Natiq Miri: Paşinyanın bu cəhdi sadəcə daxili ictimai rəyə yönəlik bir addımdır Natiq Miri: Paşinyanın bu cəhdi sadəcə daxili ictimai rəyə yönəlik bir addımdır
  • Tribuna
  • 15 May 2019 11:39
  •  5 098

Cırtdan Ermənistan böyük Çin dövləti üçün hansı maraq kəsb edə bilər?

Natiq Miri: Paşinyanın bu cəhdi sadəcə daxili ictimai rəyə yönəlik bir addımdır

"Paşinyanın Çinə yönəlik bu addımı gecikmiş və sonradan atılan bir daş kimi dəyərləndirilməlidir. Çünki bu imkan, bu şans artıq Ermənistan tərəfindən itirilib".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Çinə iki günlük işgüzar səfərini AzNews.az-a şərh edən politoloq Natiq Miri dedi.

O xatırlatdı ki, ötən ay Pekində strateji əhəmiyyətli “Bir kəmər - bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində 37 dövlət və hökumət başçısının qatıldığı, Azərbaycan prezidentinin də iştirak etdiyi ikinci toplantıya Nikol Paşinyan qatılmamışdı. Çünki Ermənistan bu layihə üçün önəmli tranzit ölkə hesab edilmir:

"Bilirsiniz ki, İpək Yolu çərçivəsində bu layihə təkcə Çinin istədikləri ilə müəyyənləşmir. Baxmayaraq ki, Çin böyük dövlətdir, ciddi maliyyə və investisiyalar ortaya qoyub, ancaq bu layihənin təşəbbüskar və körpü rolunda oynayan əsas ölkələrdən biri məhz Azərbaycandır. Azərbaycan istəmədiyi müddətdə bu cür qlobal layihələrdə Ermənistanın iştirakı mümkünsüzdür. Bu yöndə Ermənistanın imkanları da çox məhduddur. Həm Azərbaycan, həm də qardaş Türkiyə Ermənistanın Avtopaya çıxışını tamamilə bağlayıb. Bunun açılması üçün konkret şərtlər var, bu da işğal olunmuş torpaqların azad olunmasıdır. Yəni bu səbəblər ortadan qaldırılmayınca nəticəyə oynamaq, açığı, özünü aldatmaqdan başqa bir şey deyil. Bunun bir məntiqi də yoxdur".

Digər tərəfdən, politoloq sual edir ki, cırtdan Ermənistan böyük Çin dövləti üçün nə mənada maraq kəsb edə bilər? İqtisadi cəhətdən zəif, qlobal gücləri maraqlandıra biləcək hər hansı bir iqtisadi sistemi, yaxud maliyyə və iqtisadi mənbələri, torpaqaltı və torpaqüstü ciddi mənbələri olmayan bir ölkə bu cür dünya gücünün marağını necə özünə cəlb edə bilər?

"Ona görə də düşünürəm ki, Paşinyanın bu cəhdi sadəcə daxili ictimai rəyə yönəlik bir addımdır. Guya nəsə etmək istəyirmiş kimi bu cür səfər reallaşdırır. Açığı, nəticədə heç bir uğur əldə olunmayacaq və oluna da bilməz. Çünki bunun üçün ciddi əsaslar yoxdur"- deyə, N.Miri əlavə etdi.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Çində işgüzar səfərdədir. Erməni KİV-inin yazdığı məlumata görə, səfərdə əsas məqsəd ikitərəfli əlaqələri inkişaf etdirməkdir.

Elgün
AzNews.az