• Qərb
  • 5 Sentyabr 2019 08:42
  •  1 130

Ağ Ev Gürcüstana yeni səfir namizədini təsdiqlədi

Məsələ ilə əlaqədar Ağ Evin mətbuat xidməti bəyanat yayıb

Ağ Ev ABŞ prezidenti Donald Trampın bu ölkənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Kelli Deqnanın namizədliyini irəli sürdüyünü təsdiqləyib.
Məsələ ilə əlaqədar Ağ Evin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, hazırda ABŞ-ın Avropa və Afrikadakı Hərbi Dəniz Qüvvələrində siyasi məsləhətçi olaraq çalışan Deqnan gələcək vəzifəsinin icrası üçün lazım olan siyasi təcrübəyə malikdir.

"Bu vəzifədən əvvəl Kelli Deqnan ABŞ-ın İtaliyadakı Diplomatik Nümayəndəliyində Missiya rəhbərinin müavini, Dövlət Departamentində İcra katibinin müavini və ABŞ-ın Kosovadakı Missiya rəhbərinin müavini vəzifələrində çalışıb. 25 illik karyerası ərzində Kelli Deqnan, ABŞ-ın NATO-dakı nümayəndəliyinin siyasi məsləhətçisi, Əfqanıstandakı Salerno Briqadası Mübarizə qrupunda baş mülki nümayəndə və ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəliyinin siyasi məsləhətçisi kimi çalışıb. Kelli Deqnan dövlət katibinin köməkçisi və dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi vəzifələrini icra edib. Jurnalistika üzrə bakalavr dərəcəsi və Cənubi Kaliforniya Universitetindən hüquq üzrə doktorluq dərəcəsinə malikdir . Kelli İtaliya, Fransız, Türk və Urdu dillərində danışır ",- deyə məlumatda bildirilib.

Məsələ ilə bağlı ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, ötən ilin martından bəri ABŞ-ın Gürcüstanda səfiri vəzifəsinə təyinat olmayıb. 2015-2018-ci illər ərzində Yan Kelli ABŞ-ın bu ölkədə səfiri olub. Hazırda Elizabet Rudd ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edir. (APA)