- Qərb
- 18:28
- 608
İtaliyada fövqəladə vəziyyət elan edilib
İtaliyada sağ koalisiya hökuməti ötən həftə ölkənin qərb və cənub bölgələrini vuran “Harri” qasırğası ilə əlaqədar üç regionda fövqəladə vəziyyət (FV) elan edib və ilkin mərhələdə zərərin aradan qaldırılması üçün 100 milyon avro vəsait ayırıb.
Baş nazir Corcia Meloninin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Siciliya adası, Sardiniya adası və Kalabriya regionunda yaranmış vəziyyət müzakirə olunub.
Baş nazirliyin iclasdan sonra yaydığı yazılı açıqlamada bildirilib ki, Mülki Müdafiə və Dənizçilik Siyasətləri naziri Nello Muzumeçinin təklifi əsasında Nazirlər Kabineti 18 yanvar tarixindən etibarən Kalabriya, Sardiniya və Siciliyanı əhatə edən qeyri-adi meteoroloji hadisələrə görə 12 aylıq fövqəladə vəziyyətin elan edilməsi barədə qərar qəbul edib.
Açıqlamada qeyd olunub ki, “Harri” qasırğası xüsusilə sahilboyu ərazilərdə ciddi dağıntılara səbəb olub, iqtisadi və istehsal fəaliyyəti, dövlət və özəl mülkiyyət, eləcə də infrastruktur və ictimai xidmətlərə ciddi ziyan vurub.
Qasırğadan sonra zərər çəkmiş üç regionun bərpası üçün ilkin tədbirlərin həyata keçirilməsi məqsədilə Milli Fövqəladə Hallar Fondundan bərabər şəkildə bölüşdürülmək üzrə ümumilikdə 100 milyon avro vəsait ayrıldığı bildirilib.
Mövsüm,
AzNews.az