Növbə artıq İrəvanındır... Növbə artıq İrəvanındır...

Ən vacib geosiyasi mesaj da Davosdan gəldi...

Növbə artıq İrəvanındır...

Bizim insanlar daha çox Davos İqtisadi Forumunun biznes qiymətləndirmələri, yüksək səviyyəli işgüzar görüşlərlə diqqət çəkməsinə alışsalar da burada adətən, siyasətsiz də keçinilmir. Əks təqdirdə çox təəccüblü olardı ki, dünyanın dövlət və hökumət başçılarının cəmləşdiyi bir Forum siyasətsiz ötüşsün. Jurnalistlər də bunu çox yaxşı bilirlər, ona görə də ən müxtəlif ölkələrin dövlət və hökumət başçılarından mühüm siyasi, hətta geosiyasi açıqlamalar almaq fürsətini əldən vermirlər.

Azərbaycanın dövlət başçısı ilə bağlı da belə oldu – Prezident İlham Əliyev özünün ən mühüm siyasi açıqlamalarından birini məhz burada verdi.

Bəli, uzun bir müddət idi ki, Azərbaycan–KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), Azərbaycan–Avrasiya İqtisadi Birliyi müstəvisində ən müxtəlif fərziyyələr səslənirdi. Daha nələr deyilmir və hansı ehtimallar səsləndirilmirdi? Ən çox da narahatlıq və bir azacıq da təlaş doğuran məqam budur ki, bəziləri hələ də Rusiya ilə Azərbaycan arasındakı əlaqələri qənaətbəxş hesab etmir, ən başlıcası da on illərdir ki, davam edən Dağlıq Qarabağ probleminin həllini də məhz ölkəmizin yuxarıda sadalanan qurumlara üzv olması ilə bağlayırlar...

Müzakirələrin və ehtimalların pik nöqtəsi ötən ilin dekabr ayında KTMT-da müşahidəçi və partnyor-dövlət statuslarının təsis edildiyi bir vaxta təsadüf etdi. Açıq şəkildə belə fərziyyələr irəli sürülürdü ki, guya bu statuslar o cümlədən də Azərbaycan üçün təsis edilir.

Amma budur, Prezident bir açıqlaması ilə bütün bu gümanlara son qoydu və bildirdi ki, Azərbaycanın KTMT-da hər hansı status alması ölkədə müzakirə predmeti deyildir.

Düşünürük ki, heç olmasa, bundan sonra bəzi dairələrin bizi Rusiya ilə daha “sıx inteqrasiya” çağırmasına son veriləcək, çünki birinci şəxsin açıqlaması bu mövzuda ən mötəbər bir mənbə hesab edilməlidir.

Kiçik bir müqayisəyə müraciət edək. Baxın, N.Paşinyanın Davosdan Moskvaya yollanacağı deyilir. V.Putinin mətbuat katibi ən son günədək prezidentin qrafikində N.Paşinyanla görüşün nəzərdə tutulmamasını desə də, erməni baş nazirin Moskvada bir “missiyası da vardır: ölkəsi bu il Avrasiya İqtisadi Birliyinə başçılıq etməlidir.

Amma qəti düşünmürük ki, bu perspektiv N.Paşinyanın ürəyini açmış olsun; müxalifətdə olan vaxtlar Nikol müəllim daima o dövrün hökumətini Rusiyanın səmərəsiz və perspektivsiz layihələrinə aludə olmaqda ittiham edirdi. İndi onun özünü də bununla bağlı tənqid atəşinə tutacaqlar.

Mən hələ onu demirəm ki, bu qurumlarla bağlı erməni baş nazirinin “şəxsi problemləri” də var; MDB liderləri ona ciddi münasibət sərgiləmir, hətta bir az şübhə ilə yanaşırlar. Eyni münasibət elə Putinin özü də tərəfindən müşahidə olunur; Rusiya prezindeti Paşinyanı seçkidə qalib gəldiyinə görə ən son anda “təbrik” etdi və erməni baş naziri Kremli tərk etməyə macal tapmamış V.Putinin R.Koçaryana da təbriklər ünvanlaması haqqında xəbərlər yayıldı.

Amma bunun müqabilində rəsmi Bakı nə nümayiş etdirir? Prezident İ.Əliyevin son açıqlaması göstərdi ki, İrəvandan fərqli olaraq Bakı heç bir vurnuxma, heç bir narahatlıq yaşamır, Azərbaycan-Rusiya əlaqələri hətta indiki durumunda belə yetərincə stabil və dayanıqlıdır – ciddi təhlilçilər heç bir halda indi və ya gələcəkdə iki ölkə arasında hər hansı “çat”ın yaranmasını hətta nəzəri cəhətdən fərz etmirlər. “Çat” böyük bir ehtimalla Moskva ilə İrəvanın arasında mümkündür, hətta realdır və biz onu faktiki olaraq müşahidə edirik.

Amma Bakı İrəvana da şans verir. N.Paşinyan baş nazir olan kimi Dağlıq Qarabağ danışıqlarının Bakı ilə oyuncaq “DQR” arasında getməli olduğunu desə də, Davosda onun İ.Əliyevlə ikinci qeyri-rəsmi görüşü baş tutdu. Düşünürük ki, rəsmi görüşlər də uzaqda deyil...

Ötən il Düşənbədə baş tutmuş ilk görüşdən sonra Bakı İrəvanın seçkilər keçirməsinə mane olmadı, halbuki Dağlıq Qarabağ hərbi teatrında azacıq gərginlik yaratmaqla Ermənistandakı siyasi vəziyyəti mürəkkəbləşdirmək olardı–hamıya yaxşı məlumdur ki, bu ölkədə kövrək bir siyasi tarazlıq hökm sürür və onu pozmaq elə də çətin iş deyil.

Amma Bakı bunu etmədi və indi də etmir, əksinə, bir az əvvəldə dediyimiz kimi, Ermənistanın yeni hakimiyyətilə konstruktiv əməkdaşlığa hazır olduğuna işarə edir.

İndi növbə artıq İrəvanındır. Gözlərinin önündə ən azı Bakı–Tbilisi nümunəsi və birlikdə ən çətin problemləri belə, həll etməyin əyani sübutu var.

Bir baxsınlar, görsünlər ki, onlara nə sərf edir: “Böyük Ermənistan” deyə-deyə dünyanın hər yerinə səpələnmək, mühacir həyatı yaşamaq, yoxsa Ermənistanı tədricən yaşamaq üçün yararlı bir ölkəyə çevirmək?..

Hüseynbala Səlimov
AzNews.az