Milli prioritetlər: Siyasi iradənin təcəssümü!

Davamlı inkişafımızı təmin etmək üçün bütün amillər mövcuddur

Vətən Müharibəsində əldə olunan qələbədən sonra Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başladı. Sözsüz ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Əslində, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

Diqqətlə baxsaq, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçməklə sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib.

Bildiyimiz kimi, 21-ci əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsi məsələlərilə əlaqədardır. Bura təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması;

Bərpa olunan energetikaya, yaşıl və mavi iqtisadiyyata üstünlüyün verilməsi;

Su ehtiyatlarının səmərəli istifadəsi;

Karbon qazının istehsalı həcminin azaldılması;

Təkrar emal, təkrar istifadə mexanizmlərinin təkmilləşdirilməsi;

Enerjiyə qənaət edən texnologiyalara keçid və digər məsələlər aiddir.

Qeyd olunan məsələlərin ölkəmizdə tətbiqi, dərin və genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsini nəzərdə tutur. Buna isə infrastruktur və kadr hazırlığı məsələləri, eləcə də, daxili bazarın formalaşması, xarici bazarlara etibarlı çıxışın təmin edilməsi və digər məsələlər aiddir.

Dünya təcrübəsi göstərir ki, bu növ köklü islahatlar ilkin mərhələdə müəyyən narahatçılıqlar yaradaraq, sosial narazılığa səbəb olur. Lakin təbii resursların məhdudluğunu, eləcə də 21-ci əsrdə bir çox ənənəvi maddi nemətlərin, resursların fiziki və mənəvi cəhətdən dəyərdən düşməsini; ənənəvi iqtisadi modellərin, əlavə dəyər əmsalı, dayanıqlı inkişaf və digər iqtisadi meyarlar baxımından biliyə, innovasiyalara və müasir texnologiyalara əsaslanan iqtisadi modellərə “uduzmasını” nəzərə alaraq, bir çox ölkələr qabaqlayıcı sosial-iqtisadi siyasətlər hazırlayaraq, onların sürətli tətbiqinə start veriblər.

Beynəlxalq təhlillər göstərir ki, 21-ci əsrdə qaz, neft, kömür, ağac, tərəvəz, gül, dəri, eləcə də ucuz əmək qüvvəsi kimi bir sıra ənənəvi resurslar uğrunda mübarizə insan kapitalı, intellektual resurs uğrunda mübarizə ilə əvəz olunur. Beyin axını həm virtual, həm də fiziki formatda güclənir və bütün sahələri əhatə edir. Bu gün bilikli, təcrübəli, innovativ, kreativ, biznes düşüncəli insanlar ən bahalı əmtəə nümunələrindən xeyli yüksək dəyərə sahibdirlər və bu tendensiya güclənməkdədir, çünki intellektual kapitalın yarada biləcəyi əlavə dəyər, əksər hallarda, əmtəənin, maddi resursun yarada biləcəyi əlavə dəyərdən xeyli dərəcədə üstündür. Müasir dünyanın inkişaf istiqamətlərini dərindən bilən cənab Prezident:

- Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.

- Müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. - Biz qısa müddət ərzində böyük işlər görməliyik: Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir.

- Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir - kimi tezisləri söyləməklə, Azərbaycanın inkişaf dinamikasının istiqamətlərini göstərir, siyasi iradə ortaya qoyur və bu məqsədlərə çatmaq üçün xalqımızın fədakarlığına inanır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarə olunmasında strateji planlaşmanın təsdiq olunmuş 5 strateji prioritetlərinin reallaşdırılması hər bir Azərbaycan vətəndaşının qarşısında vəzifə kimi qoyulur:

Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Siyasi iradənin təcəssümü olan bu proqramın həyata keçməsi xalqımızın xoş gələcəyinə hesablanıb. İndi növbə bizdədir. Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələ biləcəyikmi?

Sadiq Qurbanov,

Milli Məclisin üzvü