- Tribuna
- 7 Noyabr 2018 15:59
- 2 592
“Dövlət büdcəsi vətəndaşlarımızın güvəncidir” – Aydın Hüseynov

“2019-cu il üçün müəyyənləşdirilən dövlət büdcəsi bizim güvənimizi daha da artırır”
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov dedi.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi həm sosialyönümlülük, həm investisiyayönümlülük, eləcə də hərbi qüdrətimizin daha da möhkəmləndirilməsi baxımından çox dəqiq müəyyənləşib. Ayrı-ayrı sahələr üzrə proqnozlaşdırılan rəqəmlər çox qaneedici səviyyədədir:
“Konstitusiyada da əks olunub ki, dövlət büdcəsi sosialyönümlü olmalıdır. Birinci növbədə, bu amil gözlənilib. Gələn il əməkhaqlarının, pensiyaların və təqaüdlərin artırılması ilə bağlı büdcədə ayrıca vəsait nəzərdə tutulub. Eyni zamanda, özünüməşğulluq proqramının təmin olunması ilə bağlı məsələ də diqqətdə saxlanılıb. Bütövlükdə təhsil, səhiyyə, mədəniyyət xərclərində dəqiq proqnozlaşmanın aparılması bir daha onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti Azərbaycan vətəndaşlarının maraqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsidir. Bu siyasət özünü büdcə zərfində çox aydın şəkildə göstərir”.
A.Hüseynov vurğuladı ki, gələn il 10 milyarda yaxın investisiya qoyuluşu nəzərdə tutulur. Bu fakt büdcə zərfinin həm də investisiyayönümlü olduğunu isbat edir. İnvestisiya xərclərinin ən başlıca mahiyyətindən biri də odur ki, növbəti ilin ÜDM-də həmin investisiya xərcləri özünü əks etdirir. Yəni ümumi daxili məhsuldarlığın artımına təsir göstərir.
Deputata görə, dövlət büdcəsi layihəsində bir yenilik də ondan ibarətdir ki, 2019-cu ilin dövlət büdcəsi yeni qaydalar əsasında tərtib olunub. Bu, o deməkdir ki, artıq neft gəlirləri ilə büdcəmizin yuxarı həddi müəyyənləşib. Bu isə bizim beynəlxalq risklərdən qorunmağımızı özündə ehtiva edir.
Elgün MƏNSİMOV
AzNews.az