Qadın əməyinə daha yüksək dəyər verməliyik - Musa Quliyev

"Ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidirlər" fikrini birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcəkdir

Bu gün Yeni Azərbaycan Partiyası mərkəzi aparatında "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda çıxışım zamanı söylədiyim bir tezis saytlarda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Müzakirəyə qoşulan və rəy bildirənlərin mövqeyindən asılı olmayaraq bu fikrin diqqət çəkməsi məni sevindirir.

Həmin tezisi burada bir daha qeyd etməklə qadın əməyinə daha yüksək qiymət verməyin cəmiyyətin inkişaf və mədəniyyət göstəricisi olduğunu bir daha vurğulamaq istəyirəm:

"Əmək haqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada hər bir dollar kişi əməyinə yetmiş yeddi sent qadın əməyi qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür.

Azərbaycanda qadınların orta əmək haqqısı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8%, səhiyyə və sosial xidmətlər sahəsində 63,9%, təhsil sahəsində isə 79% təşkil edir.
Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələdə sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, qadınların sayı 225 858 nəfər təşkil edir".

Əlbəttə "ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidirlər" deməklə mən yuxarıdakı arqumenti qüvvətləndirmək niyyəti güdürdüm və bu fikri birbaşa qəbul etmək ciddi adamların ağlına da gəlməyəcəkdir. Məqsədim məişətdə qadınlarımızın zəhmətinə qiymət vermək, onların əməyinin nə qədər dəyərli olduğunu cəmiyyətin diqqətinə çatdırmaq idi. Bu qiyməti isə qadına daha çox hörmət bəsləmək, onun qədir-qiymətini bilməkdən ibarət ola bilər!

(O ki, qaldı, kişilərin etirazına, narahatçılığa əsas yoxdur, belə bir qanun qəbul olunmayacaqdır! )

Mən o çıxışımda başqa təkliflər də vermişdim, təəssüf ki, onlar bir qədər medianın diqqətindən kənarda qaldı.

Mən təklif etmişdim ki:

1. Şəhid anası ordeni təsis edilsin.
2. Pandemiyada fədakarlıq göstərən tibb işçilərimizə ( onların çoxu qadınlardır) dövlətin müxtəlif mükafatları verilsin.
3. Televizyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlarımız, şəhidlərimizin anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin.

İstənilən halda bu məsələlərin gündəmə gətirilməsini və müzakirə edilməsini müsbət hadisə hesab edirəm. Böyük Hüseyin Cavid deyirdi:

Qadın gülsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

Böyük İslam peyğəmbəri Məhəmməd əleyhissalam buyururdu: "Övladlarınız arasında fərq qoymayın, əgər fərq qoyası olsanız, üstünlüyü qızlarınıza verin!"

Musa Quliyev,

Milli Məclisin üzvü