Ölkə ictimaiyyəti Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının növbəti ildönümünü böyük qürur hissi ilə qeyd etməyə hazırlaşır Ölkə ictimaiyyəti Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının növbəti ildönümünü böyük qürur hissi ilə qeyd etməyə hazırlaşır

Heydər Əliyev ideologiyası milli-mənəvi dəyərlər və milli özünüdərk müstəvisində

Ölkə ictimaiyyəti Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının növbəti ildönümünü böyük qürur hissi ilə qeyd etməyə hazırlaşır

44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin işığında və yeni reallıqların baxış bucağından bu dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salarkən onun böyük ömür salnaməsinin məzmunu və mahiyyəti daha aydın görünür.

Bu zirvədən müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal şəxsiyyət olduğu bir daha təsdiqlənir.

Ona görə də ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycan xalqının keçdiyi milli özünüdərk prosesində Ulu Öndərin müstəsna tarixi roluna nəzər yetirmək, bu sahədəki əvəzolunmaz fəaliyyətini araşdırmaq həm siyasi, həm də elmi-tarixi, nəzəri və praktik baxımdan aktual və faydalıdır.

Ənənə və müasirlik

Ötən əsrin əvvəllərində 1917-ci ilin Oktyabr inqilabı nəticəsində çar Rusiyasının süqutu ilə imperiyanın tərkibində olan bir sıra milli ərazi vahidlərinin dövlət kimi müstəqillik əldə etmələri üçün yaranmış tarixi imkandan yararlanan qurucu babalarımızın səyi nəticəsində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapdı. Cəmi 23 ay yaşamış respublikada bir çox istiqamətdə həyata keçirilən mütərəqqi addımlarla yanaşı, milli özünüdərkin və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin də öz layiqli yerini tutması üçün müəyyən səylər göstərildi. Lakin 1920-ci ilin aprel ayında baş vermiş bolşevik istilasından sonra SSRİ adlı yeni imperiya yarandı və üstün mövqeyə çıxmış kommunist təfəkkürlü yeni siyasi baxışlar fonunda tamamilə fərqli yanaşmalara yön verildi, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da milli oyanışın yenicə közərməyə başlayan ocağının üstünə su ələndi.

XX əsrin 60-cı illərinədək olan dövr sovet dövlət quruculuğu adı altında müstəqil dövlətçilik atributlarının zəifləməsi, Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli ruhlu ziyalıların təqib və repressiyalara məruz qalması ilə yadda qaldı. Tarixdən məlum olduğu kimi, o illərdə SSRİ-yə rəhbərlik etmiş İosif Stalinin siyasi baxışlarına uyğun olaraq, demək olar ki, idarəetmə ilə bağlı bütün məsələlər "kadrlar hər şeyi həll edir" məntiqi əsasında reallaşırdı. Bu, o anlama gəlir ki, Sovetlər İttifaqına daxil olan müttəfiq respublikaların inkişaf səviyyəsi onlara rəhbərlik edən rəhbərlərin şəxsi keyfiyyətlərindən bilavasitə asılı olmuşdur.

Dahi Heydər Əliyev ədalət naminə həmin dövrün müsbət meyillərindən faydalanmaq imkanlarının da olduğuna diqqət çəkirdi. 1994-cü il noyabrın 1-də Türkiyədə yaşayan azərbaycanlılarla görüşündə Ulu Öndər bununla bağlı maraqlı düşüncələrini bölüşmüşdür: "Ötən 70 ildə Azərbaycanın elmi potensialı yaranıb, respublikanın böyük iqtisadi potensialı yaranıb. Azərbaycan qurulub, yaşayıb, yəni Azərbaycan xalqı bu rejimi qəlbən qəbul etməsə də, bu rejimin içərisində öz işini görüb, irəliyə gedib, inkişaf edib". Bununla da Heydər Əliyev istənilən şəraitdə hər bir rəhbərin öz imkanlarının ilk növbədə xalqın rifahının yüksəlməsi və milli-mənəvi dəyərlərinin qorunması naminə səfərbər etmək bacarığını milli mənliyin formalaşmasına təsir göstərən ciddi amil kimi dəyərləndirmişdir.

Bu məntiqi reallığı bütün fəaliyyəti boyu öz müdrik addımları və əməlləri ilə sübut edən Heydər Əliyev azərbaycanlıların milli-mənəvi dəyərlər sisteminin ideoloji əsaslarının formalaşmasına əvəzsiz töhfə vermişdir, xalqı müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında Ümummilli Lider zirvəsinə ucalmış bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına məhz bu amallar üzərindən qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir.

Mərkəzin iradəsinə kor-koranə tabe olan sələflərindən fərqli olaraq, Heydər Əliyev Azərbaycanı inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün ilk növbədə xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini qorumağa çalışmışdır. Çünki o, böyük strateq idi və bilirdi ki, hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi ilk növbədə onun malik olduğu milli-mənəvi potensialdan qaynaqlanır. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli mənliyini qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilir. Bu baxımdan düşünürəm ki, Heydər Əliyevin rəhbərliyinin ilk dönəmində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik. Bunu tarixin özü artıq sübut edib.

Ulu Öndər xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə bağlamaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün böyük işlər görmüşdür. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra respublikaya birinci rəhbərliyi dövründə (1969-1982) Heydər Əliyev hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək böyük siyasi ustalıqla xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirmiş, ictimai şüurdakı xofu aradan qaldırmış, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı, habelə Azərbaycan xalqının milli kimliyi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Məhz bunun sayəsində milli-mənəvi dəyərlərə bəsit və laqeyd baxışlar tədricən aradan qalxmış, milli düşüncənin düzgün məcrada inkişafı sayəsində klassik ənənə ilə müasirlik arasında mənəvi-ideoloji körpü yaranmışdır.

Milli irsə böyük ehtiram

Xalqın milli dirçəlişi, milli qürur hissinin oyanışı məramına yetişmək üçün Heydər Əliyev sovetlər dönəmində yasaq sayılan milli məfkurənin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməmişdir. 70-ci illərdə Azərbaycan xalqını təhdidlərdən qoruyan Ulu Öndər eyni zamanda klassik yazıçı və şairlərin xatirəsini əbədiləşdirmək, onların əsərlərinin təkrar nəşrini təmin etməklə milli ədəbi düşüncənin inkişafına da əsaslı təkan vermişdir. Həmin dövrdə milli məfkurə sahibi olan görkəmli şəxsiyyətlərimizin, vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən sanballı əsərlərin işıq üzü görməsi də Heydər Əliyevin xalqına necə bağlı şəxsiyyət olduğunu təsdiqləyir.

Vaxtilə millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan yazarlarımızı və elm xadimlərimizi, o cümlədən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda himayə edən Heydər Əliyev milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir. Repressiyaya məruz qalaraq 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də Ulu Öndərin milli irsə ehtiramla yanaşan, bu yolda heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Azərbaycan xalqının adət-ənənələrinin, ümumən milli kimliyimizin mühüm komponentlərinin daha çox əksini tapdığı qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"un xilası, hətta bu eposun təbliği məqsədilə bədii filmin çəkilişi, Nizami, Xaqani, Nəsimi, Füzuli,Vaqif, Üzeyir Hacıbəyov və bir çox söz və musiqi sənəti bahadırlarının dahiyanə əsərlərinin, aşıq poeziyasının təkrarsız nümunələrinin bütün sovetlər məkanında təbliği Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan addımlardır. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin həm Bakıda, həm də Moskvada ən yüksək səviyyədə keçirilməsi bunu bir daha təsdiqləyir. Belə bir möhtəşəm tədbirin həm də aşığın doğulduğu Göyçə mahalında keçirilməsində əsas məqsədlərdən biri isə el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin hansı coğrafiyanı əhatə etdiyini, ulu babalarımızın Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırmaq idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz milli soy-kökə bağlantının əsas atributlarından biri olan ana dilinə həssas münasibət olmuşdur. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını dərindən dərk edən, onu bilməyənləri şikəst sayan müdrik rəhbərin bu məsələyə münasibəti birmənalı olmuşdur. Totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq əksər təntənəli tədbirlərdə səlis Azərbaycan dilində çıxış etməklə Heydər Əliyev cəmiyyətə doğma dilin digər dillər üzərində dominantlığını qabartmaqla Azərbaycan dilinə bağlı olmağın və tarixi irsi yaşatmağın nümunəsini ortaya qoymuşdur.

1974-cü ildə Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin Dövlət mükafatlarına layiq görülməsi, o cümlədən 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin çapı, Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun yaradılması və nəhayət, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması da Ulu Öndərin ana dilinin xalqı milli özünüdərkə daşıyan ən ciddi amillərdən biri kimi dəyərləndirməsinin daha bir təsdiqidir.

Bir sözlə, sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikamızda böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması bu uzaqgörən siyasətin nəticəsi olmuş, xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki dövlətçilik dəyərləri Heydər Əliyevin hakimiyyəti dövründə ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir.

Şəxsiyyətin gücü

Etnik-mental baxımından əsl azərbaycanlı dünyagörüşünə malik olan Ulu Öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmasının şəxsi nümunələrini göstərmişdir. Böyük dövlət xadimi Heydər Əliyev siyasətdə də mənəvi dəyərləri - əxlaq, sadəlik, düzgünlük, vicdan, ləyaqət, məğrurluq, mərdlik, qorxmazlıq kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir. Bu mənada həmin illərdə hüququn aliliyi və cəmiyyətin mənəvi saflığı uğrunda mübarizə respublika rəhbərliyinin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biri olmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra o dövr respublikada tüğyan edən rüşvətxorluqla amansız mübarizəyə start verilmiş, bütün səviyyələrdə hüquq-mühafizə orqanlarının şəxsi heyəti milli sərvətin elementi olan yüksək savada malik sağlam düşüncəli milli kadrlarla formalaşmağa başlamışdır.

Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan xalqının milli mənliyini qorumaq üçün ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt reaksiya verməsi, respublikada milli-azadlıq hərəkatının genişlənməsi bir çox siyasi texnoloqun rəyinə görə məhz Heydər Əliyevin o dövrədək formalaşdırdığı möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdı. Ulu Öndər Sovetlər Birliyinin ali rəhbər strukturlarında çalışdığı illərdə də bu ideologiyanın inkişafına sanballı töhfələr vermişdir. O, Moskvada çalışdığı 1982-1987-ci illərdə Azərbaycandan diqqətini əsirgəmir, xalqın milli dirçəlişi, milli qürur hissinin oyanması üçün əhəmiyyətli addımlar atırdı. Ulu Öndər Azərbaycanda zaman-zaman baş qaldıran separatizm meyilləri qarşısında aşılmaz sipərə çevrilmişdi. Təəssüf ki, erməni mafiyasının əlində oyuncağa çevrilmiş Mixail Qorbaçovun Heydər Əliyev şəxsiyyətinə bəslədiyi qısqanc münasibət sonda Ulu Öndərin böyük siyasətdən getməsi və siyasi proseslərdən təcrid olunması ilə nəticələndi.

Lakin özünün və ailəsinin real təhlükə ilə üz-üzə qalmasına baxmayaraq, 1990-cı il qanlı 20 Yanvar faciəsinə ilk olaraq kəskin etirazını bildirən və ən cəsarətli, dəqiq və obyektiv siyasi qiymət verən də Heydər Əliyev oldu. Onun bəyanatından ruhlanan Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da vüsət aldı.

Müstəqilliyin bərpasına gedən yol isə çox keşməkeşli olub, sürətlə bir-birini əvəzləyən siyasi hadisələr fonunda Azərbaycan xalqının mənəvi sarsıntıları ilə müşayiət edilib. O dövrdə hakimiyyət uğrunda mübarizə, separatizm meyilləri, qanunsuz silahlı dəstələrin lokal şəkildə hadisələri idarə etməsi xalqın heysiyyatı ilə oynayan antimilli qüvvələrin apardığı siyasətin bəhrəsi idi. Bir tərəfdən də bu vəziyyəti fürsət bilən və Heydər Əliyev faktorunun təsirindən qurtulmuş Ermənistan öz havadarlarının köməyi ilə rahat şəkildə Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən çıxmasına və bir neçə ətraf rayonun işğalına nail ola bildi. Bu hadisələrin fonunda AXC-Müsavat cütlüyü meydan hərəkatı dalğası üzərində 1992-ci ilin mayında Prezident Mütəllibovu devirərək hakimiyyəti ələ keçirdi. Beləliklə, ölkəyə səriştəsiz idarəçiliyi ilə rəhbərlik etdiyi cəmi bir il ərzində bu tandem Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu real təhlükə altına saldı.

Azərbaycan xalqı tarixin bu sərt sınaqları üzündən ötən əsrin 90-cı illərinədək vahid ideologiya əsasında təməli qoyulan dövlətçilik ənənələrini formalaşdırmaq, milli mənafelər ətrafında birləşməkdən uzaq düşmüşdü. Yenicə dövlət müstəqilliyini bərpa etmiş cəmiyyətin parçalanma təhlükəsi, milli birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problemə, dövlətin inkişafını əngəlləyən amilə çevrilmişdi.

Tarixi zərurətin diktəsi, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən, Naxçıvandan Bakıya gələrək xalqın harayına yetişən Heydər Əliyev çevik siyasi gedişlərlə qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına yönəlmiş tədbirlər həyata keçirməyə başladı. O, iqtisadi tənəzzülün qarşısını almaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqradasiyası təhlükəsini aradan qaldırmağa nail oldu.

Azərbaycançılıq - milli ideya və milli varlıq

Azərbaycana birinci rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi yeni statusda fəaliyyəti milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin yaşadılması, klassiklərimizin yüzillərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımların atılması ilə səciyyələnir.

Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideologiyaya çevrilmişdir. Təsadüfi deyil ki, ümumxalq partiyasına və dövlətimizin inkişaf strategiyasının ideoloji sütununa çevrilmiş YAP-ın fəaliyyət proqramının əsas prinsiplərindən birini məhz azərbaycançılıq təşkil edir. Bu ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi, milliyyətindən, dini baxışlarından asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların və etnik qrupların dilinin, mədəniyyətınin, adət-ənənələrinin inkişafına şərait yaradılması, dövlət idarəçiliyi orqanlarında onların düzgün təmsil olunması və s. amillər mühüm yer tutur.

Azərbaycanın bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyətlərin müxtəlifliyinin yaranmasına səbəb olub. Bu gün Azərbaycanda tolerantlığın alternativi yoxdur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu ahəngdar şəkildə ehtiva edən tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan dəyərlər toplusu kimi mövcuddur ki, bunun da məzmunu və mahiyyəti Heydər Əliyev milli məfkurəsi ilə tam şəkildə uzlaşır. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Ona görə də bu gün sürətlə inkişaf edən, Şərqlə Qərb dəyərlərinin uğurlu sintezini nümayiş etdirməklə yeni nəsil dünya ölkələri sırasında bənzərsiz tolerantlıq və multikulturalizm örnəyini ortaya qoyan Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq ölkə kimi tanınır. Hətta əsrlər boyu tarixi ərazilərimizə göz dikən, 30 il əzəli Qarabağ torpaqlarını işğal altında saxlayan monoetnik Ermənistana 44 günlük Vətən müharibəsindən sonra çoxmillətli Azərbaycanın sülh əlini uzatması buna ən bariz nümunədir.

Keçid dövründə Ulu Öndər Azərbaycan ailəsinin həyatını əhatə edən çoxsaylı məsələlərin tənzimlənməsinin dövlət səviyyəsində həyata keçirilməsini təmin etmək və qadın hərəkatının fəallaşmasına şərait yaratmaqla yanaşı, həm də ictimaiyyətin diqqətinin qadınların yeni nəslin milli ruhda tərbiyəsindəki roluna yönəldilməsinin vacibliyini önə çəkmişdir. 1998-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü və müvafiq sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) təsis olunması da məhz bu zərurətdən irəli gəlmişdir. Heydər Əliyev Azərbaycan qadınlarının I qurultayındakı çıxışında yüksək milli, mənəvi-əxlaqi keyfiyyətlərə malik qadınlarımızın cəmiyyətdəki yerini və rolunu yüksək qiymətləndirmişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir".

Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərdə Heydər Əliyev Fondunun da müstəsna payı var. Yarandığı ilk gündən fonda uğurla rəhbərlik edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələr də ilk növbədə məhz milli genefondun, milli-mənəvi irsin qorunmasını hədəfləyir. Ölkənin birinci xanımı Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması işinə misilsiz töhfələr verməklə milli dəyərlərimizin himayədarı kimi şöhrət qazanmışdır. Mehriban xanım xeyirxahlığı, nəcibliyi çoxşaxəli ictimai-siyasi fəaliyyəti, ölkəmizi beynəlxalq miqyasda ləyaqətlə təmsilçiliyi ilə Azərbaycan xalqının sevimlisinə və qadınların örnəyinə çevrilmişdir.

Heydər Əliyev cəmiyyətin bütövləşməsi ideyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsinin və xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür. O, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Dünya azərbaycanlıları hərəkatının geniş formada təşəkkül tapması və təşkilatlanması da məhz Ümummilli Liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın milli problemlərin həllinə yönəldilməsinə xidmət edən böyük işlər görmüşdür. Onun təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diaspola İş Üzrə Dövlət Komitəsi) yaradılması və bu qisimdən olan digər strateji addımlar bütün dünyada yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşməsini, harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının özünün milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamasını, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməsini hədəfləyir.

2001-ci ilin 9-10 noyabrında keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyev demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha ortaya qoydu. Bu tarixi hadisə sübut etdi ki, xalqımızın və dövlətimizin çətin günlərində Azərbaycanı özünün doğma vətəni sayan müxtəlif xalqların və millətlərin nümayəndələri bu torpaq üçün canlarından keçməyə hazırdırlar, 50 milyonluq dünya azərbaycanlılarının ürəyi isə hər zaman doğma Azərbaycanın nəbzi ilə bir vurur.

Bu yaxınlarda, "Şuşa ili"ndə və məhz Ulu Öndərin anadan olmasının növbəti - 99-cu ildönümü ərəfəsində Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilməsi də bu baxımdan böyük siyasi əhəmiyyət kəsb etməklə yanaşı, həm də böyük rəmzi məna daşıyır. Adı tarixə Zəfər qurultayı kimi düşən bu forum bir tərəfdən Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, digər tərəfdən isə Vətənini və xalqını canından artıq sevən Ulu Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.

Bahar MURADOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru