• Qərb
  • 27 Sentyabr 2019 08:15
  •  1 711

Polşa yenidən Almaniyadan təzminat tələb etdi

Polyaklar tərəfindən tələb edilən məbləğ 850 milyard dollardan çoxdur

Almaniya bütün məbləği ödəməyincə rəsmi Varşava Berlindən təzminat tələb etməkdə davam edəcək.

Bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, İkinci Dünya Müharibəsi illərində polyaklara vurulmuş zərər tamamilə ödənilməyib. Lakin Almaniya məsələni bağlanmış hesab edir.

Polyaklar tərəfindən tələb edilən məbləğ 850 milyard dollardan çoxdur. 1945-ci ildə keçirilmiş Potsdam konfransının nəticəsinə görə, Varşava SSRİ-nin payına düşən təzminatı alıb, hansı ki, bu məbləğ sovet imperiyasına şərqi Almaniyadan ödənilirdi. Polşa və SSRİ arasında 1954-cü ildə imzalanan razılaşmaya əsasən hər iki ölkə üzrə "qardaş" Almaniya Demokratik Respublikasına qarşı təzminat iddialarından imtina ediblər.

"İkinci Dünya Müharibəsi zamanı Polşaya vurulmuş böyük əzablar və dağıntılar problemi alman tərəfi ilə danışıqlarda qaldırılıb və bundan sonra da qaldırılacaq", - deyə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsində Polşanın insan itkisi 6 milyon nəfərdən çox olub. Faşist Almaniyası ölkənin bir sıra şəhərlərini, o cümlədən Varşavanı yerlə yeksan edib, habelə bu ölkənin sakinlərinə qarşı zorakılıqlar edilib. (Report)