ABŞ və İraq anlaşdı: İran savaşını şəkilləndirən detallar

İraq və ABŞ arasında İraq ərazisinin mülki şəxslərə, təhlükəsizlik qüvvələrinə, strateji obyektlərə, ABŞ personalına və diplomatik nümayəndəliklərə qarşı hücumlar üçün istifadə olunmayacağına dair razılaşma imzalanıb.

AzNews.az xəbər verir ki, İraq Birgə Əməliyyatlar Komandanlığının yazılı açıqlamasına görə, Birgə Ali Koordinasiya Komitəsinin ilk iclası İraq və ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən strateji əməkdaşlıq çərçivəsində keçirilib.

Görüşdə iki ölkə terror hücumlarının qarşısının alınması və İraq ərazisinin heç bir hücum üçün istifadə edilməməsinin təmin edilməsi sahəsində əməkdaşlığı artırmaq qərarına gəliblər.

Tərəflər vurğulayıblar ki, İraq ərazisinin mülki şəxslərə, təhlükəsizlik qüvvələrinə, strateji obyektlərə, ABŞ personalına və diplomatik nümayəndəliklərə qarşı hücumlar üçün istifadəsinə icazə verilməyəcək.

Görüşdə beynəlxalq koalisiya qüvvələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi də vurğulanıb.

İraqı bölgədəki mövcud hərbi münaqişələrdən kənarda saxlamaq üçün qarşılıqlı öhdəlik bir daha təkrarlanıb və ölkənin suverenliyinə tam hörmət edilməli olduğu bildirilib.

İraqın quru, hava və dəniz məkanının qonşu ölkələri və ya regionu təhdid etmək üçün istifadəsinin qarşısının alınması məsələsi də müzakirə olunub.

Görüşdə tərəflər terrorizmə qarşı mübarizədə koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

AzNews.az