“Bu bir milli liderin öz xalqı ilə bütövlüyünün təcəssümü idi”

Millət vəkili: “İlham Əliyevin türk dünyası qarşısında ən böyük xidməti 100 il əvvəl pozulmuş bu vahid etnosiyasi coğrafiyanın fiziki bütövlüyünü bərpa etməsidir”

İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Nişanını Azərbaycan dövlətinin başçısına təqdim edib.

Bununla bağlı millət vəkili Hikmət Babaoğlu AzNews.az analitik informasiya portalına danışıb.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması onun Türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir.

“İstər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istər bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində Azərbaycan Prezidentinin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edibdir. Nəticədə isə hazırda beynəlxalq təşkilatlar arasında özünəməxsus yer tutması ilə bərabər həm də mühüm strateji cazibə mərkəzlərindən birinə çevirilib. Ona üzv olmaq istəyən ölkələrin sayı ciddi şəkildə artıb. Ancaq Prezident İlham Əliyevin türk dünyası qarşısında ən böyük xidməti 100 il əvvəl pozulmuş bu vahid etnosiyasi coğrafiyanın fiziki bütövlüyünü bərpa etməsidir. Bu tarixi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır . Türk Dövləti Təşkilatına üzv olan ölkələrin liderləri İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi ilə bağlı qərar qəbul edərkən məhz bu ümumu mənafelərə xidmət edən reallığı nəzərə alaraq veriblər. Ali Ordeni təqdim edərkən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə xitabən,onu Müzəffər Ali Baş Komandan adlandıraraq bidirdi ki , qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır", - deyə deputat əlavə edib.

Millət vəkilinin sözlərinə görə, türk dünyasının fiziki bütövlüyünə xidmət edəcək bu mühüm tarixi hadisə bütün türk dünyası ölkələri üçün yeni iqtisadi-siyasi və strateji perspektivlər yaradır: “Hər şeydən öncə bu təqribən 150 milyona yaxın insanın və təqribən 1.5 milyard dollarlıq ümumdaxili məhsul istehsalı imkanlarının qarşılıqlı və birbaşa əlaqəsinin yaradılması deməkdir. Hələ 2009-cu ildə Naxçıvanda Türk Şurası yaradılarkən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu perspektivlərə toxunaraq türk dünyasının fiziki birləşməsi, Naxçıvanın anklav vəziyyətdən çıxarılması istiqamətində mühüm addımların atılması məsələlərinə toxunmuşdu.

Hazırda isə həyata keçirilən dərin hərbi-siyasi strategiya sayəsində bu artıq reallıqdır. Eyni zamanda Türk Dövlətləri Təşkilatına yeni üzvlərin qəbul edilməsi, xüsusən də qardaş Türkmənistanın bu təşkilata cəlb edilməsi, qardaş Özbəkistanın tam hüquqlu üzv olaraq qəbul edilməsi də son illərdə təşkilatın tarixində baş verən mühüm hadisələrdir. Ona görə də Azərabycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdimhammedovun bu təşkilatın zirvə toplantısında iştirak etməsini məmnuniyyətlə qeyd etdi.

Çünki qısa müddət öncə məhz Azərbaycanın səyləri ilə Türkmənistan və Azərbaycan arasında vaxtilə mübahisə mövzusu olan neft yatağı dostluq adı altında iki qardaş ölkə tərəfindən ortaq istismara cəlb edilmiş yalnız bundan sonra Türkmənistan TDT – yə üz tutmaq barədə qərar qəbul edilmişdir.

Xüsusi qeyd edilməli bir məsələ isə ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi tarixi zəfər bütün qardaş xalqların ilham mənbəyinə çevirilmiş , onlarda milli güvən və qürur hissi yaratmışdı".

Hikmət Babaoğlu sonda vurğulayıb ki, Qardaş Türkiyə və Azərbaycanın güc nümayiş etdirmək və milli iradə ortaya qoymaq cəsarəti isə hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində qibtə yaradacaq bir nümunədir: “Bu eyni zamanda Türk Dövlətləri Təşkilatını yeni cəlbedici formata çevirir. Azərbaycan Prezidenti İlham Əliyev ona təqdim edilən Ali Ordeni Azərbaycan xalqının adından qəbul etdi və bu ordenin məhz xalqımıza verildiyini dedi. Bu bir milli liderin öz xalqı ilə bütövlüyünün təcəssümü idi”.

Şəbnəm Zahir