Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular... - İFŞA

İşğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş Almaniya Bundestaqının deputatı Albert Valyerin erməni mafiyası ilə əlaqələri üzə çıxıb.

AzNews.az-ın məlumatına görə, Almaniya mətbuatında Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair məlumatlar dərc olunub.

Araşdırmada adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vaylerdir. Bu həmin Valyerdir ki, o, Almaniya Kansleri Anjeka Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmağa çalışırdı. Azərbaycan tərəfindən onun ölkəmizə səfərinə icazə verilmədi. Hazırda həmin şəxsin adı Almaniyada həbs olunan erməni mafiyası ilə əlaqələrdə hallanır. Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Almaniya vətəndaşlarının erməni mafiyası ilə əlaqələri Almaniyanın xüsusi xidmət orqanları tərəfindən köklü araşdırılmalıdır.

Məqalədə sadalanan faktlarda bildirilir ki, 2014-cü ildə Türinqen federal torpağının Erfurt şəhərindəki kazinoların birində erməni cinayətkar dəstələr arasında atışma baş verib və bir nəfər yaralanıb. 2017-ci ildə cinayətin iştirakçılarından biri azadlıqdan məhrum edilib, digər dörd nəfəri isə şərti azadlığa buraxılıb. Hadisənin motivlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması nəticəsində Almaniyada erməni cinayətkar klanların mövcudluğu və onlar arasında mübarizənin getdiyi məlum olub. Sözügedən atışmadan bəri Türinqen federal torpağında avtomobillərin və bir restoranın qəsdən yandırılması, Erfurt şəhərində bir erməniyə məxsus restorana 15 nəfərlik dəstənin hücum etməsi, Qöttinqen şəhərində və Ayxsfeld rayonunda ermənilər arasında kütləvi əlbəyaxa davaların olması halları baş verib.

Erfurtdakı atışmadan sonra Almaniya Federal Kriminal İdarəsi (Bundeskriminalamt, BKA) və 6 federal torpağın kriminal idarələrindən ibarət yaradılmış təhqiqat qurpu “qanuni oğrulara qarşı mübarizə” (“Fight against thieves in law”, FATIL) kod adlı illərlə davam edən əməliyyat həyata keçiribr. Bu, Almaniya tarixində mütəşəkkil cinayətkarlıqla mübarizədə ən böyük əməliyyatlardan hesab olunur.

Məqalədə BKA-nın sözügedən əməliyyata dair 19 səhifəlik məxfi hesabatına istinad edilir. BKA-nın hesabatında Almaniyada erməni mafiyasının mövcud olduğu, onun Rusiya-Avrasiya bölgəsindən olan digər qruplaşmalarla birlikdə böyük maliyyə resurslarına malik olduğu və hüquqi dövlətçilik üçün təhlükə yaratdığı bildirilir. Erməni cinayətkar dəstələrin kiçik və diqqət çəkməyən, amma olduqca qəddar olduğu, onlara “qanuni oğrular” rəhbərlik etdiyi diqqətə çatdırılır.

Hesabatda erməni mafiyasının kazino avtomatlarının manipulyasiyası, mütəşəkkil şəkildə oğurluq, soyğunçuluq, siqaret qaçaqmalçılığı, miqrantların ödəniş müqabilində Almaniyaya gətirilməsi ilə məşğul olduğu qeyd edilir. Cinayətkar dəstələrin həm öz qazandıqları, həm də xaricdən köçürmə yolu ilə əldə etdikləri “çirkli” pulları Almaniya və Qərbi Avropada daşınmaz əmlaka yatırım etməklə “yuduqları” iddia olunur. Almaniyada qanuni əsaslarla yaşaya bilmək üçün əksər cinayətkarların yerli qadınlarla yalançı nikaha daxil olduğu qeyd edilir.

Bildirilir ki, FATIL əməliyyatı Almaniyada yaşayan erməni əsilli Karo Murat və Artur Abraham adlı dünya şöhrətli peşəkar boksçuların da cinayətkar ünsürlərlə əlaqələrini üzə çıxarmışdır. Erfurtdakı atışma zamanı Karo Muratın avtomobili və əl telefonunun orada olduğu müəyyən edilmişdir. Hadisənin bəzi iştirakçılarının əl telefonları Artur Abrahamın “Abraham Boxing GmbH” adlı şirkətinin ünvanında qeydiyyatda olmuşdur. Artur Abraham araşdırmaçı jurnalist qrupunun məsələyə dair suallarını cavabsız qoymuş, Karo Murat isə onun cinayətkar ünsürlərlə əlaqələrini “uydurma” adlandırmışdır.

FATIL əməliyyatı nəticəsində Almaniyada 14 cinayət işi açılmış, 42 nəfərin maliyyə əməliyyatları nəzarətə götürülmüşdür. Almaniyanın xarici kəşfiyyat orqanı olan BND və Avropol polis təşkilatı həmin şəxslərin fəaliyyətinin izlənilməsində FATIL əməliyyatına dəstək göstərmişlər.

Amma bütövlükdə əməliyyatın nəticəsiz qaldığı, hüquq-mühafizə orqanlarının yuxarıda sadalanan məlum faktları məhkəmə qarşısında sübut edəcək kifayət qədər dəlil toplaya bilmədikləri bildirilir. Buna səbəb kimi cinayətkar qruplaşmaların təklikdə fəaliyyət göstərmələri, onlar arasında ünsiyyətin əsasən qapalı messencer xidmətləri üzərində həyata keçirilməsi, eyni zamanda hüquq-mühafizə orqanlarının təhqiqat üçün resurslarının kifayət etmədiyi (əsas resurslar radikal islamçılara qarşı səfərbər olunduğu üçün) və cinayətkarların smartfonlarını izləyə bilmək üçün zəruri proqrama sahib olmadıqları göstərilir.

Kifayət qədər dəlil-sübut olmadığından prokurorlar cinayət məcəlləsinin 129-cu maddəsi (mütəşəkkil cinayətkarlıq) ilə cinayət işinin açılmasına cürət etməmişlər. Buna baxmayaraq, BKA-nın hesabatında kriminal avtoritetlər və “qanuni oğruların” bütün Avropa boyunca məskunlaşdığı və şəbəkələşdiyi əsas gətirilərək, açıq izlərin araşdırılmalı və Avropa səviyyəsində birgə tədbirlərin görülməli olduğu məqsədəuyğun sayılır.

Xəbər verilir ki, BKA-nın məxfi hesabatında FATIL əməliyyatının Almaniyadakı erməni kriminal ünsürlərin Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanla əlaqələrinin olduğunu üzə çıxardığı barədə məlumat vardır. BND-nin hələ 2008-ci ildə hazırladığı xidməti arayışda o zamanlar Səfirliyin adi əməkdaşı olan Smbatyanın Almaniyaya miqrantların gətirilməsi biznesində iştirak etdiyi, onun özünün “qanuni oğru” olduğu və Yerevanda cinayətkar aləmdə ad çıxardığı qeyd edilir. BKA-ın hesabatında Smbatyanın hələ də “qanuni oğru” olmasına dair dəlillərin olmadığı və onun İnterpolun “qanuni oğrular” siyahısında yer almadığı diqqətə çatdırılır.

Bununla belə, xəbər verilir ki, alman banklarından birində olan hesabına dəfələrlə böyük məbləğdə nağd pul yatırması ilə əlaqədar Berlin prokurorluğunun 2005-ci ildə Smbatyana qarşı “çirkli pulların yuyulması” ehtimalı ilə təhqiqat başlaması məlumdur. Smbatyan o zaman ittihamlara cavab olaraq bildirib ki, “xaricdən gələn köçürmələr Ermənistan səfirliyinin ümumi təcrübəsinin bir hissəsidir”. Smbatyana qarşı sözügedən təhqiqat sonradan dayandırılmışdır. Smbatyana qarşı eyni zamanda Ermənistanın keçmiş naziri və imkanlı iş adamının qızı ilə əlaqələrinə görə təhqiqat aparılmış, amma həmin təhqiqat da nəticəsiz qalıb.

Məqalədə Smbatyanın öz vəkili vasitəsilə bütün ittihamları rədd etdiyi də bildirilir. O, 2005-ci ildəki təhqiqatdan xəbəri olmadığını, sözügedən “nazir qızı” ilə əlaqələrinin isə yalnız 2016-cı ildə həmin adama avtomobil satışından ibarət olduğunu deyib. Smbatyan özünün Ermənistanda bir mənzil və torpaq sahəsinin sahibi olduğu, gəliri və əmlakına dair bəyanatının internetdən əldə edilməsinin mümkün olduğunu qeyd etmişdir. O, Almaniya ilə əlaqələrinə dair qeyd etmişdir ki, əvvəllər mübadilə proqramları ilə Drezden, Leypsiq və Berlində təhsil almış, 1999-2008-ci illərdə Ermənistan səfirliyinin əvvəlcə “assistenti”, sonra isə inzibati rəhbəri vəzifəsində çalışıb, daha sonra isə bir neçə illik Ermənistana geri dönüb. (Qeyd: çox güman ki, Smbatyan sözügedən illərdə səfirliyin ştatdankənar əməkdaşı olmuş, daha sonra Yerevana qayıdaraq XİN-ə qəbul olmuş və sonradan Almaniyaya diplomat olaraq göndərilmişdir).

O da xəbər verilir ki, 2014-cü ildə Ermənistanın o zamankı səfiri xəstəlikdən vəfat etdikdən sonra, Smbatyan gözlənilmədən səfir təyin edilib. Səfir olduğu müddətdə Smabtyan bir neçə federal torpağın daxili işlər nazirliklərində, o cümlədən 2017-ci ildə AFR-in Federal Daxili İşlər Nazirliyində görüş keçirib, erməni mafiyası haqda xəbərlərin Ermənistanın can atdığı viza sadələşdirilməsi məsələsinə mənfi təsirlərindən ehtiyat etdiyini dilə gətirib və AFR-in hüquq-mühafizə orqanlarına erməni mafiyasına qarşı mübarizədə yardımını təklif etmişdir. BKA isə 2018-ci ilin mart ayında məsələyə dair xidməti arayışında Ermənistan dövlət strukturlarının “qanuni oğrularla” mümkün əlaqələrini nəzərə alaraq Ermənistan rəsmiləri ilə bu sahədə dərin əməkdaşlığı məqsədəuyğun hesab etməyib.

Məqalədə həmçinin Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Smbatyanın taleyinə dair iki versiyanın mövcud olduğu qeyd edilir. Bəziləri onun keçmiş prezident Sarksyanın yaxın ətrafına aid olduğu və buna görə də vəzifədən geri çağırılmasına sayılı günlər qaldığını bildirir, digərləri isə onun rejim dəyişikliyindən “sağ” çıxdığını iddia edir və sübut kimi yaxınlarda həm də Lixtenşteynə səfir təyin olunduğunu göstərirlər.

Eyni zamanda, jurnalistlərin araşdırmasında Almaniya-Ermənistan Forumuna və onun erməni mafiyası ilə mümkün əlaqələrinə toxunulur (Qeyd: Sözügedən təşkilatın qurucusu və sədri, Bundestaqın deputatıAlbert Vaylerdir. Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında olan Vayler Kansler Merkelin Azərbaycana səfəri zamanı yaratdığı qalmaqalla yadda qalmışdır.

Məqalədə vurğulanır ki, Smbatyanın səfir olduğu müddətdə yaradılmış Almaniya-Ermənistan Forumu Ermənistanın ən mühüm lobbi təşkilatıdır. Təşkilatın 34 qurucusu arasında deputat Albert Vayler, onun əməkdaşları, Berlin Senatının bir əməkdaşı, AFR XİN-in əməkdaşı (Qeyd: çox güman ki, Almaniyanın Ermənistanda keçmiş səfiri, Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında olan Hans-Yoxen Şmit nəzərdə tutulur), səfir Smbatyan və onun arvadının adı çəkilir.

Bildirilir ki, Forumun təsis yığıncağının ilk xatirə şəklində Murat Karo da vardır. Yuxarıda sözügedən mövzuyla bağlı suala cavab verən Vayler erməni səfirinə qarşı ittihamlardan təəccübləndiyini, onun hansısa qanunsuz hərəkətlər etdiyini təsəvvür edə bilmədiyini, amma bu faktın “onun insan haqda təsəvvürünü” dəyişə biləcəyini deyib. Vayler həmçinin şəxsi məlumatların mühafizəsini əsas gətirərək boksçu Muratın Forumun üzvü olub-olmaması haqda sualı cavabsız qoyub.

Qeyd edək ki, Almaniyanın ictimai MDR televiziyası və Der Spiegel jurnalının məsələyə dair birgə araşdırması Spiegel “online” xəbər saytında dərc olunub: (http://www.spiegel.de/plus/mafia-wie-die-armenische-mafia-in-deutschland-vorgeht-a-00000000-0002-0001-0000-000160489407).

Sözügedən məsələyə dair 07.11.2018 tarixində, yerli vaxtla saat 20.45-də MDR televiziyasında “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli film efirə gedib.

AzNews.az