Deputat cəbhədəki qürurverici faktlardan danışdı

Yaralılarımızın bir çoxu ilkin tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirdilər

"Bu vacib dövrdə bu şəkildə milli birliyin nümayiş etdirilməsi də yüksək vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işgalına son qoyulacagına inanırıq. Bizim işimiz haqq işidir!"

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayon xəstəxanasına baş çəkən zaman qeyd edib.

Deputat bildirib ki, Horadiz şəhərində yerləşən Füzuli rayon xəstəxanasına baş çəkən zaman iki hadisə onu olduqca qürurlandırıb:

"Əvvəla, böyük qürur hissi ilə qeyd edim ki, yaralılarımızın bir çoxu ilkin tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirdilər. Həkimlər onlara daha bir neçə gün xəstəxanada qalıb müalicə olunmağı təklif etsələr də mərd əsgərlərimiz döyüş xəttində öz əsgər yoldaşlarının yanında olmağa, vətən uğrunda döyüşü davam etdirməyə üstünlük verərək yenidən döyüşə qayıdıblar.

İkinci qürur verici fakt. Xəstəxanın yanında özəl aptek yerləşir. Sentyabrın 27-si erməni təxribatı baş verəndən sonra aptek sahibi aptekin açarını xəstəxanın baş həkiminə verib və deyib ki, nə qədər dərman lazım olarsa pulsuz götürün. Həkimlər də əlavə dərman lazım olanda aptekdən istifadə edirlər. Bu fakt da milli birliyin, xalqın orduya dəstəyinin bir daha əyani təsdiqidir".

Səidə

AzNews.az