“ƏDALƏTƏ SÖYKƏNƏN GÜC” OLMAQ YOLUNDA

3 ildə görülən 30 ilin işi...

Bu gün Azərbaycanda ən çox və ən sərt şəkildə tənqid edilən, ancaq eyni zamanda həm də ən çox işləyən və varlığına ehtiyac duyduğumuz bir peşə təmsilçilərinin – Polislərimizin bayramıdır.
“İş olan yerdə səhv də olar, səhvə görə tənqid də” məntiqiylə yanaşanda, ilk baxışdan Azərbaycan polisinin tənqidinə normal baxıla bilər. Ancaq problem ondadır ki, bu gün Azərbaycan polisi öz işində yol verdiyi hansısa səhvindən daha çox, məhz hamının əvəzindən işlədiyinə, çalışqanlığına, seçilib fərqləndiyinə görə əsas tənqid hədəfinə tuş gəlir və məqsədli şəkildə də gözdən, nüfuzdan salınır.
Səbəbi isə çox sadə və hamının bildiyi bir gerçəkdir: uzun illərdir, Azərbaycan polisi bütövlükdə Azərbaycan dövlətini və bu dövləti idarə edən siyasi hakimiyyəti qoruyan polad zireh, qalxan, sipər rolunu oynayır və bu zirehi dəlmədən, o qalxanı sındırmadan, həmin sipəri dağıtmadan, nə dövləti yenmək mümkündür, nə də onu idarə edəni.

Elə ona görə də dövləti zəiflətmək, hakimiyyəti yıxmaq və ya özüylə hesblaşmağa vadar etmək istəyən hər kəs - içdəki-çöldəki düşmənlərin, rəqiblərin hamısı - polisə münasibətdə birləşərək, eyni mövqedən çıxış edirlər. Sosial şəbəkələrdə polis əleyhinə əsasən də son 3 ildə gücləndirilən anti-polis təbliğatının kökündə, qayəsində elə məhz bu amil dayanır.

Halbuki son 3 ildə, konkret desək, general-polkovnik Vilayət Eyvazovun Daxili İşlər naziri vəzifəsinə təyinatından sonra Azərbaycan polisi ən çox islahat aparılan, yaxşı mənada forma və məzmun dəyişikliyinə məruz qalan, əsasən də gənc milli kadr heyətinin aparıcı strukturlarında sürətlə önə çəkildiyi və xalqa xidmət işinin keyfiyyətcə yeni mərhələyə keçirildiyi sahələrdən biri, bəlkə də, birincisidir. Təkcə son 3 ildə, az qala, 30 ilin yolu gedilib, işi görülüb, sadəcə zaman və vicdan gərəkdir ki, görülən işlər daha yaxşı görünsün, bilinsin, dilə gətirilsin...

Heç uzağa getməyək: bütövlükdə ölkədə nəinki hər dövlət strukturunun, hətta hər bir kəsin belə, nəyə qadir olduğunu göstərən iki kritik hadisə - pandemiya və ardınca da Vətən Savaşı zamanı hamımız onu gördük ki, böhran situasiyalarına ən hazırlıqlı çevik qurum məhz Daxili İşlər Nazirliyi, belə kritik anlarda bütün dövlət qurumlarının yükünün üzərinə qoyulduğu təbəqə də məhz Azərbaycan polisləridir...

Bununla belə, tənqidlərin arası kəsilmir, əksinə, hər gün bir az da artır. Hətta açıq təhqirlərə də keçilir və bu zaman unudulur ki, o polis kənardan ölkəmizə gətirilməyib - bizimdir, özümüzündür, özümüzünkülərdir - atalarımız, qardaşlarımız, oğul və qızlarımızdır... Ancaq onlara qarşı ictimai rəydə elə bir qəzəb və onlardan elə obraz yaradırıq ki, sanki Azərbaycan polisinin bizə aidiyyəti yoxdur, xalqın düşmənidir, polis olmasa, ləğv edilsə, hər işimiz düzələcək...
Reallıqsa odur ki, o “bəyənmədiyimiz” və ən çox tənqid etdiyimiz polis olmasa, artıq milli xarakterimizə çevrilməkdə olan “ictimai nizamsızlıq”da, yumşaq desək, yenidən itib-batarıq: sıralarımızda çoxluq təşkil edən harın qoluzorlu və biqeyrət pəzəvənglər yenidən baş qaldırar, həyatımıza “yeni nizam”, “qayda” gətirər, ən yaxşı halda, ya silahla, ya da silah altda yatıb-qalxarıq ki, daha bir neçə onilliklər geri düşərik...

Əlbəttə, könül istərdi ki, indi Azərbaycan polisinin təkcə ölkədə sabitliyin, ictimai asayişin yeganə təminatçısı olması fikriylə kifayətlənməyək, öyünməyək, o, həm də bütövlükdə ədaləti və qanunu qoruyan ən etibarlı dövlət qapısına çevrilsin, hamı tərəfindən sevilsin, hər kəs ona güvənsin.
Ancaq bunun üçün təkcə polisin yox, bütün dövlət qurumlarımızın xalq üçün işləməsi, xalqı sevməsi, xalqla yaxınlaşması və hər işdə də yalnız qanunu və Allahı başının üzərində görməsi gərəkdir.

Axı dövlət təkcə polisdən ibarət deyil və polisin də əsas vəzifəsi işləməyən dövlət qurumlarını, məmurları onlardan haqlı olaraq narazı qalan vətəndaşlardan qorumaq, onların önünə çıxmaq deyil, olmamalıdır da. Polis dövlət və millət marağını nəzərə almayanları, dövlət vəzifəsində əyləşib də xalqla hesablaşmayanları, onu heçə sayıb cinayətkar maraqlara xidmət edənləri qoruyarsa, cəmiyyətə ziyan vuran daha böyük cinayətkarları tutub qandallamazsa, hörmətdən, nüfuzdan, etibardan düşər və nəticədə, ictimai rəydə onun ədaləti və qanunu mühafizə edən deyil, sadəcə, vəzifəli şəxsləri qoruyan bir zor aparatı imici yaranar.

Bunu vaxtilə məşhur fransız filosofu və riyaziyyatçısı Blez Paskal daha gözəl və yığcam ifadə edib: “Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyə güc isə zalım olar”.

Bizsə Azərbaycan Polisini dövlətin məhz ədalətə söykənən və ədaləti qoruyan güc sifətində görmək istəyirik! Çünki yalnız bu halda azğının qabağı alınar, məzlumun haqqı qorunar, beləcə, vətəndaş da öz dövlətinə etibar edər, ona ata, ana kimi baxar! Uzunmüddətli, qalıcı sabitlik, əmin-amanlıq da yalnız onda təmin olunar!

Mən çox sevinirəm ki, bu gün Azərbaycan polisinin başında onu məhz bu cür görmək istəyən, rəhbərlik etdiyi sahənin gələcəyi ilə bağlı çox aydın təsəvvürləri olan və bu yöndə yorulmadan çalışan, Prezidentin də işinə görə daim çox yüksək etimad və ehtiram göstərdiyi, öz milli polis məktəbimizin ləyaqətli bir yetirməsi durur!

Bu gün mən hədəfi, qayəsi dövlətimizi və millətimizi qorumaq olan, əynindəki ay-ulduzlu mundirin və belindəki silahın məsuliyyətini anlayan, imtiyazını və gücünü qanunun və ədalətin qorunmasına, cinayətkarlıqla mübarizəyə yönəldən bütün ləyaqətli, vətənpərvər və cəsur polislərimizi səmimiyyətlə təbrik edirəm!

Bayramınız mübarək, əziz Azərbaycan Polisi! Ədalətə söykənəcək və onu qoruyacaq gücünüz heç zaman tükənməsin!

Elxan ŞÜKÜRLÜ