Həsən bəy Zərdabi zamanında yazırdı: Həsən bəy Zərdabi zamanında yazırdı:
  • Tribuna
  • 5 Noyabr 2018 12:32
  •  2 547

Reket şapalağı... - KÖŞƏ

Həsən bəy Zərdabi zamanında yazırdı:

“Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa (nəşr etməyə) adamı yoxdur…”.

Rəhmətlik o vaxtlar bu işləri görəcək adamın olmadığından şikayətlənirdi. Hardan biləydi ki, zaman gələcək, nəinki “işçi” əlindən, heç qəzet əlindən də yer olmayacaq. Bütün bunları bilsəydi, vallah əziyyət çəkib “Əkinçi”ni də buraxmazdı. Amma o, bu əziyyəti biz müsəlmanlar üçün çəkdi. Biz də bunu qiymətləndirib o qədər qəzet təsis etdik ki, artıq Mətbuat Şurası da hesabı itirib…

Qurum, həmçinin zaman-zaman öz qara siyahısını açıqlayır. Müxtəlif vaxtlarda bu siyahıya düşən bəzi qəzetlərin adlarını eşidərkən adamı gülüş dolu təəccüb bürüyür.

Həmin qəzetlərin bir neçəsini sadalayaq, heç olmasa adları tarixdən silinməsin – “Paz”, “Yeni paz”, “Ən yeni paz”. Bu qəzetləri reket fəaliyyəti prizmasından biri digərinin ardı kimi təsvir etsək, maraqlı bir mənzərə ortaya çıxar. Əlbət, “Paz” öncə hansısa məlumatı verir. Reaksiya olmadıqda “Yeni Paz” köməyə gəlir. “Ən Yeni Paz” isə “Yeni Paz”ın ələ keçirə bilmədiyi obyektə adının üçüncü sözünü qoyur. “Paz”ların obyekti olan subyekt də neyləsin, pazı yeməlidir ki, işini itirməsin.

İzahımız o demək deyil ki, söhbət yalnız “Paz”lardan gedir, sadəcə adları maraqlı idi. “Qulaqburması jurnalı”, “Şapalaq”, “Çik-Çik”, “Dəyənək”, “55-Partapart”, “Şeş-beş”, “Pressinq”, “Həkimin həkimi”, “Tuktukun rəngləmələri”, “Zəli”, “Müstəqil mühakimə”, “Əqrəb”, “Sehirli xalat”, “Zərbə”, “Dəryaz” və.s adlı qəzetlər də vaxtilə Azərbaycanda rəsmi qeydiyyatdan keçiblər. Bu qəzetlərin adları ayrı-ayrı vaxtlarda Mətbuat Şurası tərəfindən açıqlanıb. Gəlin, biz də bu maraqlı adlardan istifadə edib reket jurnalistlərin fəaliyyət sixemini quraq.

Bir də xatırladım ki, bu qəzetin adlarından sözlər quracağıq, bu, o demək deyil ki, yuxarıda adları çəkilən qəzetlərin hamısı vaxtilə reket fəaliyyəti ilə məşğul olub. Odur ki, başlayaq:

- Senari “Müstəqil mühakimə” adı ilə təşkil edilir. Məqsəd idarə rəislərini, məmurları və digər müəssisə rəhbərlərini müstəqil şəkildə mühakimə etmək və istədiklərini ondan qoparmaqdır. Bu missiyanı yerinə yetirən xanım “jurnalist”dirsə, bir az aşağıdan, bir az da yuxarıdan ətəyini qısaldır. Və “Çik-çik” qapını döyüb elə çik-çik kimi də keçir rəisin yanına. Rəis də ki, maşallah, az təcrübəsi yoxdur. Xanımın qırımından məsələnin nə yerdə olduğunu anlayır. Əlavə başağrısı olmasın deyə, elə yerindəcə haqq-hesab edib arzuolunmaz və “hörmətli” xanımı yola salır.

Ancaq bu hər vaxt alınan iş deyil. Çünki elə rəislər var ki, 1 manatı gedəndə elə bil canı gedir. Ona görə başlayır gələn “qonaq”la sərt davranmağa. Bu vaxt qonaq gözünə dönmədiyim otaqdaca rəisə bir “Qulaqburması” verir, sabahkı qəzetlərində də bir “Şapalaq” guppuldadır. Rəis bunlara da reaksiya vermədikdə qəzet əlavə “Pressinq” tətbiq edir. Və “Dəyənəyini” sazlayıb “Dəryazı”nı da itilətdirir. Daha sonra “Tuktuk”a tapşırır ki, yazının rənglərini tünd eləsin. O da ki, bir himə bənddi, hər sözə bir rəng qataraq yazını tündləşdirir.

Beləcə, “Sehirli xalat”larını da geyinib, yenidən rəisə baş çəkirlər. İçəridə otaq sahibinin üzünə bir-iki dənə də “Əqrəb”, yaxud “Zəli” atırlar. Di gəl, buna döz görüm, necə dözürsən!

Beləliklə, reketlər istəyinə çatır və ayda bir dəfə rəisin otağını su yoluna döndərirlər. Bu yol isə çox rahat olur, ona görə ki, rəis və “qonaqlar” artıq bir-birilərini tanıyırlar.

Bu “jurnalist”lərin əksər əməliyyatları uğurla nəticələndiyindən, kefləri də həmişə “şeş-beş” vurur. Yazıq sənədli-sünnətli, əqidəli jurnalist isə quru maaşla başını girləyir.

İndi isə vəziyyət daha təhlükəli hədd alıb. Artıq nəinki qəzet, hər yağışdan sonra göbələk kimi çıxan saytların sayı-hesabı yoxdur. Heç bir sahədə özünü doğrultmayan kəslər əlinə bir press-vəsiqə alıb sayt işlədir. Adını da qoyur baş, nəbilim şef redaktor. Artıq yuxarıda qurduğumuz sxem onlar üçün köhnəlmiş variant hesab olunur. Ona görə də bu reketlər öz fəaliyyətlərini internet üzərindən daha rahat, müasir və operativ formada qururlar.

Sevindirici haldır ki, son illər Mətbuat Şurası reket jurnalistika ilə bağlı mübarizə tədbirlərini artırıb və aidiyyəti dövlət qurumları da ard-arda müxtəlif əməliyyatlar keçirməklə bu sahəni çirkablardan təmizləyirlər. Reket fəaliyyəti ilə məşğul olanlar həbs və ya ifşa edilirlər. Belə nünmunələr ən azı, digərləri üçün dərs olur, özlərini yığışdırmağa məcbur edir. Bununla belə, jurnalistikamızın bu kimi əməllərdən təmizlənməyə hələ çox ehtiyacı var…

Həə, “Əkinçi” baba, sən hardan biləydin ki, müsəlman sələflərin sənin peşənə belə sayqısızlıqlar edəcək?! Sən onlara dünyaya açıq gözlə baxmağı öyrətdiyin, doğru yola çəkdiyin halda, onlar da sənə öz gözlərini bərəltdilər, öz yollarını seçdilər. Dedilər ki, baba əkinçi, bu işlər sən deyən kimi deyil. Burada bir az baş işlətmək gərək…

- Buyur, əziz baba, bunları görsəydin, yenə deyərdinmi, gülmək yeri deyil, siz ağlayın…?!

Elgün MƏNSİMOV
AzNews.az