• Tribuna
  • 4 Dekabr 2020 12:45
  •  1 298

"Bu tarixin 8 noyabrla əvəz olunması da təsadüfi deyil" - Deputat

"10 noyabrı 8 noyabra dəyişməyimizlə biz Atatürkün ruhuna ehtiramımızı bildirmiş olduq"

“Zəfər Gününü keçirmək Azərbaycan xalqının halal haqqıdır. Bu günü bayram etməyimizi 30 ildir ki, gözləyirdik. Azərbaycanın müzəffər ordusunun 44 günlük rəşadətli mübarizəsi bizi arzumuza çatdırdı”.

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat Vətən müharibəsində bu zəfərə nail olmaq üçün çox sayda igid, qəhrəman itirdiyimizi təəssüf hissi ilə bildirib:

“Torpaq uğrunda ölən varsa, vətəndir. Qəhrəman oğullarımız torpaqlarımızı işğaldan azad etməklə torpağımızın vətən olduğunu sübut etdi. 8 noyabr şərəf tariximizdir. Xalqımızın qalib olduğu tarixdir. Bu tarix xalqımızın üstündən qaçqın-köçkün adının götürüldüyü tarixdir. Bu tarixə kimi biz rayonlarımızın işğal olunduğu günlərini gözü yaşlı qeyd edirdik. Bundan sonra 8 noyabrı qələbə tarixi kimi sevincimizlə qeyd edəcəyik”.

Millət vəkili Zəfər gününün tarixinin dəyişməsinə də münasibət bildirib:

“Əvvəlcə 10 noyabr qələbə tarixi kimi açıqlanaraq sonradan bu tarixin 8 noyabra dəyişməsini çox düzgün addım hesab edirəm. Çünki, 10 noyabr türk dünyasının böyük Ümumilli Lideri Mustafa Kamak Atatürkün anım günüdür. Belə bir gündə qələbəmizi qeyd edib sevinc yaşamaq dügün deyildi. Atatürkün itirilməsi bütün türk dünyası üçün böyük faciədir. Biz həmişə qeyd edirik ki, bir millət, iki dövlətik. Bir millət olduğumuzdan 10 noyabrı anım günü kimi qeyd etmək daha doğrudur. 10 noyabrı 8 noyabra dəyişməyimizlə biz Atatürkün ruhuna ehtiramımızı bildirmiş olduq. Bu tarixin 8 noyabrla əvəz olunması da təsadüfü deyil. Çünki, 28 il arzulayırdıq ki, üç rəngli dövlət bayrağımızı Şuşada dalğalandıraq. Məhz 8 noyabrda biz bayrağımızı mədəniyyət incimiz olan Şuşada dalğalandırmışıq. 8 noyabr əslində döyüş meydanında böyük qələbəyə imza atdığımız tarixdir. Ona görə də 8 noyabrın Zəfər Günü kimi qeyd etməyimiz tam məntiqə uyğundur.

Zəfərimiz mübarək! Şəhidlərimizə Allah rəhmət etsin!”

Səidə

AzNesw.az