Hər mitinqdən sonra müxalifətdə böyük bir məyusluq yaranır... Hər mitinqdən sonra müxalifətdə böyük bir məyusluq yaranır...

Söyüşcül “müxalifət”dənsə...

Hər mitinqdən sonra müxalifətdə böyük bir məyusluq yaranır...

Müxalifətin mitinqi baş tutdu. Nə qədər qəribə olsa da, burada həm hakimiyyəti, həm də müxalifəti razı salacaq məqamlar vardı: mitinq nə hakim partiyanı təlaşlandıracaq dərəcədə izdihamlı və güclü olmadı, nə də müxalifətin özü üçün tamamilə utandırıcı şəkildə keçmədi – bir neçə min nəfər azərbaycanlı qardaşlarımız illərlə eşitdiklərini və gördüklərini bir daha eşitmək və görmək üçün meydana toplaşmışdılar...

Amma pozitiv məqamlar təkcə bununla da məhdudlaşmır. Müxalifətçilərin çağırış və bəyanatlarında mübahisəli məqamlar çox olsa da, hər halda, bir məsələ Gün kimi aydındır: söyüşcül, heç bir etik və hüquqi çərçivə bilməyən “müxalifət”dənsə bu, daha yaxşıdır. Ona görə ki, son bir-iki ildə söyüş və təhqirlər ictimai mühiti tamamilə inhisarına almışdı, ictimai diskussiyalar əvəzinə söyüş baş alıb gedir, Azərbaycandan kənarda qərarlaşan və özünü “müxalifət” adlandıran çox məhdud bir qrup sözün əsl mənasında at oynadırdı.

O ki qaldı başqa vacib məqamlara, nə hakimiyyət, nə də müstəqil jurnalistlər və təhlilçilər müxalifətin güclənməsi imkanlarını və yollarını araşdırmağa borclu deyillər, bunu onlar özləri etməlidirlər.

Elə bu sonuncu mitinq də bir daha göstərdi ki, müxalifətimiz ya belə cəhdlərdə bulunmur, ya da onların bu səmtdəki səyləri bir nəticə vermir.

Bayağılığı ilə dərhal diqqət cəlb edən bir sıra “tənqid” istiqamətləri var ki, bu, xüsusən də özünü xarici siyasətlə və əsasən də iqtisadiyyatla bağlı “tənqidi fikirlər”də biruzə verir.

Son illərin təcrübəsi və müşahidələri göstərir ki, hakimiyyət həmin sferalarda o qədər dərinə gedib, o qədər ixtisaslaşıb ki, müxalif düşərgənin bu məsələlərlə bağlı iradları tamam gülünc görünür və dərhal hiss olunur ki, müxalifət kəsimi həmin sahələrdə tamamilə diletantdırlar.

İnsanlar da ondan gileylənir ki, siyasi müstəvidə ideoloji mübarizə qalmayıb; müxalifət partiayaları ya yaltaqlıqla məşğuldurlar, ya da ki, qaragüruhçuluqla. Həqiqətən də belədir; ideoloji kasadlıq o qədər qabarıq görünür ki, bu cür iradlarla razılaşmamaq olmur. Bir vaxt siyasi modaya uyğun olaraq partiyalar özlərini liberal - qərbçi, sosial-demokrat, daha nə bilim, nə adlandırırdılar...

İllər keçdi, moda çəkildi və bizim partiyalar da tamam quru yerdə qaldılar, çünki artıq özləri şəraitə adekvat olaraq nəsə etməli, proqram və məramnamələrini yeni şəraitə adekvat korrektə etməlidilər.

Di gəl, onlar bu yolu yox, bayağı qaragüruhçuluq yolunu tutdular, nəticədə də marginal qruplara çevrildilər. Amma ki, bütün hallarda bir daha qeyd edirik ki, Avropada qərarlaşan bir-iki söyüşcül adamdansa yenə də bunlar daha yaxşıdır.

Üstəlik, onu da qəbul etməliyik ki, yunan filosoflarının təbiətlə bağlı dedikləri “Təbiət boşluğu sevmir” sözləri ideoloji mühit üçün də düzdür: siyasi mühit də boşluğu sevmir, daim hansısa təmayül və cərəyanlar onu tutmağa can atır. Bunların arsında isə bayağı dərəcədə radikal olanlar və heç bir cərçivə tanımayanlar heç də az olmur.

O ki qaldı nisbətən mötədil müxalifətin daha bir iradına ki, bizə güclənməyə imkan vermirlər, bu da spekulyasiyadan başqa bir şey deyil. Dünyanın heç bir yerində heç kim özünə qarşı müxalif olanları, siyasi opponentləri gücləndirməyə çalışmır, əks təqdirdə bu, tamam məntiqsiz bir addım olardı.

Odur ki, bunun yollarını onlar özləri tapmalıdırlar və bizə elə gəlir ki, hər mitinqdən sonra müxalifətdə bununla bağlı böyük bir məyusluq yaranır, çünki özləri də görürlər ki, yeni cəmiyyətin siyasi kumirlərinə çevrilmək üçün onların heç bir şansı yoxdur: savad sarıdan tamam geri qalıblar, etik etalon olmaq sarıdan da artıq yararlı deyillər, çünki bu illər ərzində o qədər çirkaba bulaşıblar ki, daha onlar haqqında “Bəli, bunlar təmiz adamlardır” deyənlər də yoxdur...

Qərəz, güclənmək yollarını aramağı bu adamların öz öhdəsinə buraxmağa qərar versək də, yenə də bəzi istiqamətləri qeyd etməkdən özümüzü saxlaya bilmədik: savadlanmaq, təmizlənmək, yüksək etik dəyərləri ayağa verməmək – bunları etsələr, ola bilsin, nə vaxtsa onlar yenidən cəmiyyətin bir hissəsinin etimadını qazana bilərlər. O ki qaldı bayağı “mübarizə” üsuluna, söyüşə-təhqirə, insanlarımız şükr ki, elə də mənəviyyatsız və savadsız deyillər ki, belə təsirlərə açıq olsunlar – yox, belə şey yoxdur və gələcəkdə də olmayacaq...

Hüseynbala Səlimov
AzNews.az