“İnsanların bir - birini anlamağa, qarşılıqlı hörmətə, təmənnasız sevgiyə ehtiyacı var” “İnsanların bir - birini anlamağa, qarşılıqlı hörmətə, təmənnasız sevgiyə ehtiyacı var”
  • Tribuna
  • 4 Noyabr 2019 10:11
  •  4 482

Mirələmov: YAP rəhbərliyi məsləhət görsə, seçkilərə gedəcəyəm

“İnsanların bir - birini anlamağa, qarşılıqlı hörmətə, təmənnasız sevgiyə ehtiyacı var”

Parlament seçkilərinə bir il qalsa da, Milli Məclisin hazırkı tərkibi, xüsusilə də yaşı 70-i adlamış deputatlarla bağlı müzakirələr kəsilmək bilmir. Deputat, YAP-ın Xətai rayon təşkilatının sədri, yazıçı Hüseynbala Mirələmovla “Ukrayna” dairəsi yaxınlığındakı “Heydər parkı”nda baş tutan söhbətimizdə bu mövzudan da bəhs etdik. Amma yazıçı-deputatla digər vacib mövzular, cəmiyyətimizin problemləri ilə bağlı da danışdıq.

- Hüseynbala müəllim, gələn il Milli Məclisə seçkilər keçiriləcək. Bu arada yaşlı deputatlarla bağlı çox danışılır. Yəqin ki, partiya daxilində, ən azı təşkilat sədri olduğunuz üçün sizə seçkidə iştirak edib-etməyəcəyiniz barədə deyilib. Nə planlaşdırırsınız?

- Ümumiyyətlə, Seçki Məcəlləsində yaş senzi yoxdur. Mənə gəldikdə, YAP-dan namizəd olmuşam. Əgər YAP rəhbərliyi məsləhət görsə, namizədliyimi irəli sürsə, seçkilərə gedəcəyəm, məsləhət bilinməsə, ikinci söhbət ola bilməz, getməyəcəyəm, vəssalam! Mən heç başqa nəsə düşünmürəm də. Bizim partiyamızın qərarından asılıdır. Partiya daxilində isə belə söhbətlər aparılmır, orada hamı sadəcə öz öhdəsinə düşən vəzifələri ləyaqətlə icra etməklə məşğuldur. Gələcəkdə partiya sədri məsləhət bilərsə, seçkidə iştirak edəcəm, əgər məsləhət bilməsə, bunu təbii qəbul edəcəyəm.

Möhtərəm prezidentimiz yeni təyin edilən icra başçılarını qəbul edərkən bildirdi ki, bəziləri sınanmış, təcrübəli, yaşı bir qədər artıq olan şəxslərə qarşı kampaniya aparmaq istəyirlər. Prezidentimiz qeyd etdi ki, o, buna yol verməyəcək. Dövlət başçımız tam haqlı olaraq buyurdu ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır, bunun sintezi nəticəsində biz gözəl nəticələr əldə edə bilərik.

- Yaşlı məmurların istefasını necə qarşıladınız?

- Bu, onların subyektiv qərarıdır. Mən nə deyə bilərəm ki? Şəxsi işləridir.

- Bəs komandada gəncləşmənin aparılmasına necə yanaşırsınız?

- Əlbəttə ki, pis baxmıram. Mənim bir fikrim var, istəyir gənc olsun, istəyir yaşlı, hər bir insan Azərbaycan naminə, Azərbaycan xalqı naminə işləməlidir. Yaşından asılı olmayraq, heç kim səhvə yol verməməlidir. Hamı başa düşməlidir ki, Azərbaycan bizimdir, bizim gələcək nəsillərindir, nəvələrin, nəticələrindir. Biz onların naminə bu ölkəni qorumalıyıq.

Söhbət edə-edə parkın yuxarı hissəsinə qalxırıq. 2000-ci ilin 4 iyununda mərhum prezident Heydər Əliyevin əkdiyi ağacın yanında dayanan H.Mirələmov fikirlərini bölüşür:

c4833bab-9b03-4e92-ae47-8911c9b277df.jpg (203 KB)

- Xətai rayonu mənim doğma rayonumdur. Ömrüm boyu bu rayonda işləmişəm. Bu gün də burada millət vəkiliyəm. Həmçinin bu park bizim qürur yerimizdir. Çox yaxşı xatırlayıram, ulu öndər bu parkda olanda parkın havası o qədər onun xoşuna gəldi ki, dedi Hacıbala Abutalıbovdan xahiş edəcəyəm, mənə burda ev versin" (Gülür). Elə bu ağacı da o vaxt əkdi. Bilirsiniz, bu, gənc nəslə örnəkdir, nümunədir. Ümumiyyətlə, yaşıllıq bəşəriyyətin həyatıdır. Biz hər birimiz, hətta uşaq bağçasında olan övladlarımıza aşılamalıyıq ki, yaşıllıq, təbiət bizim bir parçamızdır, ağciyərimizdir. Əkilən ağacları həm qorumaq, həm də yenilərini əkmək lazımdır. Ölkəmizdə nə qədər çox yaşıllıq olsa, o qədər də sağlam olarıq.

Daha sonra prezident İlham Əliyevin əkdiyi ağaca yaxınlaşırıq. Müsahibim daş lövhənin üstünü oxuyur:

- Bu ağac 2007-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən əkilib. Bu fakt bir daha təsdiqləyir ki, cənab prezident ulu öndərin davamçısıdır və yalnız siyasi kursunu davam etdirmir, həm də onun ənənələrini yaşadır, sıx mənəvi bağlılıq var.

(Bağdakı ağacları sulayan orta yaşlı kişi ilə də maraqlı söhbət olur. Görüşərkən suçu bir az düşünüb “hə, tanıdım, siz deputat Hüseynbala Mirələmovsunuz” deyir.)

- Hüseynbala müəllim, görürəm siz də təbiət vurğunusunuz. Etiraf etməliyik ki, təbiətə qəsd edən az-az cəmiyyətlərdənik. Nəinki meşələrdəki, hətta paytaxtdakı ağacları qırıb məhv etməkdə “ad çıxarmışıq”, dənizə kanalizasiya axıdırıq, küçələri zibilləyirik, atmosferə hərə öz “imkanı” daxilində zəhərli tullantılar “hədiyyə edir”. Sizcə, niyə belədir? Buna son qoymağın yolu nədən keçir?

- Düşünürəm ki, dediyiniz hallara son qoymağın yolu insanların ictimai şüurunun formalaşmasından, düşüncə tərzinin kökündən dəyişməsindən keçir. Hələ gənc ikən amerikalı məşhur fantast yazıçı Rey Bredberinin “İldırımın səsi” əsərini oxumuşdum. Həmin əsərin məzmunu sonralar “Kəpənək effekti” adıyla dünyada tanınan məşhur bir nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, keçmişdəki kiçik dəyişikliklər gələcək üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Yəni uzaq keçmişdə öldürülən bir kiçik kəpənək belə, Yer kürəsinin tarazlığına təsir etmək gücündədir. Bu aspektdən yanaşsaq, bizim vətəndaşlarımızın da ictimai şüuru dəyişməlidir. Hamı anlamalıdır ki, bu gün təbiətə vurulan hətta kiçik hesab etdiyimiz zərərlər belə, sabah övladlarımızın, nəvə-nəticələrimizin həyatına mənfi təsir göstərə bilər. Hər kəs təkcə şəxsi mülkünə yox, Vətəninə və ümumən Yer kürəsinə öz evi kimi yanaşsa, doğma əmlakı kimi baxsa, elə şeylər eləməz.

000609c2-c81d-4c76-9a8e-465603a3e3bd.jpg (227 KB)

“Mənəviyyatımızda aşınma gedir”

- Sizcə, bu gün Azərbaycan cəmiyyətinin ən çox ehtiyac duyduğu nədir? Maddi-mənəvi planda...

- Maddi planda insanların heç nəyə ehtiyacı yoxdur. Şükür, bazarlarda, marketlərdə hər şey var. Mənəvi ehtiyaclarımız isə çoxdur. Mənəviyyatımızda aşınmalar gedir. İnsanların bir-birini anlamağa, qarşılıqlı hörmətə, təmənnasız sevgiyə ehtiyacı var.

- Hüseynbala müəllim, son günlərin ən ciddi müzakirə mövzularından biri məişət zorakılıqları, ailədaxili münaqişələr, boşanmaların sayının kəskin şəkildə artmasıdır. Statistika dəhşət saçır. Az qala hər üç ailədən biri boşanır. Özü də erkən boşanmalar çoxalır. Sizcə, cəmiyyətdə nə baş verir? Qidalarmı bizi bu hala saldı, ya hansısa qayğılarmı? Hər halda gəlin-qayınana söhbətindən kənara çıxıb məsələ...

- Boşanmalar həmişə olub və bunun obyektiv, subyektiv səbəbləri var. Ancaq indi vurğuladığınız kimi, boşanmalar kütləvi hal alıb və bu, məni çox narahat edir. Bununla bağlı öz subyektiv fikrimi açıqlamaq istəyirəm. Hesab edirəm ki, bunun kökü ailə tərbiyəsindədir, məktəbdədir, ümumiyyətlə, uşaqların formalaşmasındadır. Ailə və məktəb uşaqları, gəncləri elə formalaşdırmalıdırlar ki, onlar təvazökar olsunlar, bir-birinə cins fərqi qoyulmasın, dostlar kimi yetişsinlər, birinin sözü o birinə acıq gəlməsin, biri digərinə yuxarıdan aşağı baxmasın. Valideyn də, məktəb də elə tərbiyə verməlidir ki, uşaqlar ailələrinin sosial vəziyyətinin necə olmasından asılı olmayaraq, bir - birilərinə səmimi və dostcasına yanaşsınlar. Bir də burada əsas məsələnin ailədə, anadan asılı olduğunu düşünürəm. Analar həm oğlan, həm də qız övladlarına elə tərbiyə verməlidir ki, onlar gələcəkdə ailədə birgəyaşayışa, qarşılıqlı hörmət və anlaşmaya hazır olsunlar. Ailə üzvlərinin bir-birinə olan qarşılıqlı hörməti ən vacib amildir. Bir dəfə Şeyx Şamildən soruşurlar ki, necə oldu ki, sən hər yerdə belə hörmət qazandın? Cavab verir ki, mən otağa girəndə qadınım hörmət əlaməti olaraq ayağa dururdu, sonra övladlarım analarının ayağa qalxdıqlarını görüb onlar da eyni cür davrandılar. Daha sonra qonşu uşaqları gördü ki, ailəm, övladlarım məni görəndə ayağa dururlar, onlar da məni görəndə oturduqları yerdən ayağa qalxırdılar. Beləliklə, hörmət formalaşdı.

1079a76f-c170-4c11-beaf-c7c1151309dd.jpg (208 KB)

Bu misalı gətirməkdə məqsədim odur ki, hər şeyin kökü ailədəki tərbiyədən gəlir. Evdə uşaqlar, bacı-qardaşlar bir- birinə qarşılıqlı hörmət etməlidir, ailə onları bir-birinə sayğı ruhunda tərbiyə etməlidir. Bu hiss onlarda formalaşarsa, uşaqlar böyüyüb kiminləsə ailə quranda da bu, davam edəcək. Qarşılıqlı hörmət olmayan yerdə sevgidən söhbət belə gedə bilməz. Analar qızları kişiyə, oğlan uşaqlarını da qadına hörmət ruhunda böyütməlidir. Oğlan uşaqlıqdan təkcə nənəsinə, anasına, bacısına yox, ümumiyyətlə, bütün qadınlara hörmət ruhunda tərbiyə edilməlidir. Qız övladı da həmçinin.

İngilis şairi Con Kits yazırdı ki, “kişilər qanunları, qadınlar əxlaqı yaradır”. Bu baxımdan deyirəm ki, anaların üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Analar öz qızlarını hansısa evi, kiminsə ocağını zinətləndirəcək gəlin kimi böyütməlidir, oğullarını gələcəyin məsuliyyətli, sahiblənici ailə başçısı kimi tərbiyə etməlidir. Bəzi qızlar ailə qururlar, amma adicə qayğanağı bişirə bilmirlər, qayınananın adi bir iradına bomba kimi partlayırlar, “sən kimsən” deyə cavab verirlər, həyat yoldaşına hörmət qoymurlar.

Olmuş hadisədir, deməli, bir xanım ailəsindən xəbərsiz xaricə gedir, oradan ərinə zəng vurur ki, evdə yox idin, sənə xəbər verə bilmədim, təyyarəyə gecikirdim, Kislovodska getməli oldum. Belə qadını boşamazlar?!

6db0cacf-e890-47a7-849b-89cf4a4f61a8.jpg (186 KB)

Yaxud yeni evlənən bir cütlük haqqında az qala lətifəyə çevrilmiş digər bir əhvalat indi düşdü yadıma. Gənc ər arvadından soruşur ki, əzizim, günortaya nə bişirəcəksən, xanım cavab verir ki, mən yemək bişirə bilmirəm, bir gün sənin anan bişirib gətirsin, bir gün də mənim anam. Belə düşüncəylə yuva qurub ailə olmaq olar? Yaxud da Allahın ver günü içib evində dava salan, ailəsinin gününü qara eləyən, ya da narkotikdən istifadə edib faciələrə yol açan kişini hansı qadın qəbul edər? Ailəsinə, xanımına sahib çıxmayan, doğmaları üçün fədakarlıq etməyən, işləmək istəməyən, bütün yükü qadının çiyinlərinə atan bir kişi kimə lazımdır? Təbii ki, qadın belə məsuliyyətsiz kişidən boşanacaq.

Bunlar qidalarla, hansısa qayğılarla bağlı məsələ deyil, kökü ailədən qaynaqlanan problemlərdir. Gələcəkdə bu neqativ halların və kütləvi boşanmaların qarşısını almaq üçün ailədə, məktəbdə, ali təhsil ocaqlarında uşaqlarımıza, gənclərimizə düzgün tərbiyə verilməli, onlara nəsildən-nəslə ötürülən, tarixi yüzillərlə ölçülən milli ailə dəyərlərimiz aşılanmalıdır.

- Siz də ailə başçısısınız. Xahiş edirəm, səmimi deyin, həyat yoldaşınızı döydüyünüz, ona qarşı zorakılıq etdiyiniz olubmu nə vaxtsa?

- (Heyrətlə) Necə yəni?! Bu sualın səslənişindəki kobudluq belə adamı ürküdür. Konfutsi yazırdı ki, “Qadın dünyanın ən gözəl və dəyərli varlığıdır”. Qadına qıyıb necə əl qaldırmaq olar?!

- Ən dəhşətlisi odur ki, ailədaxili qətllər, xüsusilə də qadınların ərləri, yaxud keçmiş həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi halları artıb. Bunun səbəbi nədir? Belə hallara qarşı mübarizədə nə təklif edərdiniz, sərt cəzamı?

1b963730-c724-4cfb-9706-0ba03be9cc28.jpg (161 KB)

- İlk növbədə bunu qeyd etmək istəyirəm ki, ailədə xəyanət olmamalıdır. Əgər qadın öz ərindən yaxud kişi öz arvadından bezibsə, normal birgəyaşayış alınmırsa, yola gedə bilmirlərsə, bunlar ilk növbədə dürüst şəkildə oturub bir-biri ilə danışmalı, ailədaxili problemin kökünü tapmağa çalışmalı və ortaq məxrəcə gəlməlidirlər. Əgər birgə yaşamaq ümumiyyətlə alınmırsa , o zaman sivil qaydada ayrılmalıdırlar. İstənilən halda xəyanət ailədaxili problemi həll etmir, tam əksinə aradakı uçurumu dərinləşdirir və bəzən də dediyiniz faciələrə-qətllərə, həbsxanalara yol açır.

Xəyanət ailədaxili harmoniyanı, münasibətlərdəki səmimiyyəti pozan və bəzən də affekt halında insanı hətta qətl törətməyə qədər sürükləyən dəhşətli mənəvi deqradasiyadır. Ailə dürüstlük üstündə bərqərar olur, bu, iki nəfərin həm cismani, həm də mənəvi ali birliyidir. Oraya kənar şəxsin yaxud şəxslərin hansısa formada daxil olması böyük faciələrə və vurğuladığınız kimi qətllərə gətirib çıxara bilir. Əlbəttə ki, dediyiniz mənfi halları qətiyyətlə pisləyirəm. Əgər qadın ərinə xəyanət edirsə, bu, qətiyyən öldürməklə, zorakılıqla həll olunmamalıdır, kişi belə qadını sadəcə buraxıb getməli, onu rəsmi qaydada da həyatından tamamilə çıxarmalıdır. Xəyanət edən heç kimsə üçün dünyanın ən dəyərli neməti olan azadlıqdan imtina etməyə dəyməz. Boşanmalardan sonrakı vəziyyətlərə gəlincə, şərikli övladlar varsa, valideynlər dost kimi qalmağa çalışmalıdırlar, hərə öz şəxsi həyatını qursa da, övladlar valideynlərinin bir -birinə olan düşmənçiliyindən əziyyət çəkməməlidirlər. Vaxtilə birgə həyatı alınmayan valideynlər övladlarının gələcəyi naminə dost olmağı seçməlidirlər. (“Yeni Müsavat”)

AzNews.az