• Qərb
  • 5 Yanvar 2019 10:30
  •  440

Avropada kütləvi etirazlar yenidən qızışır

Kütlədən istifadə edən qüvvələr Fransada xaos yaratmaq niyyətindədirlər

Ötən ilin sonlarından Fransada başlanan “sarı jiletlilər” aksiyaları 2019-cu ilin ilk günlərində də davam edir. Fransadan sonra Belçikada, Macarıstanda da kütləvi etirazlar keçirilir. Avropanı bürüyən aksiyalarda Fransanı Yaxın Şərqə çevirmək, qarşıdurma meydanına çevirmək istəyən kənar güclərin əlinin olduğu iddiaları var. Eyni zamanda bildirilir ki, Fransanın bu şəkildə sıxılması prezident Emmanuel Makronun vahid Avropa ordusu yaratmaq təklifi ilə çıxış etməsinə cavabdır.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Fransanı bürüyən “Sarı jiletlər” aksiyasının prezident Makronun yanacağın qiymətinin qaldırmasına etiraz olaraq meydana gəlməsinə baxmayaraq, burada siyasi çalarlar daha da qabarıqdır. Bundan əlavə, Avropada ultrasağ qüvvələrin meydana gəlməsi, xüsusi ilə inqilaba meylli olan Fransada populyar olması, digər siyasi mərkəzlərin bundan istifadə edərək, ölkədə etiraz dalğasının formalaşmaqla mərkəzi hakimiyyətə təzyiq rıçaqı kimi istifadə etməsinə şərait yaradıb: “Məhz bu etirazlar idarəolunan və məqsədli şəkildə təşkil olunub. Təbii ki, etirazlar sosial problemlərdən meydana gəlib. Hazırda Fransada işsizlik 9% dir. Lakin bu etirazçılar sosial nərdivanın ən alt təbəqəsi yox, orta və fəhlə sinfinin nümayəndələridir. Onların əksəri nə işsiz, nə də ödəməyə qadir olmadığı verginin əleyhdarlarıdır. Necə deyərlər ”işləyən kasıblar"dır, yəni aşağı əməkhaqqı ilə razılaşmaqdan başqa seçimi olmayan insanlardırlar. İşsiz olmadığı üçün onlar və onların problemləri Fransa elitası tərəfindən nəzərə alınmır. Ona görə də bu kütlədən istifadə edən qüvvələr Fransada xaos yaratmaq niyyətindədirlər. Çünki, prezident Makronun son illər vahid Avropa ordusu yaratmaq ideyası, ABŞ-ın siyasi protektorluğunu qəbul etməməsi, Vaşinqtonda qəzəb yaradıb".

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq qeyd etdi ki, ötən il Donald Trampın istefa vermiş milli təhlükəsizlik müşaviri gizli missiya ilə Brüsselə gəlib. Məqsəd Avropada ABŞ-a qarşı siyasəti önləmək, gizli təşkilat yaradıb Avropa İttifaqı ərazisində daxili problemlərdən istifadə edərək narazı kütlə formalaşdırmaqla siyasi hakimiyyətlərə təzyiq etməkdir: “Göründüyü kimi, Fransa prezidenti Makronun müstəqil siyasəti, NATO-dan ayrılmaq cəhdləri ona qarşı müəyyən mərkəzlər tərəfindən bu kimi etirazlar şəklində təzyiq edilməsinə gətirib çıxarıb. Baxmayaraq ki, Makron yanacağın qiymətinin qalxması barədə qərarı ləğv etdi, sosial ödənişləri qaldırdı, lakin hələ də nümayişlər səngimək bilmir. Bu, etiraz aksiyaları artıq siyasi xarakter alıb, məqsəd Makronu siyasi cəhətdən zəiflətmək, onun planlarını pozmaqdır. ”Sarı jiletlər" bir mərkəzdən idarə olunur və dayanaqlı şəkildə güclü təsir mexanizminə malikdirlər. Artıq Fransaya milyardlara dollar məbləğində maddi ziyan dəyib. Belə olan təqdirdə maliyyə cəhətdən yetərli imkanlara sahib olmayan Makron vahid Avropa ordusu ideyasından vaz keçəcək.

Onu da qeyd edim ki, Avropa ilə ABŞ arasında ciddi siyasi-iqtisadi problemlər yaşanır. İrana qarşı sanksiyalar siyasətində fikir ayrılıqları, Vaşinqtonun gömrük tarifini qaldırması, bundan əlavə Avropanın müstəqil siyasəti, xüsusi ilə İttifaqın siyasi güc mərkəzi olan Fransanın ABŞ-a qarşı siyasi reveransları etiraz aksiyaları vasitəsilə rəsmi Parisə təzyiq və Avropanın zəiflədilməsinə və sözəbaxımlı olmasına hesablanan addımların atılmasına gətirib çıxarıb. Lakin düşünmürəm ki, Fransada Yaxın Şərq ssenarisi tətbiq edilsin. Sadəcə, daha sözə baxan bir dövlət olması üçün bu tərzdən istifadə olunur". (Musavat.com)