Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan insanlara dəstək olub

Fond Ulu Öndərimiz Heydər Əliyevin adına, onun şəxsiyyətinə layiq olaraq fəaliyyət göstərib

Heydər Əliyev Fondu Ulu Öndərin irsinin öyrənilməsində və təbliğində böyük işlər görüb.

Bu sözləri millət vəkili Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, artıq 15 ildir ki, Heydər Əliyev Fondu fəaliyyət göstərir: "Bu illər ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev irsinin öyrənilməsində, təbliğ olunmasında çox böyük işlər görülüb. Eyni zamanda Fond Azərbaycan mədəniyyəti, tarixi, mənəvi dəyərlərimizin dünyada təbliğ olunmasında çox böyük nailiyyətlərə imza atıb. Digər tərəfdən, Heydər Əliyev Fondu böyük sosial layihələr həyata keçirib. Qayğıya ehtiyacı olan insanlara dəstək olub. Onların sağlamlığı, müalicəsi ilə bağlı çox böyük işlər həyata keçirib. Başlıca olaraq Fond Ulu Öndərimiz Heydər Əliyevin adına, onun şəxsiyyətinə layiq olaraq fəaliyyət göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti də çox təqdirəlayiqdir. "Xocalıya Ədalət" kampaniyası, ümumilikdə bu sahədə işlərin həyata keçirilməsi Fondun və Leyla Əliyevanın adı ilə bağlıdır".

Millət vəkili Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışına toxunaraq dövlət başçısının ölkəmizin gələcək perspektivləri ilə bağlı çox mühüm mesajlar verməsinə diqqət çəkib:

"Azərbaycan Prezidenti ərazi bütövlüyümüzlə bağlı qəti mövqeyini bir daha bildirdi. Bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması dövlətimizin prinsipial mövqeyidir. Digər tərəfdən, Prezidentin ordumuzun daha da qüdrətlənməsi ilə bağlı fikirlərini eşitdik. Dövlət başçısı Azərbaycanın sənaye, informasiya və kommunikasiya texnologiya sahələrinin inkişafı ilə bağlı ölkənin indiki və gələcək nailiyyətləri ilə bağlı da öz dəyərli fikirlərini bildirdi”. (Trend)