248 nəfər layihəni dəstəkləyib. 248 nəfər layihəni dəstəkləyib.
  • Qərb
  • 14 Fevral 2019 11:32
  •  1 531

Konqresdən Trampa zərbə

248 nəfər layihəni dəstəkləyib.

ABŞ-ın Yəməndə davam edən müharibədə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsi Konqresin Nümayəndələr Palatasından keçib.

Demokratlar Partiyası üzvlərinin çoxluq təşkil etdiyi Palatada səsvermə zamanı 177 nəfər layihənin əleyhinə çıxıb, 248 nəfər isə onu dəstəkləyib.

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına Yəmənə görə verdiyi hərbi dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsi Senatda da səsverməyə çıxarılacaq.

ABŞ mediası qanun layihəsinin Senatda qəbul ediləcəyi ehtimalının yüksək olduğunu bildirir. Əlavə olunur ki, Donald Tramp administrasiyası bu halda qanun layihəsini rədd edə, ona veto tətbiq edə bilər.

Qanun layihəsində qeyd edilir ki, Əl-Qaida ilə döyüşmədiyi müddətdə Yəməndəki bütün birliklərin və Səudiyyə Ərəbistanı liderliyində həyata keçirilən hava hücumlarına verilən dəstək 30 gün müddətində dayandırılmalıdır.

Xatırladaq ki, bu qanun Senatda qəbul ediləcəyi təqdirdə Trampın Yəmən və Səudiyyə Ərəbistanı siyasətini hədəfə alan ən ciddi zərbə olacaq.

Prezidentliyi dövründə heç vaxt veto hüququndan istifadə etməyən Tramp ilk dəfə Yəmənlə bağlı qanuna veto tətbiq edə bilər.

Qeyd edək ki, ABŞ hökumətinin Yəmən müharibəsindəki rolunun dayandırılmasını nəzərdə tutan qanun layihəsini senatorlardan Berne Sanders, Mayk Li, Xkrist Marfi Senata təqdim edib.(teleqraf.com)

AzNews.az