Prezident xalqı daha çox işləməyə çağırır Prezident xalqı daha çox işləməyə çağırır
  • Qərb
  • 25 Aprel 2019 10:04
  •  1 678

Fransada 35 saatlıq iş həftəsi 39 saatla əvəz oluna bilər

Prezident xalqı daha çox işləməyə çağırır

Fransa 35 saatlıq iş həftəsi 39 saatlıq iş həftəsi ilə əvəz oluna bilər.

Prezident xalqı daha çox işləməyə çağırır. Həmçinin ölkədə illik ümumi bayram günlərinin azaldılması da nəzərdə tutulur.

Fransada təqaüd yaşının artırılması da gözlənilir. Xatırladaq ki, hazırda təqaüdə 62 yaşda çıxırlar.

Fransa Prezidenti Emmanuel Makronun aprelin 25-də mətbuat konfransında bu məlumatları verəcəyi gözlənilir.

Qeyd edək ki, ötən il yanacağın qiymətinin artırılması Fransada böyük etiraza səbəb oldu və 23 həftədir davam edən etiraz nümayişlərinə gətirib çıxardı. Hər şənbə günü “sarı jiletlər” adlanan etirazçılar küçəyə axışaraq sosial vəziyyətin təkmilləşməsini tələb edirlər. Nümayişçilərlə polis arasında qarşıdurmalar, şəhərdə lüks mağazaların dağıdılması ölkəyə “sarı jiletlər” böhranını yaşadır.

Ölkə rəhbərliyi “sarı jiletlər” böhranından çıxmaq üçün cari il yanvarın 15-dən “böyük milli debat”lar təşkil edib. Debatlara seçkili orqanların, eləcə də ictimaiyyətin üzvləri dəvət olunublar. Məqsəd böhrandan çıxmaq üçün xalqı dinləyib, müvafiq islahatlar keçirməkdi. Debatlar martda başa çatsa da, onun nəticələri haqqında məlumat aprelin 15-də Fransa Prezidenti tərəfindən televiziya vasitəsilə xalqa çatdırılmalı idi. Ancaq Notr-Dam kilsəsində baş vermiş yanğınla əlaqədar debatın nəticələri təxirə salındı və aprelin 25-də ölkə Prezidenti tərəfindən xalqa təqdim olunacağı bildirilir.

Debatın nəticələrinə dair Prezident E.Makronun çıxışının əsas məqamları mətbuata sızıb. Mətbuata sızmış məlumatlara əsasən ölkədə nəzərdə tutulan islahatlar arasında yuxarıda sadalanan məqamlar da öz əksini tapır.(AZƏRTAC)

AzNews.az