Deputat: “Heydər Əliyevin xilaskarlıq missiyası...”

"Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi..."

Ulu öndər Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ulu öndərin əməyi özünü göstərir.

Bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır:

“Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi, ölkə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən cəbhədəki uğursuzluqlar, iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı”.

Millət vəkilinin sözlərinə görə, belə bir çətin vəziyyətdə xalq yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü:

“Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz bəlalardan qurtuldu, həmin dövrdə ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxtı səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi”.

A.Hüseynov qeyd edib ki, Heydər Əliyevin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu: "Ölkə iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin dövrdə ulu öndər Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı”.

Deputat əlavə edib ki, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib”.(trend.az)

AzNews.az