- Qərb
- 19:00
- 1 145
Trump BBC-yə qarşı 1 milyard dollarlıq məhkəmə iddiası qaldırmağa hazırlaşır
ABŞ Prezidenti Donald Tramp bu dəfə BBC-yə qarşı “müharibə” elan edib.
Məlumata görə, Tramp, Böyük Britaniya mərkəzli media qurumu BBC-nin 2021-ci ildə baş verən Konqres basqını ilə bağlı çıxışını kontekstdən çıxararaq sənədli filmində istifadə etdiyi üçün, quruma qarşı 1 milyard dollarlıq təzminat iddiası qaldırmağa hazırlaşır.
14 noyabra qədər vaxt verilib
Trampın hüquq komandası BBC-yə göndərdiyi xəbərdarlıq məktubunda qeyd edib ki, 6 yanvar 2021-ci il tarixli çıxışdan götürülən videonun “yanıltıcı şəkildə montajlandığı” sübut olunub. Çıxışın tam versiyasında isə Tramp tərəfdarlarını Konqresə “sülhpərvər və vətənpərvər şəkildə” yürüməyə çağırmışdı.
Bildirilir ki, BBC 14 noyabra qədər sənədli filmi düzəltməsə və ya efirdən çıxarmasa, 1 milyard dollarlıq məhkəmə iddiası rəsmi şəkildə qaldırılacaq.
BBC-dən verilən açıqlamada isə məktubun araşdırıldığı və “uyğun zamanda” birbaşa cavab veriləcəyi bildirilib.
The Telegraph qəzetinin 3 noyabr tarixli məlumatına əsasən, BBC-nin Panorama proqramında 28 oktyabr 2024-cü ildə yayımlanan “Trump: İkinci bir şans?” adlı sənədli filmdə Trampın 2021-ci ildə Konqres basqını öncəsi etdiyi iki fərqli çıxış birləşdirilərək tək nitq kimi təqdim olunmuşdu.
Bu montaj nəticəsində Trampın tərəfdarlarına “Konqresə gedin və mübarizə aparın” mesajı verdiyi təəssüratı yaranmış, lakin onun “sülh yolu ilə etiraz edin” ifadəsi filmdən çıxarılmışdı.
Hadisənin üzə çıxmasından sonra BBC-nin baş direktoru Tim Devi və xəbər şöbəsinin rəhbəri Debora Törness istefa veriblər.
Tramp isə istefaların ardından bəyan edib:
“BBC rəhbərliyindəki ən yüksək vəzifəli şəxslər – o cümlədən Tim Devi – mənim 6 yanvar çıxışımı dəyişdirdikləri üçün yaxalanaraq istefa verdilər və ya vəzifədən kənarlaşdırıldılar.”
BBC sonradan Trampla bağlı sənədli filmin montajında “səhv qiymətləndirmə” edildiyini etiraf edərək üzr istəyib.
Mövsüm,
AzNews.az