ABŞ-a məxsus hərbi gəmi Rusiya bazasına yaxınlaşdı

Birləşmiş Ştatlara məxsus "McCampbell" hərbi gəmisi Rusiyanın Sakit okeanda yerləşən bazasının yaxınlığından keçib.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Rusiyaya həddən artıq olan dəniz iddiaları ilə bağlı xəbərdarlıq etmək, həmçinin ABŞ və digər ölkələrin dənizdə azad üzmək hüququnu qorumaq üçün "McCampbell" gəmisi Böyük Pyotr körfəzinin ətrafında üzüb" - deyə ABŞ-ın Sakit okeandakı donanmasının nümayəndəsi Reyçel Makmarr bildirib.

O vurğulayıb ki, bu addım Rusiyaya qarşı yönəlməyib və bu yaxınlarda Qara dənizdə, Kerç boğazında baş verənlərlə bağlı deyil. Makmarr vurğulayıb ki, Birləşmiş Ştatlar hərbçiləri beynəlxalq hüququn imkan verdiyi ərazilərdə uçacaq, üzəcək və fəaliyyət göstərəcək: "Bu, həm Yapon dənizinə, həm də dünyada digər ərazilərə aiddir".

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna ilə Rusiya gəmiləri arasında insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıb. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində Ukraynaya məxsus "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda günahlandırır.

Hadisə ilə bağlı Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Belə ki, hərbi vəziyyət 26 noyabr, Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və 26 dekabr saat 16:00-a qədər davam edəcək.

© AzNews.az