Qaribaşvilinin baş nazir postundan istefa verməsinin səbəb və nəticəsi

Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili Tiflisidə mətbuat konfransında vəzifəsini tərk etdiyini açıqlayıb. Qərar hakim “Gürcü Arzusu” partiyası tərəfindən siyasi şurada qəbul edilib və partiyanın fevralın 1-nə nəzərdə tutulmuş qurultayında rəsmən elan olunacaq.

“Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir postunu tərk edirəm”, – deyə Qaribaşvili bildirib.

O, həm də bu istefanın arxasında nəyin dayandığı barədə bəzi ipucları verib. Gələcək planlarından danışan Qaribaşvili bildirib ki, ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini icra etmək barədə təklifi qəbul edib.

Xatırladaq ki, “İmedi” telekanalı “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyinin Baş nazir postuna irəli sürüləcəyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, İ.Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.

"Ambebe"nəşrinin iddiasına görəı, baş nazir postunu tezliklə “Gürcü arzusu”nun hazırkı sədri, Gürcüstan parlamentində çoxluğun lideri İrakli Kobaxidze tuta bilər. Kadr dəyişikliklərinin 2024-cü ilin oktyabrına təyin edilmiş Gürcüstan parlamentinə seçkilərlə bağlı ola biləcəyi də vurğulanır.

“Siyasi komandamızın gücünü artıran ən mühüm amillərdən biri daxili demokratiyadır ki, bunun ən bariz təzahürü rotasiya prinsipidir. Komandada çoxlu uğurlu liderlər var və başqalarına da imkan vermək lazımdır”.

Qaribaşvili qeyd edib ki, komanda indi yeni çağırışlarla üz-üzədir və “Gürcü arzusu” partiyası bu payızda keçiriləcək parlament seçkilərində “inandırıcı” qələbəyə hazırlaşmalıdır.

Hakim komandada Baş Nazirin istefa verməsi eyni zamanda yeni dəyişikliklərin də olacağının işarəsisdir. Yeni Baş Nazir nazirlər arasında da keçid dövrü üçün, yəni parlament seçkilərinə qədər fəaliyyət göstərəcək nazirlər təyin edə bilər. Əsas məqsəd Qaribaşvilinin də dediyi kimi parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi və hakimiyyətdə yolun davam etdirilməsidir.

Hakim komandada dəyişiklik hakim partiyanın yaradıcısı Bidzina İvanişvilinin Gürcüstan siyasətinə qayıtmasından bir ay sonra baş verib.

Hakimiyyətin tənqidçilərinin Gürcüstanı qeyri-rəsmi və təkbaşına idarə etməkdə ittiham etdiyi İvanişvili dekabrın 30-da partiyanın fəxri sədri olub.

Həmin gün yeni nizamnamə təsdiq edilib ki, ona əsasən fəxri sədr baş nazirin namizədliyini siyasi şuraya təqdim edə bilər.

Qaribaşvili məhz İvanişvilinin sadiq müttəfiqi hesab olunur. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra o, iki dəfə ölkənin baş naziri olub.

2013-cü ildə o, İvanişvilinin özünü baş nazir kimi əvəz edib, daha sonra 2021-ci ilin fevralında Giorgi Qaxaria Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verdikdən sonra baş nazir olub.

Bütün yollar Romaya apardığı kimi Gürcüstanda baş verən siyasi proseslərin arxasında İvanişvilinin dayanması heç kimdə şübhə yaratmır. Amma həm Gürcüstanda, həm də regiondaki siyasi dairələri narahat edən bir məsələ var: Rusiyanın siyasi maraqlarına qulluq edən Bidzina İvanişvili oktyabrdan sonrakı mərhələdə Gürcüstanda vəziyyəti əvvəlki illərdə olduğu kimi öz nəzarəti altında saxlaya biləcəkmi?

Əlimusa İbrahimov,

Politoloq