• Tribuna
  • 16 Yanvar 2019 11:17
  •  598

“Qoşulduğumuz konvensiyalar bu islahatları zəruri edir”

Siyasi islahatların əsas məzmunu struktur dəyişikliklərinin baş verməsindən ibarətdir:

“Ölkə başçısı hələ ilk prezidentlik dövründən başlayaraq, ölkədə dərin dəyişikliklərin, həm iqtisadi, həm də sosial-siyasi sahədə islahatların aparılmasını özünün prioriteti elan etmişdi. Cənab prezident çıxışlarında dəfələrlə qeyd etmişdi ki, biz iqtisadi və siyasi islahatları paralel aparmalıyıq”.

Bunu “Konstitusiya” Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əslində siyasi islahatların əsas məzmunu struktur dəyişikliklərinin baş verməsindən ibarətdir:

“Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub. Həmin konvensiyalar bu islahatları zəruri edir. Həmçinin 2016-cı ildə cənab Prezident tərəfindən Strateji Yol Xəritələri təsdiq olunub. Bu da mühüm institusional dəyişikliklərin edilməsini zəruri edirdi. Ən əsası isə Prezident İlham Əliyev 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin ötən ilin yekunlarına dair müşavirəsində tarixi çıxış etdi. Onun çıxışında bir hissə xüsusi, qırmızı xətlə keçdi. Cənab Prezident bildirdi ki, indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır. 2016-cı ildə konstitusiyaya referendum yolu ilə edilmiş dəyişkliklərin əsas fəlsəfəsində dövlət idarəetməsinin təkmilləşməsi dayanırdı. Yəni Prezident İlham Əliyev bu proseslərdə bir ardıcıllıq nümayiş etdirir”.

Ə.Nuriyev qeyd edib ki, bu ardıcıllığın davamı olaraq, yanvarın 14-də ölkə başçısı tərəfindən bəzi qurumların ləğv edilməsi, bəzilərinin birləşdirilməsi barədə fərmanlar imzalanıb:

“Çünki bu vəziyyət büdcə vəsaitlərindən səmərəsiz istifadəyə, dövlət aparatının daha da şişməsi bürokratiyanın genişlənməsinə gətirib çıxarırdı. Bürokratiya isə istər-istəməz şəffaflıq və hesabatlılıqla, eyni zamanda korrupsiyaya qarşı mübarizə ilə tamam ziddiyyət təşkil edir. Əgər bürokratiya varsa, bu, yeni korrupsiya yaradır. Bu, şəffaflıq və hesabatlılığın qarşısını alan əsas maneədən biridir. Ona görə də cənab Prezidentin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi idarəetmədə struktur islahatı artıq başlandı. Dünən buna genişmiqyaslı start verildi”(teleqraf.com)

© AzNews.az