Ukrayna qardaş ölkəyə sammit keçirmək üçün müraciət edib

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Ukrinforma açıqlamasında Antalya Diplomatiya Forumundakı (ADF 2026) təmaslarını dəyərləndirib və forumun yeni tərəfdaşlıqlar qurmaq üçün mühüm imkan yaratdığını bildirib.

Sibiqa qeyd edib ki, müharibə şəraitində olan ölkənin naziri kimi belə platformalarda çoxsaylı görüşlər keçirmək və yeni əməkdaşlıqlar qurmaq vacibdir. O, Ukraynanın beynəlxalq diqqət mərkəzində qalması üçün ADF-nin əhəmiyyətini vurğulayıb.

Türkiyə ilə münasibətlərə toxunan Sibiqa iki ölkə arasında strateji əməkdaşlığın mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə NATO üzvü və güclü orduya sahib ölkədir, Ukrayna isə artıq Avropada və dünyada ən güclü ordulardan birinə çevrilir. Bu isə yaxın əməkdaşlıq üçün zəmin yaradır.

Nazir həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və 2025-ci ildə təxminən 40% yüksəldiyini qeyd edib, daha böyük potensialın mövcud olduğunu vurğulayıb. O, regionda Türkiyənin rolunun vacibliyini qeyd edərək Ukrayna–Türkiyə–Suriya kimi yeni əməkdaşlıq formatlarının mümkün olduğunu deyib.

Sibiqa əlavə edib ki, Ukrayna tərəfi Volodimir Zelenski ilə Vladimir Putinin Türkiyədə görüşünün təşkili üçün müraciət edib və belə bir görüşə hazırdır. O bildirib ki, bu görüşdə Rəcəb Tayyib Ərdoğan və Donald Trampın da iştirakı mümkün ola bilər.

Sibiqa vurğulayıb ki, Ukrayna müharibəni bitirmək istəyir və Türkiyənin sülh prosesində mühüm rol oynaya biləcəyinə ümid edir.