Azay Quliyev xaricdə təhsillə bağlı Baş nazirdən xahiş etdi

Burada təhsilin hər iki pilləsində dövlət dəstəyinin olması vacibdir

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatı yüksək qiymətləndirib.

Baş nazirə təşəkkür edən A.Quliyev deyib ki, 2020-ci ilin pandemiyanın tüğyan etdiyi və iqtisadi fəaliyyətlərin ciddi şəkildə məhdudlaşdırıldığı bir il olmasına baxmayaraq, hökumətin nəzərdə tutulan bütün sosial proqramları uğurlu icra etməsi və nisbətən az iqtisadi itkilərlə ili başa vurması xüsusi təqdir olunmalıdır.

Azay Quliyev qeyd edib ki, ancaq 2020-ci il xalqımızın qan yaddaşında pandemiya ili kimi deyil, Ali Baş Komandanın rəhbərliyi və qətiyyyəti ilə Müzəffər Ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etməsi ili kimi əbədiləşdi, Azərbaycanın dövlətçilik tarixinə Zəfər ili kimi qızıl hərflərlə yazıldı:

“Hətta əgər bu gün hökumətin gördüyü işlərlə bağlı Milli Məclisə 455 səhifəlik hesabat deyil, sadəcə "2020-ci ildə Ermənistanın işğalına son qoyulmuş və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir" ifadəsindən ibarət bir cümləlik hesabat daxil olsaydı belə, bu kifayət edərdi ki, Milli Məclis hökumətin 2020-ci ildəki fəaliyyətini tarixi nailiyyət kimi qiymətləndirsin və bu hesabatı xüsusi müzakirə olmadan qəbul etsin.

Bu baxımdan diqqəti keçənilki fəaliyyətin təhlilinə deyil, hökumətin gələcəkdə görülməsi vacib olan bəzi məsələlərə yönəltmək istərdim.

Bildiyimiz kimi, azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı Azərbaycan yeni bir dövrə qədəm qoymuşdur. Bu mərhələdə əsas strateji vəzifə həmin ərazilərin yenidən qurulması və ölkə iqtisadiyyatına sürətli inteqrasiyasını təmin etməkdən ibarətdir.

Bu ərazilər cənab Prezidentin irəli sürdüyü "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyası əsasında yenidən qurulacaq.

Bu konsepsiya bizə həm də 4-cü sənaye inqilabının yeniliklərini tətbiq etmək üçün əlavə imkan və stimul deməkdir.

Ümumiyyətlə, dünyanı 4-cü sənaye inqilabının əsas inkişaf trendlərindən olan gen mühəndisliyi, robot-avtomobilləri, nanotexnologiya, biotexnologiya, təmiz enerji mənbələri, dronlar, bulud sistemləri və bütövlükdə süni intellektin geniş tətbiqi ilə bağlı texnoloji sıçrayış gözləyir.

Biz bu texnoloji dəyişikliyə necə hazırlaşırıq, bu sahədə mütəxəssislər hazırlamaq və dünyanın qabaqcıl üniversitetlərində bu ixtisaslar üzrə təhsil alan tələbələrimizi dəstəkləmək üçün nə etməliyik sualı hökumətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.

Bilirsiniz ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində gənclərimiz dünyanın 30-dan çox ölkəsinin 400 ali təhsil müəssisəsində dövlət hesabına bakalavr təhsili almışlar. Ancaq indi fəaliyyətdə olan təhsil proqramı çərçivəsində yalnız bəzi ixtisaslar üzrə magistr təhsili dövlət tərəfindən dəstəklənir.

Ümumiyyətlə, xarici universitetlərdə oxuyan tələbələrimizin bir dövr üçün yalnız bakalavr ya da magistr təhsilinin dəstəklənməsi təcrübəsini doğru hesab etmirəm. Burada təhsilin hər iki pilləsində dövlət dəstəyinin olması vacibdir.

Yaxşı olardı ki, ən azından, süni inellekt və 4-cü sənaye inqilabının trendinə uyğun digər sahələrdə dünyanın 100 ən qabaqcıl universitetlərində bakalavr pilləsinə qəbul olunan tələbələrimizin də təhsilinə dövlət dəstəyi təmin edilsin.

Hörmətli Baş nazirdən və o cümlədən Təhsil nazirindən xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasın və 2019-2023 -cü illər üzrə müvafiq dövlət proqramında ölkəmizin gələcək inkişafı üçün önəm kəsb edən ixtisaslar üzrə bakalavr təhsilinin maliyyəşləşdirilməsi məqsədilə dəyişiklik imkanlarını nəzərdən keçirsinlər.

Digər bir məsələ Elektron xidmətlərin və rəqəmsallaşmanın əhatə dairəsinin genişlənməsi istiqamətində yeni addımların atılması ilə bağlıdır.

Bugünkü vəziyyət belədir ki, elektron idarəetmənin tətbiqinə hər qurumun öz yanaşması var, bəziləri bunu uğurla tətbiq edərək öz fəaliyyətində səmərəliliyi, əlçatanlığı, şəffaflığı və hesabatlığı təmin edir, neqativ hallara qarşı effektiv mübarizə aparır və idarəetməni modernləşdirir. Lakin bəzi qurumlar isə ya bu yenilikdən ümumiyyətlə istifadə etmirlər ya da onların etdikləri arzuolunan səviyyədə deyil.

Məsələn, rayon İcra hakimiyyətləri ilə birlikdə dövlət büdcəsindən maliyyələşən 250-dən çox qurumdan təxminən 50-də bu və ya digər səviyyədə elektron xidmətlər tətbiq etməkdədir. Yerdə qalan 200 qurumda elektron idarəetmə tətbiq edilməyib.

Elektron və ya rəqəmsal idarəetməyə keçid artıq müasir dövrün tələbidir və biz bu prosesi sürətləndirməliyik.

Çox yaxşı olardı ki, dövlət qurumlarının göstərdiyi bütün elektron xidmətlər vahid elektron xidmət portalında yerləşdirilsin. Fərqli ünvanlarda və mərkəzlərdə toplaşan elektron xidmətlərdən istifadə zamanı vətəndaşlar da çətinliklə üzləşməsinlər. Bu həm də onların maliyyələşdməsi və saxlanma xərclərini optimallşadırar”.

Azay Quliyev deputat seçildiyi 8 saylı Binəqədi 1-ci seçki dairəsinin saciçilərinin iki xahişini də qısa formada hökumətin diqqətinə çatdırıb:

“1. Yanğın təhlükəsizliyi baxımından istismara yararsız olduğunu əsas gətirərək Bakı şəhər Baş Səhiyyə İdarəsi 6-cı mikrorayonda 26 mindən artıq sakinə xidmət göstərən 27 saylı şəhər poliklinikası 2018-ci ilin aprel ayından fəaliyyətini dayandırmışdır. Bu əhali üçün ciddi problemlər yaradır. Müvafiq səhiyyə qurumlarından bu məsələnin həllini xahiş edirəm.

2. 15 binanın təbii qazla təchiz olunması haqqında Nazirlər Kabinetinə olunan müraciətə yenidən baxılması və bu problemin həlli üçün müvafiq addımların atılmasını xahiş edirəm. Problemin detalları haqqında aidiyyatı qurumlar məlumatlıdır”. (modern.az)

AzNews.az