Qarşısına hədəf qoyan liderlər xalqın rəğbətini qazana bilirlər. Qarşısına hədəf qoyan liderlər xalqın rəğbətini qazana bilirlər.
  • Tribuna
  • 31 Yanvar 2019 13:27
  •  3 280

İlham Əliyev - iş adamlarının ən böyük dayağı

Qarşısına hədəf qoyan liderlər xalqın rəğbətini qazana bilirlər.

Hər bir ölkə başçısının ən böyük məziyyətlərindən biri öz fəaliyyətinə hesabatlı yanaşması və görəcəyi işlər barəsində aydın proqrama malik olmasıdır. Taleyin hökmüylə hakimiyyətə gələn bir çox siyasi rəhbərlərdən fərqli olaraq, qarşısına hədəf qoyan liderlər xalqın rəğbətini qazana bilirlər. Son 16 il ərzində xalqın etimadını doğruldaraq ondan mandat alan cənab İlham Əliyevin çoxillik hakimiyyətinin sirri, zənnimcə, bu məziyyətdə axtarılmalıdır.

İki gün öncə keçirilən və yazı müəllifinin də dəvət olunduğu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident də uğurunun sirrinin məhz bu amildə yatdığını gizlətmədi.

O, hakimiyyətə gəldiyi ilk ildən etibarən qarşıya qoyduğu əsas hədəflərdən birinin regionların inkişafı ilə bağlı olduğunu xatırladaraq dedi: “Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür”.

Ölkə başçısının bu sözlərindən də aydın olur ki, o, hakimiyyətinin ilk illərindən indiyədək yürütdüyü siyasətlərdə qarşısına yalnız cari məqsədlər qoymamış, seçildiyi bütün dövrü əhatə edən inkişaf proqramları ilə xalqdan mandat almışdır. Hər mandat dövrünün 5 il olduğunu nəzərə alsaq, cənab Prezidentin beşillik proqramlarla xalqın qarşısına çıxmasının səbəbi anlaşılır.

2004-cü ildən etibarən keçən 15 il ərzində ölkə rəhbərinin həyata keçirdiyi 3-cü 5 illik planı nəticəsində ölkəmizin necə böyük inkişaf yolu keçdiyi danılmaz faktdır. Özünün də etiraf etdiyi kimi, bu proqramlar sayəsində Azərbaycan, iqtisadiyyatı darmadağın olmuş ölkədən regionun ən güclü dövlətinə çevrilmişdir. Bu müddət ərzində ümumi daxili məhsulumuz 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız isə 4,7 dəfə artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatı 45 milyard dollar təşkil edir.

“Bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq”- cənab İlham Əliyev həmin çıxışında belə dedi.

Ölkə rəhbərinin də vurğuladığı kimi, son 15 ildə Azərbaycanda inkişafına təkan verilən sahələrdən biri də kənd təsərrüfatı sektoru olmuşdur. Mərhum Ümummilli lider Heydər Əliyev tərəfindən təməlləri atılan və onun siyasi varisi tərəfindən uğurla həyata keçirilən neft və qaz müqavilələrindən əldə olunmuş gəlirlər hesabına qurulan aqrar sektorumuz xüsusilə son beşillikdə böyük inkişaf yolu keçmişdir. Aparılan meliorativ tədbirlər nəticəsində yüzminlərlə hektar torpaq sahəmiz əkinə yararlı hala gətirilmiş, yerli istehsal və emal müəssisələri sayəsində ölkəmizin ərzaq təhlükəsizliyi tam təmin edilmiş, aqro-innovativ tədbirlər siyasətinə uyğun olaraq 250 min hektarlıq ərazidə 51 aqroparklar yaradılmışdır. Bu da nəticə etibarilə, həm yeni iş yerlərinin açılmasına, həm də məhsuldarlığın artırılmasına və dolayısıyla rayonlarda yaşayan əhalinin daha çox gəlir əldə etməsinə səbəb olmuşdur. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixracının, təxminən, 600% artması İlham Əliyevin uğurlu aqro-siyasətinin ən bariz göstəricisidir.

Təvazökarlıqdan uzaq səslənsə də, mənim üçün sevindirici haldır ki, bu böyük siyasətin formalaşmasında rəhbərlik etdiyim kollektivin də müəyyən rolu olmuşdur. Görünür, kollektivimizin məhz bu xidmətinə görə, mən də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransa dəvət olunan iş adamlarından biri idim. Mənə bu yüksək etimadı göstərdyinə görə, başda Cənab Prezidentimiz olmaqla, bu görüşü təşkil edən hər kəsə minnətdaram. Şükran hissiylə qeyd etmək istərdim ki, sahibi olduğum “Xəmsə” MMC ölkəmizdə bütün yerli və əcnəbi sahibkarlar üçün yaradılan münbit biznes şəraiti sayəsində 21 hektar ərazidə meyvə istixanası və quşçuluq müəssisəsi yaratmış, ölkəmizdə aqrar sektorun inkişafına, ərzaq məhsulları ilə özü-özünü təmin edəcək səviyyəyə gəlməsinə töhfələr vermişdir. Mən bu kontekstdə xüsusilə damazlıq yumurta istehsalımızın ölkə iqtisadiyyatında oynadığı və bundab sonra da oynayacağı rol üzərində dayanmaq istəyirəm.

Bilindiyi kimi, bir zamanlar tamamilə idxal damazlıq yumurtadan asılı olan quşçuluq sektorumuz yüzmin dollarlarla ölçülən vəsaitini xaricə axıdır, nəticədə həm ölkəmizin iqtisadi inkişafına qoyacağımız investisiya potensialımız daralır, həm də quşçularımız üçün maya dəyəri daha baha qiymətə başa gələn məhsullar hətta daxili bazarda belə, xarici şirkətlərə uduzurdular. Quşçuluq sektorumuzun rəqabət gücünü artırmaq üçün yerli xammal bazası yaradılmalı və ölkəmiz özü-özünü 100 faiz təmin edəcək hala gəlməli idi. Cənab prezidentimizin müxtəlif müşavirələrdə fermerlərimizin qarşısına qoyduğu bu hədəfi reallaşdırmaq üçün qollarını çirmələyən müəssisələrdən biri də “Xəmsə” MMC oldu.

2010-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) aldığımız 1,8 milyon manatlıq güzəştli kreditlə Abşeron rayonunun Zığ qəsəbəsində quşçuluq müəssisəsi qurduq. Müəssisəni Niderland, Türkiyə və İtaliyadan gətirdiyimiz ən müasir texnologiyalarla təchiz etdik. İlkin hədəfimiz o zaman ölkəmizdəki mövcud broyler müəssisələrinin damazlıq yumurta tələbinin müəyyən hissəsini təmin etmək idi. Həmin dövrlərdə ölkəmizindəki quşçuluq müəssisələrinin illik tələbatı 80-90 milyon damazlıq yumurta arasında idi. Bizdə bu tələbata uyğun olaraq öz hədəfimizi müəyyənləşdirdik: ildə ən azı 25-30 milyon ədəd damazlıq yumurta istehsal etmək.

Azərbaycanda quşçuluq sektoru inkişaf etdikcə, damazlıq yumurta tələbatı da artırdı. 2011-ci ildə ölkəmizin illik damazlıq yumurta tələbatı 80-90 milyon ədəd idisə, 2018-ci ildə bu rəqəm 180 milyona yüksəlmişdi. Bu il isə tələbatın 220 milyon ədəd olacağı gözlənilir.

Sözsüz ki, bu artım Azərbaycanda quşçuluq sektorunun inkişafı ilə bağlıdır. Məlumata görə, təkcə “Siyəzən Broyler” ötən il illik quş əti istehsalını 21 min tona yüksəltmişdi. Cari ildə bu istehsal gücünü 50 min tona yüksələcəyi gözlənilir. Təbii ki, tələbat artıqca damazlıq yumurta müəssisələri öz istehsal gücünü bazara uyğunlaşdırırlar. “Xəmsə” MMC də ötən il öz istehsal gücünü iki dəfə artıraraq, 180 min damazlıq toyuqdan 280 minə çatdırmışdı. Bu isə hardasa 40 milyon damazlıq yumurta istehsalı deməkdir. 2020-ci ilə qədər istehsal potensialımızı ildə 60 milyon ədəd damazlıq yumurtaya çıxarmağı proqnozlaşdırırıq. Ötən il isə istehsal gücümüz 22 milyon ədəd olmuşdur. Yəni iki il ərzində istehsalımızı 3 dəfə artırmağı düşünürük.

Yəqin ki, bir çoxları ötən ilki istehsalımızın nəticələrinin 2011-ci illə təxminən eyni səviyyədə olduğunu görüb, son 7 il ərzində yerimizdə saymağımızın səbəbləriylə maraqlanacaqdır. Vurğulamaq yerinə düşərdi ki, bu durğunluğun səbəbi xarici rəqiblərimizin ölkəmizdə apardığı təxribat xarakterli siyasətlə bağlı idi. Azərbaycan quşçularının uğurlarını öz bazarlarını itirmək perspektivi kimi qiymətləndirən xarici şirkətlər bizim quruculuq işimizə qısqanclıqla yanaşır, əllərindəki bütün vasitələrdən istifadə edərək inkişaf prosesinin qarşısını almağa çalışırdılar və bu gün də çalışmaqdadırlar. Xüsusilə, bir zamanlar ölkəmizin quşçuluq müəssisələrini damazlıq yumurta ilə təchiz edən xarici şirkətlər yerli xammal bazamızın yaranmasında maraqlı deyillər. Bizim uğurumuza kölgə salmaq üçün bəzən dempinq siyasəti, bəzən isə ölkəmizdəki vəkilləri vasitəsilə “qara piar” kampaniyası aparırlar. Ən acınacaqlısı isə odur ki, əslən erməni sahibkarlara məxsus olduğu şübhə doğurmayan bu şirkətlərə qahmar çıxmağa çalışan yerli “vəkillərimiz” də peyda olur. Buna rəğmən, doğma Azərbaycanımızın iqtisadi, siyasi və ərzaq təhlükəsizliyi maraqları naminə biz üzərimizə edilən assimetirik hücumlara sinə gərə-gərə öz vəzifə borcumuzu yerinə yetiririk.

Azərbaycan hökuməti də ötən ildən başlayaraq, yerli sahibkarların inkişafına və rəqabətə davamlı hala gəlməsinə ciddi dəstək verir. Ötən il xarici şirkətlərin dempinq siyasətinin qarşısını almaq üçün Nazirlər Kabinetinin damazlıq yumurtaya və quş ətinə əlavə gömrük rüsumu tətbiq etməsini də bu kontekstdə dəyərləndirir və yerli iş adamlarının qorunması istiqamətində atılmış mühüm addımlardan biri hesab edirik.

“Xəmsə” MMC-nin yaratdığı meyvə istixanası isə ilk məhsulunu bu il verəcək. Məqsədimiz xüsusilə soyuq aylarda xalqımızın təzə meyvə ehtiyacını qarşılamaqdır. Bu işdə, sözsüz ki, ən böyük dayağımız beşillik planlarla ölkəmizin iqtisadi inkişafını qarşıya hədəf kimi qoyan Cənab Prezidentimizdir.

Mürvət Həsənli,
ADAM sədri