İndi müxalifət təmsilçiləri çaşqınlıq içərisindədir. İndi müxalifət təmsilçiləri çaşqınlıq içərisindədir.

Perspektivsizlərin sükutu...

İndi müxalifət təmsilçiləri çaşqınlıq içərisindədir.

İnkar etmək olmaz ki, müxalifətin radikallaşması üçün kimlərsə tərəfindən-şəxsən partiya birinciləri, yaxud xaricdən qaranlıq bir əl olsun-nəsə bir fəaliyyət planı cızılmışdı, lakin yaşanan gözlənilməzliklər həmin fəaliyyətin qarşısını aldı. İndi isə müxalifət təmsilçiləri çaşqınlıq içərisindədir.

Bu, hakimiyyətin davam etdirdiyi son sosialyönümlü addımlar fonunda baş verir, təbii ki. Çünki hakimiyyətlə mübarizəni müxalifət yox, hakimiyyət udmağa başlayır; müxalifətin tənqid mövzusu kimi yapışmaq istədiyi müxtəlif məsələlər iqtidarın öz iradəsi, uyğun zaman qrafiki ilə bir-bir həll masasına gəlir.

Diqqət edərsək görərik: müxalifət hay-küyünə, emosiyalarına müəyyən qədər fasilə verib. Elə bil ki, prezidentin son qərarlarından öncə “güc” nümayiş etdirmək istəyən, prosesləri başqa məcraya yönəltmək imkanında olmaları iddiasından danışanlar onlar deyildi. İndi isə buna deyərlər, sükut: perspektivsizlərin sükutu!

Sükut niyə başlayır?

Müxalifət dövlət başçısının gözlənilməz, pozitiv gedişləri ilə ayaqlaşa bilmir. O, yeni-yeni etiraz ssenariləri yazmaq istərkən, İlham Əliyev yeni-yeni formatlarda təmaslar gerçəkləşdirir, bu təmaslarda ortaya çıxan təklif və problemlərin həlli üçün real tapşırıqlar verir.

Cəmiyyətin bütün nəzərləri boş, pafoslu bəyanatlar və kəskin tonlu çıxışlara deyil, əlində göstəriş və icra üstünlüyü olan hakimiyyətin addımlarına yönəlib.

Müxalif əhval-ruhiyyəli insanları, onları idarə edənləri məyuslaşdıran faktor burdadır.

İlham Əliyev elə bir sosial paketin icrasına start verib ki, müxalifətin buna alternativ ortaya qoymaq imkanları heçə enib.

Birmənalı belədir ki, şəhid ailəsinin səsi çıxanda, həssas təbəqə etirazçı olanda, müxalifət partiyalarının üzü gülməyə başlayır; çünki əldə bayraq etməyə, özünü radikal aparıb ortaya düşməyə “stimul” yaranır. Müxalifətin əhalini özünə tərəf çəkmək üçün yararlanmaq istədiyi 2 əsas problemdən biri, həqiqətən də şəhid ailələrinin vərəsələrinə verilən birdəfəlik müavinətlər məsələsi, digəri isə problemli kreditlər mövzusu idi. Hər iki məsələ dövlət başçısının iradəsi ilə elə bir formada tənzimləndi ki, əsaslı nəsə irad bildirməyə lüzum qalmadı.

Dövət başçısı təkcə bunlarla kifayətlənməyərək, əməkhaqqı, pensiya, sosial müavinətlər və başqa digər sosial ödənişlərdə əhəmiyyətli artımları nəzərdə tutan sərəncamlar verdi. Və cəmiyyət hər həftə ayrı-ayrı kateqoriyalara ünvanlanmış bu qəbildən olan yeni qərarlarla üzləşməkdə davam edir.

İlham Əliyev bu il üçün islahatların başlanğıcında olduğumuzu deyərək, bir sıra sahələrdə, o cümlədən səhiyyə, məhkəmə və hüquq sahələrində də yeniliklərin olacağını açıqlayıb. Tibbi sığortanın həyata keçməsi artıq gündəmdədir və bunun əhalinin mənafeyinə müsbət təsiri sözsüzdür.

Azərbaycanın yeni bir inkişaf pilləsinə qədəm qoyduğu birmənalıdır. Yaranan yeni iqtisadi resurslar xalqın mənafeyinə yönələrək, onun sosial şəraitində, mənəvi-psixoloji durumunda dəyişikliklər yaratmaqdadır.

Azərbaycanın ədəbi-mədəni, eimi aləminə olan qayğıkeş münasibət faktlarla önümüzə çıxır, ədəbi ictimaiyyətlə son görüşün real nəticələri kifayət qədər konkret tapşırıqlarda bir fərəh hissi yaradır.

Qarşıda maraqlı mənzərə açılıb: bir tərəfdə prezidentlə xalqın, ziyalı hissənin arasındakı bağlar getdikcə möhkəmlənir, digər tərəfdə əlindən tənqid mövzuları alınan müxalifət ümidsiz vəziyyətə düşür, sükuta uğrayır. Ona perspektiv üçün qarşıda geniş üfüqlər açılmır.

Amma bu sükutun ömrünün uzun olacağı da inandırıcı görünmür. Hakimiyyətin hansı islahatlara gedib-getməməsindən asılı olmayaraq, müxalifətin fəallaşma üçün bəhanələr axtarışı mütləq olacaq. Niyə? Çünki müxalifətin ayaqda qalması elə saxta himanizmə, problem düşünən kimi görünməyə, insana qayğıkeşlik kimi yalan təqdim olunmağa, yəni süni fəallaşmalara bağlıdır...

Elman Babayev