- Tribuna
- 17:16
- 2 796
Riyakarlığın İran nümunəsi - Rektor yazır
İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunu qətiyyətlə pisləyirəm. Bu hücum Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olmaqla, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin açıq və kobud şəkildə pozulmasıdır.
İran İslam Respublikası bu hadisəyə görə tam məsuliyyət daşıyır. Mülki obyektin – vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması qəbuledilməzdir və bu addım molla rejiminin siyasi riyakarlığının açıq təzahürüdür, regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır. Bu səbəbdən İran tərəfi qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, rəsmi izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisi heç vaxt İran və ya başqa bir ölkə üçün təhlükə mənbəyi olmayıb. Hətta ən çətin məqamlarda belə Azərbaycan tərəfi humanist mövqeyini qoruyub. Bu kontekstdə Azərbaycan Prezidenti cənab İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı vermiş, İran səfirliyini ziyarət etmiş və həmrəylik nümayiş etdirmişdir.
Belə bir şəraitdə İran tərəfinin Naxçıvan hava limanına zərbə endirməsi yalnız hərbi təxribat deyil, həm də mülki əhaliyə və infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.
Təəssüf ki, İran hakimiyyətinin siyasətində uzun illərdir azərbaycanlılara qarşı ayrı-seçkilik faktları mövcuddur. Bu rejim İran ərazisində yaşayan milyonlarla azərbaycanlını bir çox hüquqlardan məhrum edib, milli fəalları təqib edib, onları müxtəlif formalarda cəzalandırıb. Bu siyasət regionda etimad mühitinə ciddi zərbə vurur.
Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək öz təhlükəsizliyini təmin etmək və adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Azərbaycan güclü dövlətdir və öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa qadirdir. Regionda sülh və sabitlik istəyən hər bir dövlət bunu anlamalı və məsuliyyətli davranmalıdır. Azərbaycanın səbrini zəiflik kimi qiymətləndirmək isə böyük strateji səhv olar.
Ədalət Muradov
UNEC-in rektoru
professor