yazıçısı yaltaq deyil” cümləsi də eyni dərəcə totalitar məzmunlu deyilmi?

Dərhal cavab verirəm: Deyil!

Çünki mütərəqqidir, arzu-istək motivlidir, çətinliyi dəf etmək, işığa çıxmaq hikmətiylə yüklüdür.
Və ən əsası şüar xarakterlidir, xoşməramlı fəaliyyətə təhrik edəndir.

Xırda bir misal.
Afrikada azadlıq hərəkatı başlayanda əsas şüarlardan biri bu idi: “Qaralar kölə deyil!”

Təsəvvür edin, sözü gedən kampaniyaya etiraz edən yazıçımızı onların qarşısına çıxarırıq, yumruğunu havaya qaldırıb bu sözləri hayqıran Nelson Mandelanı saxlayıb deyir ki, a kişi, nə boş-boş danışırsan, qaralar kölədir axı!
Şərti qəbul edək ki, Nelson Mandela bizim haqqı bu dərəcədə müstəqim mənada sevən həmyerlimizin sözünü eşidir və şüarı dəyişir: “Qaralar kölədir!”
Biz indi hansı mənzərə ilə üz-üzə qaldıq?

Həqiqət ifadə olundumu?

Dünyanı Afrikadakı köləliyin aradan qaldırılmasına çağıran bu möhtəşəm sözlərin qarşısına lazımsız korrektor ədasıyla çıxmağa nə ad qoyaq?

Məgər sözün məcazi mənasını anlamaqda çətinliyimiz var? Hər hansı işin ağırlığını anlatmaq üçün işlədilən “Öldüm-dirildim” ifadsinə “Yalandır, ölən heç vaxt dirilmir” məntiqi ilə yanaşmaq hansı beynin məhsuludur? Bu ifadənin yalan olmadığını görmək, əksinə böyük həqiqətlərdən qaynaqlandığını dərk etmək o qədərmi çətindir?
Xəstəni sağaltmaq üçün “Sən xəstə deyilsən” deyilməli deyilmi? Köləni azad etmək üçün onu kölə olmadığına inandırmaq yanlış yoldurmu?

Yaxşı, gənclər məşhur videoda nə deməli idilər?

Yarımız yaltağıq, yarımız yox?

Hər kəs Azərbaycan yazıçısını necə görür, necə görmək istəyir, o cür də deyir. Ona görə mən də deyirəm: Azərbaycan yazıçısı əyyaş deyil, yaltaq deyil, dilənçi deyil!

Sözün birbaşa mənasını istəyirsinizsə, ona da cavabım var: Əyyaş olan, yaltaq olan, dilənçi olan ümumiyyətlə yazıçı deyil, o cümlədən, Azərbaycan yazıçısı deyil.

Di, gedin.

Şərif AĞ

© AzNews.az