Keşişlər də siyasətçi kimi danışır...

Bəli, acı olsa da, belədir...

Ukrayna ilə Rusiya arasında yaşanan siyasi qalmaqalların bir gün mənəvi sferaya da adlayacağı şübhəsiz idi. Odur ki, ötən ildə Rusiyanın pravoslav kilsəsilə Ukrayna kilsəsi arasında yaşanan gərginlik heç də təəccüb doğurmadı.

Prosesin detallarına varmayacağıq. Amma anladığımız budur ki, Ukrayna pravoslav kilsəsi Rusiyanın müvafiq kilsəsinin tərkib hissəsi kimi fəaliyyət göstərirdi və indiki halda – Rusiyanın Ukrayna ilə sözün əsl mənasında müharibə yaşadığı, Krımın ilhaq olunduğu və Şərqi Ukrayanın bəzi bölgələrinin faktiki olaraq Kiyevin nəzarətindən çıxdığı durumda bunun belə davam etməyəcəyi aydın idi.

Amma Yeni il ərəfəsində rus pravoslav kilsəsinin patriarxı Kirillin çox qısa bir müsahibəsini dinlədik. Qənaətimiz nə oldu? Sovetlərin vaxtında bütün din adamlarının dövlətin müvafiq təhlükəsizlik strukturları ilə bağlı olduğunu bilirdik, amma indiki dövrdə kilsənin mövqeyilə dövlətin mövqeyi arasında bu qədər yaxın bağlılığın olacağını düşünmürdük.

Fikirləşirdik, kilsə adamlarının ukraynalı parvoslav qardaşlarına münasibəti azacıq da olsa, Kremlinkindən fərqli olacaq, zira yox, heç də belə deyilmiş. Hətta belə görünür ki, 1991-ci ildə sovetin parçalanması nəticəsində o dövrün hakimiyyətlərinin bu prosesdən irəli gələcək bəzi məqamlara qarşı münasibəti sən demə, daha loyal imiş. İndi isə rus pravoslav kilsəsi Ukraynadakı kilsələri və monastrları öz əmlakı bilir, ukraynalı qardaşları üçün belə hüququ ümumiyyətlə, nəzərdə tutrmurlar.

Bəli, acı olsa da, belədir. Bilirsiniz, ruslar arasında, - istər siyasət, istərsə də din adamları olsun, - qəribə “iki ölçülü təfəkkür” hökm sürür. Bu adamların qayəsi yalnız həmin ölçülərin genişlənməsi, Rusiya sərhədlərinin şişməsidi. Təsəvvür edin, Rusiyanın əyalətləri, əsasən də kəndləri boş qalıb, onun coğrayifası vur-tut iki yüz milyon (uzağı!) təşkil edən bir xalq üçün çox böyükdür, bu coğrafiya hətta iki milyard əhaliyə belə bəs edərdi.

Amma nə baş verir? Bunların gözü Ukraynada, Belarusda, Cənubi Qafqazda və digər bölgələrdədir. Özləri də görürlər ki, ərazisi qat-qat az olan ölkələr daha güclü dövlətə və daha varlı cəmiyyətə malikdirlər.

Deməli, məsələ tək ərazinin böyüklüyündə deyil, ondan nə dərəcədə effektiv istifadə etməkdədir. Rusiyanın siyasət və politologiya insanları “effektiv” sözünü vurğulamağı sevirlər, amma nə dövlət quruluşları, nə də ki, iqtisadi modelləri effektiv meyarlar üzərində qurulmayıb.

Odur ki, stabil bir inkişaf zolağına çıxa bilmirlər – Dünya çapındakı mövqelərini yalnız nüvə başlıqlarının sayını artırmaqla saxlamağa və tək hərbi diplomatiyanın köməyilə məqsədlərinə çatmağı düşünürlər.

Amma bu artıq bir dəfə olubdur – sovetlər də belə edirdi. Nəticəsi nə oldu?

Bəli, hazırda iqtisadi modelin tamamilə fərqli olduğunu demək olar. Fəqət, yenə də effektivlik və modernlik məsələsi yada düşür ki, bunları onun iqtisadiyyatı haqqında qətiyyən demək olmur; mülkiyyət münasibətlərinin dəyişməsi hələ əsl kapitalizm və effektiv iqtisadiyyat demək deyil. Bir qrup oliqarxın ölkənin altını –üstünü talaması heç də müasir, modern iqtisadiyyat demək deyil. Bu oliqarxlar kriminal aləmin adamları kimi ölkəni “nüfuz sferaları”na bölüblər, hər şeydə öz monopoliyalarını yaradıblar, sərvət talanır və əldə edilmiş böyük pullar ölkədən xaricə,- bu adamlar hətta yaşanaq üçün Rusiyanı layiq bilmirlər.

Bəli, düşünmək olardı ki, insanlar savadlandıqca, azadlıqlar çoxaldıqca bütün bu problemlər gündəmə gələcək, amma yox, ölkə iqtisadiyyatındakı eybəcərliklər ən yaxşı halda müvafiq təhlükəsizlik strukturların predmetinə, adi haldasa müxtəlif oliqarx qrupların “razborka” məsələsinə çevrilir; kimsə düşünmür ki, bütün bu problemlərin iqtisadi həlləri də var, onları monopoliyanı aradan qaldırmaqla, rəqabəti və iqtisadi azadlıqları artırmaqla həll etmək olar.

Bunları qəti düşünən yoxdur. Əvəzində Ukraynada, hətta Suriyada nə qədər desən, vuruşmaq istəyən var. Hamısı da nədən ötrü? Rusiya daha böyük olsun. Halbuki kimsə düşünə bilərdi ki, Rusiyanın bir problemi də bəlkə onun böyüklüyündədir-böyük coğrafiyaların böyük də problemləri olur...

Qərəz, rasional düşüncə tərzi, rasional siyasət və iqtisadiyyat heç də hər yerdə bərqərar olmayıbdı. Ölkələr var ki, burada onların bərqərar olması ümumiyyətlə, mümkün görünmür.

Təəssüf ki, belə ölkələrdən biri də elə Rusiyadır – bəli, ağılla dərk olunmayan, arşınla ölçülməyən Rusiya. Bəzi ölkələrin də problemi ondadır ki, onlar Allahdan nə qədər uzaqdırlarsa, Rusiyaya bir o qədər yaxındırlar...

Hüseynbala Səlimov
AzNews.az